46 dərəcədə işçilərini günəşin altında ölümlə üz-üzə qoyan qurumlar
03.07.2018 14:02 Sosreaksiya 912
Son günlər müşahidə edilən anomal istilər insanların səhhətində bir sıra problemlərin yaranmasına səbəb olub, günvurmalar yaşanıb. Odur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər gün insanlara günorta saatlarında çölə çıxmamaları barədə xəbərdarlıqlar edir. Öz növbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün işəgötürənlərin zəruri tədbirlər görməsini tapşırıb.
Amma bir çox hallarda bu tapşırıqlar sadəcə sözdə qalır. Bunu “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin timsalında açıq şəkildə görmək olar. Belə ki, havanın temperaturunun +41 dərəcədən çox olmasına baxmayaraq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün dəyişilməsi istiqamətində işlər görülür.
Xatırladaq ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə görə, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada bütün növ işlərin görülməsi dayandırılmalıdır. Əks-təqdirdə həmin qurumlar qanuna uyğun olaraq 1000-2000 manat dəyərində cərimə gözləyir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin bu günə olan hava proqnozuna görə, maksimal temperaturunun Bakı və Abşeronda +40-43, bəzi yerlərdə +46 dərəcəyə qədər qalxacaq. Buna baxmayaraq “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuata göndərdiyi ən son məlumatda Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun, Vaz dairəsindən Xırdalan dairəsinə kimi hər iki istiqamətdə (gediş-gəliş) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işlərinin axşam saatlarınadək davam etdiriləcəyi qeyd olunub.
Məsələ ilə bağlı “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Nəcəfli ilə əlaqə saxladıq.
O, Publika.az-a açıqlamasında bildirdi ki, sözügedən ərazidə təmir işləri fasiləli şəkildə davam etdiriləcək:
“Açıq hava şəraitində çalışan işçilərimiz son günlər isti hava şəraiti ilə əlaqədar növbəli iş rejimi ilə işləyirlər. Onların baş geyimi, sərin su ilə təmin edilməsi qurum tərəfindən təşkil edilir. Hava şəraiti +41 dərəcədən yuxarı olduqda birbaşa asfaltla təmasda olan, yol kənarında çalışan işçilərin işinə fasilə verilir. Ərazidə texnikalarımız çalışır. Onların içərisində kondisionerlər var. Və texnika sürən işçilərimiz birbaşa günəş şüaları ilə təmasda olmadıqları üçün onların işində hansısa təhlükənin olacağını düşünmürəm”.
A.Nəcəfli bu gün hava temperaturunun bəzi yerlərdə +46 dərəcə olmasına baxmayaraq işlərin davam etdiriləcəyini bildirdi:
“Havanın temperaturunun yüksək olacağı ilə bağlı xəbərdarlıq yayılıb. Əməkdaşlar gündüz və gecə növbələri olaraq fasiləli şəkildə işlərini davam etdirəcəklər. Daha çox səhər erkən saatlarda işlərə başlanılır. Nahara qədər gündüz növbəsi işləyir, nahardan sonra günün pik saatlarında fasilə verilir. Bir də saat 4-dən sonra axşam növbəsi işə başlayır və gecə saat 11-12 radələrinə qədər də işlər davam etdirilir. Amma texnikada işləyən əməkdaşlarımız gün altında qalmadıqları üçün onların fəaliyyətində ciddi problem olmayacaq. Bu günə qədər də isti hava şəraiti ilə əlaqədar işçilərimizin səhhətində heç bir problem yaranmayıb”.
Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov məsələ ilə bağlı publika.az-a bildirdi ki, havanın temperaturunu süni şəkildə dəyişmək mümkün olmayan yerlərdə temperatur +41 dərəcə selsidən yüksək olduğu zaman müəssisələr avtomatik olaraq bütün iş prosesini dayandırmalıdır:
“Belə şəraitdə münasibətlərin tənzimlənməsi önəmlidir. Əgər iş dayandırılmayıbsa, tutaq ki, hər hansı qəza operativ olaraq aradan qaldırılmalıdırsa, bu halda işə götürən əlavə tədbirlər görməlidir. Çətirlər quraşdırmalı, işçiləri müəyyən fasilə ilə çalışdırmalı və iş prosesi zamanı onları sərinləşdirici içkilərlə təmin etməlidir. Təəssüf ki, bizdə bu cür yanaşma çox nadir hallarda müşahidə olunur. Bəzi iş yerlərində xüsusilə asfalt örütüyünün çəkilməsi zamanı, tikinti şirkətlərində çalışan işçilər, hava temperaturunun +45 dərəcə olmasına baxmayaraq işlədilir. Bu, birbaşa əməyin mühafizəsi qaydalarının pozulması deməkdir. Buna görə işəgötürən müəssisə inzibati məsuliyyət daşıdığı üçün qanunla müəyyən edilmiş cəriməni ödəməklə canını qurtara bilir. Hava şəraitindən asılı olaraq işçilər arasında günvurma halları da qeydə alınır. Bu, isə onların səhhətində ciddi problemlərin yaranmasına səbəb olur. Belə olan halda işəgötürən şəxslərə cinayət işi açılmalıdır”.
