Bank işçiləri Həcc ziyarətinə gedə bilməz - Ekspert rəyi

08.08.2015 12:40     Sosreaksiya     2338

Məlum olduğu kimi Azərbaycanda 2015-ci ilə aid olan Həcc ziyarətinə səfərlər sentyabrın 11-dən başlayacaq. Həcc ziyarətinə getmək üçün müsəlmanların müəyyən şərtlərə cavab verməli olduqları bilinən gerçəkləndirilməlidir. Borcla, haram pulla ziyarətə getmək düzgün hesab edilmir.

Kredit götürərək Həccə getmək absurd bir  şeydir

“Reaksiya”ya açıqlama verən ilahiyyatçı alim Əkrəm Həsənov bildirdi ki, borcla ibadət etmək düzgün deyil. Borca girib qurban kəsmək, maşın alıb Həccə getmək, ümumiyyətlə, borcla ibadət etmək düzgün deyil. Kredit götürüb borca girərək Həccə getmək, yaxud krediti olduğu halda Həccə getmək absurd bir  şeydir. Borcu olduğu halda Həccə getməkdənsə, öncə borclarını ödəmək daha yaxşı olar. Çünki səfər zamanı, yaxud ümumiyyətlə, borcu ödəyib bitirmədən dünyalarını dəyişərlərsə, o biri dünyaya borclu gedərlər. Bu da dində qəbul edilən hal deyil.

Bank işçiləri Həcc ziyarətinə gedə bilərmi?

Faiz İslam dininə əsasən günah hesab edilir. Hüquqşünas Əkrəm Həsənov “Reaksiya”ya açıqlamasında qeyd etdi ki, bank sistemində işlədiyinə görə uzun illər Həcc ziyarətinə gedə bilməyib: “Mən 10 il bank sistemində işləmişəm. Bankdan qazanılan pul haram hesab edildiyinə görə, bu müddət ərzində Həcc ziyarətinə getmədim. Yalnız bankdan çıxdıqdan sonra ziyarətə getdim”.

Kredit şöbəsində işləyənlər Həccə gedə bilməz

Bank işçilərinin maaşlarının haram olub-olmadığına aydınlıq gətirən ilahiyyatçı alim Əkrəm Həsənov bank sistemində işləyənlərin Həcc ziyarətinə getməsi ilə bağlı din alimlərinin təzadlı fikirlərə sahib olduğunu bildirdi: “Bəzi alimlər ümumiyyətlə bankda işləməyi düzgün hesab etmirlər. Bir qrup din alimləri isə düşünürlər ki, faiz olmayan şöbələrdə işləmək olar.  Çünki bu işçinin zəhmət çəkərək tam halal qazandığı maaşdır”.

Bank sektorunun müxtəlif şöbələrinə görə bu məsələnin dəyişdiyini bildirən ilahiyyatçı  xüsusilə kredit şöbəsində çalışanların qazancının haram olduğunu bildirdi: “Bir insan faiz olan şöbədə, yəni kredit şöbəsində işləyirsə, bəli alimlər düşünürlər ki, o şəxsin qazancı haram sayılır. Amma digər şöbələrdə işləyirlərsə, haram hesab edilir. Ümumiyyətlə alimlər düşünürlər ki, əgər sənin başqa seçimlərin varsa, bankın kredit şöbəsində işləmək düzgün deyil. Dediyim kimi bu məsələdə alimlər arasında fikirlər müxtəlifdir”.

Son olaraq qeyd edək ki, Azərbaycanda Həcc ziyarəti üçün səfərə gələn ayın 11-də start veriləcək. Bu müqəddəs ziyarətdə iştirak etmək istəyənlər sənədləri avqustun 20-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) qədər təqdim edə bilərlər.


Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.

Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər ki, bu il Həcc ziyarəti üçün ayrılmış 2400 yerlik kvota hələ tam dolmayıb.

Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları isə AZAL həyata keçirəcək.

 

 

Şərhlər

Çox oxunanlar