Külək İsmayıllıda evlərə ziyan vurdu, 60 kənd işıqsız qaldı

20.06.2018 13:12     Sosreaksiya     752

“İyunun 17-də rayon ərazisində müşahidə edilən hava şəraiti ilə bağlı bəzi tikililərin dam örtüyü zədələnib, yaşayış məntəqələrinin elektrik enerji kəsilib. Ən böyük ziyan isə Çəmənli kəndində bir evə dəyib”.

Bu barədə  İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev məlumat verib.

R.Ağayev bildirib ki, güclü külək səbəbindən ən çox Çəmənli kəndindəki evlər zərər görüb: “Təbii hadisə nəticəsində 20-ə yaxın ev və həyətyanı tikilinin dam örtüyü zədələnib. Dam örtüyünə dəyən ziyan 10 kvadrat metrdən çox deyil. Bu tikililərin çoxunun istismar müddəti ya bitib, ya da tikinti qaydalarına əməl edilməyib. Lakin Çəmənli kəndində 1 evin dam örtüyü tamamilə dağılıb. İkimərtəbəli evin əşyaları da tamamilə zərər görüb. Orada yaşamaq mümkün deyil. Xoşbəxtlikdən hadisə nəticəsində ev sakinlərindən xəsarət alan olmayıb. Bir il əvvəl həmin evdə yanğın baş vermişdi. Evin təmiri təxminən bir ay idi başa çatmışdı, indi də belə bir hadisə baş verib. O vaxt da İcra Hakimiyyəti ailəyə dəstək olmuşdu. Bu dəfə də əlimizdən gələni edəcəyik”.

R.Ağayev onu da bildirib ki, hadisə nəticəsində 60 kəndin elektrik enerjisi kəsilmişdi.

“Demək olar ki, bütün yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa edilib. Ola bilər ki, bəzi məhəllələrdə problem qalsın. Onlar da qısa zamanda aradan qaldırılacaq”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar