Kompüter oyunları ilə bağlı sərt qadağa

20.06.2018 15:23     Sosreaksiya     906

Azərbaycan ərazisində dövriyyə və istehlak üçün nəzərdə tutulan kütləvi informasiya vasitələri məhsulları, audiovizual məhsullarla yanaşı, kompüter və digər elektron oyunların da yaş təsnifatı aparılacaq.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisdə I oxunuşda qəbul edilən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, ölkə ərazisində istehsal olunan kompüter və digər elektron oyunların işarələnməsi satışa çıxarılmazdan, istehlakçıya təqdim edilməzdən və ya şəbəkəyə yerləşdirilməzdən əvvəl həyata keçirilməlidir.

 

İnformasiya məhsulunun işarələnməsi informasiya məhsulunun istehsalçısı və ya yayıcısı tərəfindən məhsulun və onun qablaşdırmasının üzərinə müvafiq yaş kateqoriyasına uyğun işarələrdən birinin aydın şəkildə seçilən təsvirini yerləşdirməklə həyata keçiriləcək.

Bu zaman "6 yaşadək" yaş kateqoriyasına uyğun olan məhsulların üzərində çevrədə "6-" işarəsi, "6 yaşdan" yaş kateqoriyasına uyğun olan məhsulların üzərində çevrədə "6+" işarəsi , "12 yaşdan" yaş kateqoriyasına uyğun olan məhsulların üzərində çevrədə "12+" işarəsi, "16 yaşdan" yaş kateqoriyasına uyğun olan məhsulların üzərində çevrədə "16+" işarəsi, "18 yaşdan" yaş kateqoriyasına uyğun olan məhsulların üzərində rombda "18+" işarəsi verilməlidir.

Qeyd edək ki, informasiya məhsulları ölkə ərazisində dövriyyə və istehlak üçün nəzərdə tutulan kütləvi informasiya vasitələri məhsulları, audiovizual məhsullar, kompüter və digər elektron oyunlar, habelə mədəni-kütləvi tədbirlər və telekommunikasiya şəbəkəsi vasitəsilə yayımlanan digər informasiya məhsullarıdır. Uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsulları isə mövzusuna, məzmununa və tərtibatına görə yalnız və ya əsasən yetkinlik yaşına çatmayanlara aid edilən informasiya məhsullarıdır.

Qanunun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar