Novella Cəfəroğlu: “Elçibəy prezident seçilən gecə bizim evdəydi”

20.06.2018 14:12     Sosreaksiya     767

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətində prezident Əbülfəz Elçibəyin 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib. Tədbirdə Əbülfəz Elçibəyin silahdaşları – milli-azadlıq hərəkatının üzvləri, vətəndaş cəmiyyətinin fəalları iştirak edib.

Yığıncağı açan cəmiyyət sədri Novella Cəfəroğlu bildirib ki, Əbülfəz Elçibəyin çağdaşı olmaqdan qürur duyur: “Biz Əbülfəz Elçibəylə uzun müddət dost olmuşuq. Sovet rejiminin ən qatı dönəmlərində o, bizə Ordubadda Azərbaycan Xalq Cümhuriyyətindən, sovet işğalından, Güney Azərbaycandan, üçrəngli bayraqdan danışırdı. O görüşlərin hamısı gizli keçirilirdi. Zaman keçdikcə bu ideyalar Azərbaycan milli-azadlıq hərəkatının ideologiyasına çevrildi, biz Elçibəyin liderliyi ilə Azərbaycanın müstəqilliyini bərpa etdik. Bu gündən baxanda böyük fəxr hissi keçirirəm ki, o günləri yaşamışım, o mübarizədə mənim də payım var”.

Novella Cəfəroğlu xatirələrini danışarkən Əbülfəz Elçibəyin prezident seçildiyi 1992-ci ilin 7 iyununu da yada salıb: “Seçki günü Elçibəy bizə gəldi. Qərargahda oturmaq istəməmişdi. Heç kimə də yerini bildirməmişdi. Həyat yoldaşım Vilen Markoviç, mən, Elçibəy seçkini izləmədən saatlarla söhbət etdik. Axşam Mərkəzi Seçki Komissiyasının ilkin rəqəmlərini çatdırmaq üçün Sabit Bağırovla Pənah Hüseyn də gəldilər. Sabit bəy deyəndə ki, ilkin rəqəmlərə görə, 58 faizə qədər səs yığmısız, dedi, çox yaxşı, əsl demokratik seçki keçirmisiz. Onlar bir az oturub getdilər. O, çox sakit idi. Amma mən də, Vilen Markoviç də özümüzü itirmişdik. Təsəvvür edin, ölkədə təlatümlər səngiməyib, Azərbaycan prezidenti evimizdədir, nə qoruma var, nə mühafizə... Zarafatla dedim ki, indi biz sənə necə müraciət edəcəyik – prezident bəy? Süfrə açdıq, səhər açılana qədər həmişəki kimi söhbətlər, müzakirələr... Bəy 1-2 saat yatdı, biz yoldaşımla həyəcandan yata bilmirik. Hər an təxribat, təhlükə ola bilərdi. Mən səhər yeməyi hazırlayanda yoldaşım gəldi ki, Novella, balkondan baxdım, bütün evi silahlılar mühasirəyə alıb. İndiyə kimi o çaşqınlığım yadımdadır. Tez mən də pəncərədən baxdım. Onlarla silahlı binamızın həyətində idi. Əbülfəz bəyə heç nə demədik. Masaya əyləşəndə dedim ki, deyəsən, sənin dalınca Kreml adamlar göndərib – ev müsahirədədir. Dedi, heç nə olmaz, yeməyimizi yeyək, aparanda heç olmasa ac getməyək. Onun sakitliyinə məəttəl qalmışdım. 5-6 dəqiqə sonra Bəyin qardaşı Əlimurad gəldi, dedi, İsgəndər Həmidov mühafizəni təşkil edib. Səni qərargaha onlar aparacaq. Onda ürəyimiz yerinə gəldi. Bizim dostluğumuzu Heydər Əliyev də qiymətləndirirdi. 1994-cü ilin yayında Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Zevin küsəsindəki ofisinin Neftçilər prospektinə açılan pəncərəsinə Elçibəyin şəklini vurmuşduq. Düşünün, Elçibəyin adı az qala ölkədə yasaq, televiziyalar anticəbhə kampaniyasını davam etdirir, biz onun şəklini mərkəzi küçəyə vurmuşuq. Heydər Əliyev şəkli görüb soruşmuşdu ki, bura haradır? Bizim onunla Moskvadan tanışlığımız vardı, demişdilər, Novella Cəfəroğlunun. O da yanındakılara demişdi ki, mənim heç vaxt belə dostum olmayıb”.

Əbülfəz Elçibəyin silahdaşı, milli-azadlıq hərəkatının öncüllərindən Arzu Səmədbəyli isə çıxışında onun yaratdığı dəyərlər sistemindən, şəxsi keyfiyyətlərindən danışıb: “Nə mutlu bizə ki, bizim Elçibəy kimi liderimiz olub. O, çevrəsindəkilərə çox böyük dəyər verən insan idi. Deyirdi ki, siz hamınız çox böyük olduğunuz üçün bir-birinizə dəyər verə bilmirsiniz. Amma bu tərif həmin insanların üzərinə böyük məsuliyyət qoyurdu. Bəy elə bir dəyər idi ki, biz bir addım atanda düşünürdük – Bəy buna nə deyər? Pənah Hüseynin gözəl bir sözü var – Elçibəy o qədər nəhəngdir ki, biz onun kölgəsində 10 dəfə böyük görünürdük, o, getdi, hamımız özümüz boyda qaldıq. Əbülfəz bəyin Azərbaycanla bağlı böyük ideyaları həyata keçmədi. Ömrü buna vəfa eləmədi və ondan sonra demokratik düşərgə böyük boşluq yaşadı. Amma Əbülfəz Elçibəy bizim üçün istiqlal və bütövlük xəritəsi çəkib. O taylı-bu taylı Azərbaycan bu strategiya üzrə hərəkət etməlidir”.

Azərbaycan milli-azadlıq hərəkatının fəallarından, Azərbaycan Xalq Cəbhəsinin təşkilat komitəsinin üzvü, sonradan siyasi fəaliyyətini Azərbaycan Milli İstiqlal Partiyasında davam etdirən Sevil Həmidova isə çıxışında Elçibəyin millət, vətən sevgisindən danışıb:“Onun Azərbaycana sevgisi sərhəd tanımırdı. Mən onu tanıyandan heç zaman onun düşüncəsində Azərbaycanı bölünmüş görməmişəm. Onun üçün Azərbaycan bütöv idi. Əbülfəz Elçibəy millət sevgisini, Vətən sevgisini bizim taleyimizə və beynimizə yazın. Bu gün də onun adı gələndə insanın gözünün qarşısına öncə Azərbaycan gəlir, bayrağımız gəlir. O, canını verməyə hazır idi ki, Azərbaycan dövləti yaşasın. Heç bir qarşılıq gözləmədən, heç bir təmənna ummadan Əbülfəz Elçibəy bütün həyatının millət yolunda fəda elədi. Onun gəncliyə böyük ümidləri vardı. Əminəm ki, Azərbaycan gəncliyi Əbülfəz Elçibəyin birlik, bütövlük, bağımsızlıq ideyalarını yaşadacaq”.

Daha sonra jurnalist Tofiq Türkel, Azərbaycan Qadın Hüquqları Cəmiyyətinin üzvləri, milli azadlıq hərəkatının fəalları Sədaqət Paşayeva, Nabat Qəniyeva, Firuzə Əsədullayeva Əbülfəz Elçibəylə bağlı xatirələrini danışıblar.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar