"Həmkarımızın ölümünü üzüntü ilə qarşıladım"

09.08.2015 19:09     Sosreaksiya     1457

Xəbər verdiyimiz kimi, jurnalist Rasim Əliyev avqustun  8-i bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdə bu gün səhər saatlarında dünyasını dəyişib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsinin rəhbəri,  Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu məsələ ilə bağlı ‘Reaksiya’ya açıqlamasında baş verən faciəvi hadisəyə görə çox sarsıldığını bildirib: “Həmkarımızın ölüm xəbərini mən böyük bir üzüntü ilə qarşıladım. Çox ağır faciədir. Bu, bizim cəmiyyətimiz üçün, jurnalistika camiyəmiz üçün yaxşı olmayan hadisədir. Belə hadisələr ölkəmizlə bağlı beynəlxalq mühitdə yaxşı rəy formalaşmasına xidmət eləmir. Hadisənin baş verməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Ümid edirik ki, hüquq-mühafizə orqanları ciddi mövqeyini ortaya qoyacaq, ən qısa müddətdə günahkar tapılıb cəzalandırılacaq. Mən jurnalistin ailəsinə və yaxınlarına baş sağlığı verirəm”. 

Qeyd edək ki, Cəbrayıl rayonundan məcburi köçkün olan 1984-cü il təvəllüdlü  jurnalist Rasim Əliyev Məmmədəli oğlu,  avqustun 8-də saat 18:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülüb. O, dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, bu gün səhər saatlarında vəfat edib. 

Şərhlər

Çox oxunanlar