Prezidentin üç mühüm hədəfi və mesajları
11.07.2018 12:17 Sosreaksiya 1338
Dövlət başçısı İlham Əliyevin müşavirədəki çıxışı bir daha göstərdi ki, o, cəmiyyətin hansı məsələlərdən narazı qaldığını hamıdan yaxşı bilir; prezident yeni komanda qarşısında hansı tələb qoyduğunu da açıqladı; “Kimisə cəzalandıranda, kiməsə təşəkkür edəndə ədalət, dəqiq informasiya, təhlil olmalıdır”, sözləri o deməkdir ki...
Prezident İlham Əliyevin iyulun 8-də 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə çıxışı ölkənin əsas gündəm mövzusudur. Məlumdur ki, son həftədə ölkədə işıq problemi yaşanmış, Gəncənin icra başçısına sui-qəsd edilmişdi.
Dövlət başçısı çıxışının birinci hissəsində ölkədə görülmüş işlərdən danışıb. Hesabat məruzələrindən sonra isə dövlət başçısı yenidən çıxış edərək bu dəfə əsas diqqəti hakimiyyət komandasına yönəldib.
Prezidentin çıxışında hakim komandaya yönəlik mesajlarında əsas iki xətt önə çıxıb. Birinci əsas xətt məmur məsuliyyəti məsələsidir. Çünki məlum qəza yaşananda cəmiyyətin əsas qınağı məhz məmur məsuliyyətinə yönəlmişdi.
Müşavirədəki çıxışda əsas vurğunun məhz məmur məsuliyyətinə edilməsi bir daha göstərir ki, birincisi, prezident İlham Əliyev cəmiyyətin hansı məsələlərdən narazı qaldığını, həssas yanaşdığını yaxşı bilir. Təsadüfi deyil ki, dövlət başçısı müşavirədə məhz xalqı narazı salan beş mühüm sahədən-sosial təminat sahəsindəki pozuntulardan, işsizlikdən, qanunsuz tikintilərdən, şəhər nəqliyyatından və rüşvətxorluqdan danışdı. Prezidentin bu problemləri qabartması həm də o deməkdir ki, ölkədə baş verənlərə ciddi nəzarət edir, hər bir məmurun gördüyü işdən xəbərdardır. Bu həm də məlum hadisələr vaxtı Azərbaycanı istəməyən xarici qüvvələrin və daxildəki azsaylı müxalifətin problemdən öz məqsədləri üçün yararlanaraq “ölkəyə nəzarət zəifləyib” kimi sərsəm iddialarına tutarlı cavabdır.
Prezidentin ən mühüm mesajlarından biri də xalqı narazı salan məmurların kimliyindən və xidmətlərindən asılı olmayaraq cəzalandırılacağını bir neçə dəfə təkrar etməsidir. Dövlət başçısının çıxışında “niyə filankəs tutulmur”, “niyə filan məmur işıq böhranına görə cəzalandırılmır” kimi xüsusən sosial şəbəkələrdə səslənən iradlara çox dolğun bir cavab var. Dövlət başçısı ilk günlərdə isti havanın bütün ölkədə enerji böhran yaratması izahatını qəbul etmədiyini dilə gətirərək deyib: “Bütün işlərdə biz ədalətli olmalıyıq. Kimisə cəzalandıranda, kiməsə təşəkkür edəndə ədalət, dəqiq informasiya, təhlil olmalıdır”. İlham Əliyevin çıxışının bu hissəsi media üçün bir açar rolu oynaya bilir. Bu fikirlər bir daha onu sübut edir ki, ölkədə hər hansı rezonans doğuran həbs, hansısa nazirin kiminsə işdən çıxarılması, cəzalandırılması “dəqiq informasiyaya və təhlilə” əsaslanır.
Dövlət başçısı əhalinin aztəminatlı hissəsi və sosial gərginlik doğuran işsizlik problemlərinə geniş toxunaraq bu sahədə də dönüş yaradılmasını, buraxılan səhvlərin aradan qaldırılmasını tələb edib. İlham Əliyev bağlanan iş yerləri ilə bağlı dediklərinə diqqət edək: “Öyrənilməlidir ki, hansı səbəblərə görə bu iş yerləri bağlanıb və o iş yerlərini itirən vətəndaşlar hansı işlərlə təmin olunub və olunubmu, yoxsa yox?”
