Müdafiə Nazirliyi: Ordumuzun Naxçıvan istiqamətində keçirdiyi əks-həmlə əməliyyatı Ermənistanı nokauta salıb

27.06.2018 12:04     Sosreaksiya     663

Naxçıvan istiqamətində Ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı Ermənistanı həqiqi mənada nokauta salıb. Ermənistan mətbuatının “Günnüt əməliyyatı”nı növbəti dəfə müzakirəyə çıxarması bunu bir daha sübut edir.

Bunu Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun uğurlu əməliyyat keçirərək 11 min hektar ərazini düşməndən təmizləməsindən sonra Ermənistan media nümayəndələrinin bir qrupunun guya heç bir şey olmamış kimi cəbhənin həmin istiqamətinə səfər etməsi barədə məlumatla əlaqədar  olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirliyin açıqlamasında qeyd olunub: “Azərbaycan əsgərinin vurduğu tərs sillədən özünə gələ bilməyən və məğlubiyyəti həzm etmək iqtidarında olmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqının qorxusundan dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazanmağa çalışır. Azərbaycan tərəfinin azad edilmiş ərazilərdən nümayiş etdirdiyi video-foto çəkilişlərə heç bir tutarlı faktla cavab verə bilməyən Ermənistanın məkanı bəlli olmayan, hansısa dağlıq ərazilərə “press-tur”lar təşkil etməkdən başqa çıxış yolu qalmır.

Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar