Şamaxını SEL APARDI - Yollar bağlandı, maşınlar su içində qaldı

12.06.2018 11:55     Sosreaksiya     980

İki gündür Şamaxıya yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları rayonun Mədrəsə kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bağlanmasına səbəb olub. Sel suları qəflətən yolu basaraq orada böyük gölməçə yaradıb.

Çökək ərazidən keçən yol və oradakı avtomobil körpüsünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün kəndə gedib-gələn avtomobillərin hərəkəti məhdudlaşıb.

Sürücülərin sözlərinə görə, hər dəfə rayona güclü leysan yağışları yağanda kəndin körpüsünü su basaraq yolu bağlayır, avtomobillər saatlarla yolda qalır. Sakinlər bildirib ki, qəfildən gələn sel suları iri və xırda buynuzlu heyvanlar üçün də təhlükə yaradıb. Körpünü keçmək istəyən bəzi sürücülərə ciddi ziyan dəyib, mühərriki sıradan çıxan avtomobillər suyun ortasında qalıb. Mədrəsə kəndindən rayon mərkəzinə sərnişin daşıyan avtobus da, mühərriki sıradan çıxdığı üçün suyun ortasında qalıb.

Avtobusda olan sərnişinlər bir saat suyun ortasında gözləməli olub. Kənd sakinləri tərəfindən əraziyə çağırılan texnika vasitəsi ilə avtobus sudan çıxarılıb, sərnişinlər başqa avtomobillərlə yola salınıb.

"Şamaxıda güclü leysan yağışından sonra kəndlərdən mərkəzə gedən yollarda yaranan problemlər aradan qaldırılıb".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar