Etibar Pirverdiyevin şübhələri - Azərbaycanı qəsdlə vururlar?
14.07.2018 16:50 Sosreaksiya 2027
Bakı niyə yenə işıqsız qaldı? Təhlükəsizlik və sahə ekspertlərindən maraqlı rəylər
İyulun 12-də Azərbaycanın 27 faiz hissəsində yenidən elektrik verilişində fasilə yarandı. Rəsmi məlumata görə, buna səbəb Mingəçevir İES-dən gələn xəttin Yevlax şəhəri və Ağsu rayonu Bico kəndindən keçən hissəsində olan zəmilərdə naməlum yanğın hadisələri olub. Nəticədə təhlükəsizlik məqsədilə respublikanın bəzi bölgələrinin elektrik enerjisi ilə təchizatı dayandırılıb.
Enerji fasiləsinin yaranması “Bakı Metropoliteni”nin işinə də təsir edib. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edib ki, saat 16:10-dan etibarən Bakı Metropoliteninin Bənövşəyi xəttinin iki stansiyası - “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları işləməyib.
Məsələ ilə bağlı mətbuata açıqlama verən “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyev hadisənin suallar doğurduğunu deyib: “Eyni zamanda Yevlaxda və Ağsuda elektrik xətlərinin altında yanğın başlayıb. Bu da çoxsaylı suallar doğurur. Nəyə görə birdən-birə iki yerdə? Biz Bakıya və Sumqayıta elektrik enerjisinin ötürülməsini dayandırmağa məcbur olduq”, - deyə Pirverdiyev söyləyib.
Doğrudanmı burada kənar qüvvələrin təsiri var? “Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, hər hansı bir təxribatın olduğunu düşünmür: “Düşünürəm ki, Azərbaycanda elektrik avadanlıqları çox köhnəlib və buna görə də iş gərginliyinə, havaların isti keçməsinə dözə bilmir. Burada xüsusi təxribat görmürəm. Ən azından təxribat olsaydı, ilk olaraq Dövlət Təhlükəsizlik Xidməti, ardınca digər hüquq-mühafizə orqanları bununla məşğul olmalı idilər - əgər ortada element olardısa. Prezidentin yanında aparılan müşavirədə də məlum oldu ki, avadanlıqlara ayrılan vəsaitlər faktiki olaraq yeyilib. Yararsız hala düşən avadanlıqları da birdən-birə təzələmək olmaz. Elə müşavirədə də deyildi ki, buna zaman lazımdır. Bu zaman tam bitənə qədər düşünürəm ki, biz, elektrik kəsintisi ilə üzləşəcəyik”.
Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında “Azərenerji”də də bir müddət çalışmış, ekspert Əzim Məsimov isə söylədi ki, ümumilikdə şəbəkədə olan problem aradan qaldırılmalıdır: “Bizim elə bir sistemimiz var ki, bir stansiyada qəza olduğu zaman ən azından strateji obyektlər işıqsız qalmamalıdır. Xüsusilə söhbət ”Bakı Metropoliteni"ndən gedir. O sistem bizdə var ki, bu obyekti daima işıqla təmin edə bilərik. Düşünürəm ki, şəbəkə-mühəndis quruluşları yetərincə deyil. Mingəçevirdəki hadisə ilə bağlı müşavirədə əslində cənab prezident tərəfindən hər şey dəqiqliyi ilə bildirildi. Yəni söylənildi ki, şəbəkədə problemlər var. Hər bir şəbəkədə giriş-çıxış xüsusi avadanlıqlarla bloklanır. Yəni bir sistem bağlanır, digər sistemə heç bir təsir etmir. Bu şəbəkə sistemini doğru qaydada qurmaq lazımdır. Belə olmasa, qəza hadisələri zamanı yenə də eyni vəziyyətə düşəcəyik.
Metro stansiyası burada deyərdim ki, əsas faktorlardan biridir. Bizdə birinci, ikinci və digər kateqoriyalı obyektlər var. Metro, təhlükəsizlik orqanları, Prezident Aparatı və digər bu kimi qurumların işıq təminatı bütün kateqoriyalardan yüksəkdə dayanır. Yəni aksiom budur ki, həmin qurumlarda, orqanlarda işıq daima olmalıdır. Əgər bir stansiyaya bağlı olsaydıq, deyərdik ki, şəbəkəni təmin etmək mümkün deyil. Lakin belə deyil axı. Sumqayıtda, şimal regionlarında, Neftayırma Zavodunda 500 min kilovat, Şirvanda 800 min kilovat gücündə stansiyalarımız var. Bu stansiyalar imkan verir ki, Bakı şəhəri stabil enerji ilə təmin olunsun. Bütün ərazilər də olmasa, əsas obyektlər işıqsız qala bilməz. Ancaq şəbəkənin quruluşunda olan texniki nöqsanlar buna imkan vermir. Bir hadisə baş verən kimi sistem dayanır. Metronun özünün generator sistemi olmalıdır ki, bu cür hadisələr zamanı problem yaranmasın. Sistemdə böyük mühəndislik savadsızlığı var. Mütəxəssis çatışmazlığını aradan qaldırmaq lazımdır".
Ekspertə görə, baş verənlərdən sonra bütün sistem yoxlanmalıdır: “Çatışmazlıqlar bir-bir aradan qaldırılmalıdır. Xüsusilə də yuxarıda qeyd etdiyim bloklanma sistemi qurulmalıdır. 2002-ci ildə də Ağsudan keçən xətlərdə problem olduğu üçün Bakı işıqsız qalmışdı. Qanunda mühafizə zolağı məsələsi olsa da, xəttin altını bitkidən, əkindən məhrum etmək də çətin məsələdir. Məncə, ağlabatan deyil ki, istilik səbəbindən xətt sıradan çıxa. Çünki yerlə xəttin arasındakı məsafə böyükdür. Bu, meşə yanğını deyil ki, alovun hündürlüyü 10-15 metr qalxsın. Bununla bağlı doğrudan da ciddi araşdırmalar aparılmalıdır. Bəziləri Mingəçevir SES-in yerinə başqa SES-in tikintisi məsələsini qaldırmışdı. Bu, real söhbət deyil. İllərdir ki, Mingəçevir SES yaradılıb və bunun bütün xətləri qurulub, başa çatdırılıb. Orada böyük sistem var və bunu yenidən yaratmaq milyardlarla vəsaitə başa gələr. Mövcudu dağıtmaq yox, bərpa etmək lazımdır. Bunun üçün də ağıllı mütəxəssisləri işə dəvət edib, məsləhətlər almaq gərəkdir”.(Musavat.com)
Reaksiya.az
Şərhlər