Silahlı Qüvvələr Günü münasibətilə təntənəli mərasim keçirilib - FOTOLAR
27.06.2018 11:07 Sosreaksiya 860
Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında təntənəli mərasim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Reaksiya.az-a bildiriblər ki, mərasim açıq elan edildikdən sonra ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri və müharibə veteranları iştirak ediblər.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə çıxış edərək bildirib ki, xalqımız Azərbaycan Ordusunun yaradılmasının 100-cü ildönümünü yüksək səviyyədə qeyd edir. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Silahlı Qüvvələri 1918-ci ildə yaradılmış Cümhuriyyət Ordusunun varisidir. 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun əsasında Əlahiddə Azərbaycan Korpusunun təşkilinə başlanıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün - 26 iyun tarixi Azərbaycan Ordusu Günü elan edilib. Həmin tarixdən bu günədək Azərbaycan Ordusu parlaq inkişaf yolu keçib.
Nazir vurğulayıb ki, 1918-ci ildə dost və qardaş Türkiyədən gələn hərbi qüvvələr və Əlahiddə Azərbaycan Korpusunun bölmələrindən ibarət olan Qafqaz İslam Ordusunun Azərbaycan torpaqlarını, xüsusilə Bakını işğaldan azad etməsi şanlı tariximizə qızıl hərflərlə həkk olunub. Həmçinin 1920-ci ildə Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünə qarşı yönəlmiş erməni təcavüzünün qarşısının alınmasında böyük nailiyyətlər əldə edib. 1991-ci ildə - xalqımız müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Milli Ordusu yaradılıb və Ordu quruculuğu sahəsində mühüm addımlar atılıb.
Diqqətə çatdırılıb ki, Azərbaycanda müasir ordu quruculuğunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Qısa müddətdə Ordumuz qarşısına qoyulan hər bir vəzifəni yerinə yetirməyə qadir olan mütəşəkkil hərbi qüvvəyə çevrilib. Hazırda Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qabaqcıl orduların sırasında layiqli yer tutub. Ali Baş Komandanın qeyd etdiyi kimi, ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir. Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir.
Qeyd olunub ki, ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış torpaqları Ermənistan Respublikası tərəfindən işğal edilib. Dünya birliyi və bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir, eləcə də Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Ancaq Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğalçılıq niyyətindən əl çəkmir.
“Xalqımız, dövlətimiz və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Ordumuza və onun şəxsi heyətinə göstərilən diqqət və qayğı bir ali məqsədə - torpaqlarımızı erməni işğalçılarından azad edərək respublikamızın ərazi bütövlüyünün bərpasına, regionda sülh və əmin-amanlığın bərqərar olmasına ciddi töhfə verməyə xidmət edir.
Müdafiə Nazirliyi bir çox dövlətlə, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığını ildən-ilə inkişaf etdirir. Bu gün dövlətimizin qarşısında ciddi təhlükəsizlik məsələlərinin olmasına baxmayaraq, Azərbaycan Ordusu sülhməramlı əməliyyatlarda iştirak edərək beynəlxalq sülhə və təhlükəsizliyə ciddi töhfə verməkdədir”, - deyə general-polkovnik Zakir Həsənov vurğulayıb.
Sonra bayram münasibətilə hərbi paradda iştirak edən xarici dövlətlərin yüksək vəzifəli şəxsləri “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif ediliblər.
Tədbir xalq mahnıları, Azərbaycan və xarici bəstəkarların əsərlərinin ifa olunduğu bayram konserti ilə yekunlaşıb.
Şərhlər