"12 MANATA OLAN ƏTİ YARMARKADA 7 MANATA SATIRLARSA... " - TƏHLÜKƏ

12.06.2018 14:19     Sosreaksiya     773

"Kənd Təsərrüfatı Nazirliyinin ətin və digər qida məhsullarının qiymətləri ilə bağlı qayda müəyyən etmək, sahibkarlar üçün konkret qiymət diktə etməyə ixtiyarı yoxdur”.
 
Bu barədə "Sherg.az”a Ramazan bayramından əvvəl paytaxtda təşkil olunacaq yarmarkalarda mal və qoyun əti qiymətinin maksimum 7 manat olacağı barədə fikirlərə münasibət bildirərkən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib.
 
Onun sözlərinə görə, xüsusi mülkiyyətlə məşğul olan fermerə məhsulunu konkret qiymətə satması ilə bağlı məhdudiyyət qoyula bilməz:
 
 
"Yarmarkaların qiymət siyasətini mən hər zaman tənqid etmişəm. Çünki məsələn, digər bazarlarda 12 manata olan əti yarmarkada 7 manata satan fermer ya sağlam düşünə bilmir, ya da təhlükəli ət satır. Bu, bazar iqtisadiyyatına ziddir.
 
Kənd Təsərrüfatı Nazirliyi bazarlarda elə rəqabət yaratmalıdır ki, qiymətlər avtomatik aşağı düşsün. Hazırkı şəraitdə bazarlarda rəqabət yoxdur. Qiymətlərin birdən- birə bu dərəcədə enəcəyi ilə bağlı tezislərin heç bir əsası yoxdur”.
 
Bayramqabağı yarmarkalara çıxarılacaq 10 tona yaxın ətin keyfiyyətinə gəlincə, E.Hüseynov bu barədə araşdırma aparılmadığını vurğulayıb:
 
"Bir dəfə yüksələn qiymətlərin, sonradan enməsi çox çətindir. Ətin qiyməti bazarlarda artıq qalxıbdır. Onu belə süni yollarla endirmək mümkün deyil. Hətta tək Ramazan bayramında deyil, avqust ayında olacaq Qurban bayramına da nazirlik bu cür hazırlaşır. Bazarlara çıxarılan 10 ton ətin mənbəyi bizə məlum deyil. Ola bilər, Hindistandan kiloqramı 3 manat 50 qəpiyə olan mal ətini alıb, bizdə 7 manata satacaqlar. Amma Azərbaycanda fermer təsərrüfatlarında yetişdirilən mal-qaranın ətinin bu qiymətə satılması mümkün deyil”.
 
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, bayramqabağı yarmarkalara 10 tona yaxın ət çıxarılacaq və bununla da süni qiymət artımının qarşısı alınacaq. Ətin 1 kiloqramının qiyməti 6-7 manat arasında dəyişməsi bazarlara da təsir edəcək və paytaxtın digər nöqtələrində də ət satanlar məcbur olub qiyməti salacaqlar.
 

Şərhlər

Çox oxunanlar