Ət labaratoriyadan keçirildikdən sonra satılacaq – xəbərdarlıq
06.06.2018 13:59 Sosreaksiya 796
Qida Təhlükəsizliyi Agentliyi ət kəsimi ilə məşğul olan sahibkarlara müraciət edib.
Reaksiya.az xəbər verir ki, bu barədə Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən məlumat verib.
Müraciətdə bildirilir:
“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması proseslərində iştirakına yüksək qiymət verir. Eyni zamanda nəzərə almaq lazımdır ki, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir. Ona görə də, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında ət kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün ət kəsimi məntəqələrinin əhalinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik normalara uyğun formada fəaliyyətini həyata keçirməsi zərurəti meydana çıxır. Hazırkı şəraitdə bu sahədə səliqə-səhmanın yaradılması üçün sanitar gigiyenik tələblərə cavab verən mərkəzləşmiş ət kəsimi məntəqələrinin yaradılmasına ehtiyac var.
Hesab edirik ki, əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunmasında nəticə əldə etmək üçün bu istiqamətində fəaliyyət göstərən sahibkarlarlıq subyektlərinin sahənin inkişafına öz tohfələrini verməsinin əsl vaxtıdır”.
Müraciətdə bildirilir ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu istiqamərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün lazım olan bütün köməkliklər həyata keçiriləcəkdir: “Ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçiriləcək və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunacaq. Ona görə də yeni ət kəsim məntəqələrinin yaradılması və həmin kəsim məntəqələrinin xidmətlərindən istifadə olunması sahəsində hər birinizi müasir, günün tələblərinə cavab verən sahibkarlıq fəaliyyətinə dəvət edir, bu istiqamətdə tövsiyə xarakterli yardımların göstərilməsinə hazır olduğumuzu bildiririk.
Unutmaq olmaz ki, insanların sağlam qida məhsulları ilə təmin olunması, qida təhlükəsizliyi şəraitində yaşaması sosial rifahı təşkil edən əsas amillərdən biridir”.
Şərhlər