S.Məmmədov Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin məhdud olmasına da diqqət çəkib. O bildirib ki, monitorinq aparmaq imkanlarının məhdud olması əmək hüququnun pozulması hallarının artmasına şərait yaradır:
“Dövlət Əmək Müfəttişliyi işçinin +41 dərəcə selsidən yüksək hava şəraitində işlədildiyi hallarına qarşı mübarizə aparmaq üçün əvvəllər reyd keçirirdi. Bununla bağlı işlər son bir neçə il ərzində dayandırıldığı üçün hazırda əmək hüquqlarının kütləvi şəkildə pozulduğunun şahidi oluruq. Bu tərəfdən yanaşsaq, qanunla Dövlət Əmək Müfəttişliyi Xidməti haqlıdır. Onların birbaşa müəssisələrə gedib yoxlama aparması qanun pozuntusu kimi dəyərləndirir. Çox təəssüf ki, bu gün +41 dərəcə selsidən yüksək temperaturda işləyən işçilərin də şikayət etməsi heç nəyi dəyişmir. Onların bir çoxu şikayət də etmir ki, işlərindən azad edilərlər. Amma bu, onların sağlamlığı üçün ciddi təhlükədir. Eyni zamanda, daha bir faktı da diqqətdə saxlamaq lazımdır ki, tikinti sektorunda çalışan işçilərin çoxunun işəgötürənlə əmək müqaviləsi yoxdur. Onlar şikayət etdikləri zaman belə, bunun heç bir nəticəsi olmur. Çünki işəgötürən belə bir əməkdaşının olduğundan xəbərsizdir. İşçi də həmin müəssisədə işlədiyini sübut edə bilmir. Ona görə də, buna nəzarət mexanizmi olmalıdır. Əks halda işəgötürənlər temperaturun +41 dərəcə selsini keçməməsini bəhanə gətirərək işi açıq havada davam etdirəcəklər”.
S.Məmmədov bildirib ki, işəgötürənlər öz məsuliyyətlərini dərindən bilmədikləri üçün kimdənsə xəbərdarlıq gözləyirlər:
“İşəgötürən öz əməkdaşı ilə bağlı bütün hüquqi normaları, hansı hallarda məsuliyyət daşıdığını bilməlidir. İşçilər onların partnyorları hesab olunur, onlar üzərindən qazanc əldə edirlər. Amma bu, o demək deyil ki, işəgötürənlər işçilərinə qul kimi yanaşmalıdırlar. Əmək Məcəlləsinin 2 saylı Əlavəsində “İlin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri" tənzimlənir. Həmin şərtlərə görə, +41 dərəcə selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir. Əlavədə o da nəzərdə tutulur ki, "İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur". Yəni normal işəgötürən heç bir orqanın tələbini gözləmədən aşağıdakı qaydalara riayət etməlidir:
1. İşəgötürən işçinin sağlamlığına dəyən zərərə görə məsuliyyət daşıyır.
2. İşçini belə hava şəraitində işlətmək əməyin mühafizəsi qaydalarının pozulmasıdır və bu inzibati məsuliyyət, nəticələr ağır olduqda (məsələn ölümlə nəticələndikdə) cinayət məsuliyyəti yaradır.
4. Dövlət Əmək Müfəttişliyi Xidməti bu sahədə dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqandır.
5. İşçinin onun sağlamlığına dəyən işlərdən imtina hüququ var və bu Məcəllədə göstərilir. Əmək müqaviləsi ilə işləyənlər belə tələb qoya bilər.
Lakin, təəssüf ki, əksəriyyət iş yerlərində işçilərlə əmək müqaviləsi yoxdur və onlar məcburi əməyə cəlb olunmuş sayılırlar. Onlar belə tələ irəli sürərlərsə, dərhal iş yerindən qovulurlar. Yəni bu problemi həll etmək üçün ilk növbədə iş yerlərində əmək münasibətləri qanuna uyğun tənzimlənməlidir. Əks halda, hətta isti havada işləmək istəməyənlər də daxil olmaqla, bu problem həllini tapmayacaq”.
Şərhlər