Prezident bu ilin aprelində formalaşdırılan hökumətdən əsas tələbini də ilk dəfə müşavirədə açıqlayıb: “Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır. Aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulmuşdur. Bu xoşagəlməz hallara son qoyulmalıdır”.
Yada salaq ki, bu ilin aprelində keçirilən prezident seçkilərində rəqiblərini böyük fərqlə üstələyən İlham Əliyevin yeni hökumət formalaşdırması uzun müddət mediada təhlil edildi. Bir çox nazirlərin və komitə sədrlərinin işdən uzaqlaşdırılmasının səbəbləri haqda çox versiyalar irəli sürüldü. Prezident bu müşavirədə həmin çoxsaylı suallara aydınlıq gətirmiş oldu: apreldə korrupsiya ilə mübarizə komandası yaradılıb.
Müşavirədə dövlət başçısı kadr islahatlarının davamlı olacağını da anons etdi: “Kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəksə, onlar işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilsinlər”. Dövlət başçısı “Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir. Bunu etmək üçün həm güclü siyasi iradə, həm də indi bizim institusional mexanizmlərimiz var” deyib.
Prezident “narahatlıq doğuran sahələrdən biri” dediyi inşaat sektoru barədə də sərt danışıb. Heç kimə sirr deyil ki, xüsusən yay aylarında bu cür qanunsuz tikililər vüsət alır, əhalinin ciddi narazılığına səbəb olur.
“İnşaat işi sahəsində görülən işlər müsbətdir. Ancaq eyni zamanda biz nəyi görürük? Bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır. Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar. Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır”.
Prezident deyib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkədə bir bina da tikilməməlidir. “Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir”, deyə, İ.Əliyev bildirib.
Dövlət başçısı paytaxtın icra başçılarına da sərt xəbərdarlıq edib: “Bakı şəhərində elə yerlər var ki, utanc gətirir. Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox”. Prezident deyib ki, rayon icra hakimiyyətləri dayanacağın yerini zəbt edir, hasarlayır, o yeri satır və şəhər nəqliyyatını iflic vəziyyətə salırlar.
İ. Əliyev paytaxt əhalisinin ciddi narazı salan bu cür tikintiləri cinayət adlandırıb: “Götürüb ictimai yerdə, həyətdə, yaxud da ki, insanların istifadə etdiyi yerdə bina tikmək cinayətdir və bunu edən cavab verəcək”.
Dövlət başçısı “şəhərsalma qaydaların nəqliyyata əngəl törətəməməlidir”, söyləyib və “biz insanların saatlarla tıxaclarda əziyyət çəkdikləri böyük meqapolislərin vəziyyətinə düşmək istəmirik” deyib. Prezidentin bu hissədə də ritorikası çox sərtdir: “Biz burada yeni yollar açırıq. Amma hansısa yaramaz bir məmur pul naminə o yeri satır, orada da qanunsuz bina tikirlər. Sonra da dövlət həmin binanın sökülməsi üçün böyük vəsait, kompensasiya verməlidir ki, qanunsuz tikən oradan çıxsın və yol açılsın. Ona görə çox ciddi tapşırıq verirəm, dövlət orqanları nəticə çıxarsınlar”.
Beləliklə, prezidentin müşavirəsində üç mühüm nəticəni belə ümumiləşdirə bilərik. Birincisi, ölkədə prezident nəzarəti güclüdür, xaos və qarışıqlıq yaratmaq istəyən qüvvələr olarsa, istəklərinə çata bilməzlər. İkincisi, İlham Əliyev heç bir xarici və daxili tənqidlərə baxmayaraq, problemlərin olduğu sahələri daha dəqiq bilir, onları dilə gətirir və zərərli tendensiyaları aradan qaldırmaq üçün hazır proqramları var. Üçüncüsü, prezident yenilənmiş hakim komandanı daha fəal olmağa, problemləri aradan qaldırmağa çağırır, qanunsuzluğa yol verən məmurlara isə bəlkə də son xəbərdarlıq edilir...
Şərhlər