Evə basqın edib ər-arvadın əl ayağını bağlayan dəstə hakim qarşısında - iş geri qaytarıldı
19.07.2018 18:19 Sosreaksiya 820
Şamaxıda evə basqın edərək ər-arvada qarşı quldurluq edən dəstə üzvlərinin məhkəməsi başlayıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Rəşad Zərbəliyev, 1995-ci il təvəllüdlü Kənan Səfərov, 1993-cü il təvəllüdlü Cabir Zərbəliyev, 1985-ci il təvəllüdlü Tural Əliyev, 1992-ci il təvəllüdlü Mehdi Əliyev və 1995-ci il təvəllüdlü İbrahim Mustafayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən mçəhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, təqsirləndirilənlərdən Rəşad Zərbəliyev və Tural Əliyev daha əvvəl məhkumluq həyatı yaşayıb.
Daha sonra işin məhkəmə baxışına verilməsi ilə bağlı tərəflər çıxış edib. Prokuror işin məhkəmə baxışına verilməməsini istəyib.
Dövlət ittihamçısı qeyd edib ki, təqsirləndirilənlərdən Rəşad Zərbəliyev və Kənan Səfərova isintaq orqanı tərəfindən daha ağır ittiham irəli sürülsə də cinayət işində yer alan ittiham aktının nəticəvi hissəsində bəzi maddələr göstərilməyib və beləliklə bəzi maddələrlə verilən ittihamlar kənarda qalıb.
Dövlət ittihamçısı qeyd edib ki, istintaq zamanı iki zərərçəkmiş olduğu göstərilsə də, cinayət işi materiallarında bir nəfər zərərçəkmişin olduğu göstərilir. Prokuror həmçinin təqsirləndirilən şəxslər saxlanılarkən götürülən pulların maddi sübut kimi qiymətləndirildiyi halda, bu barədə müvafiq qərarın olmadığını da göstərib. Qeyd edilən prosessual pozuntuların nəzərə alınmasını istəyən prokuror işin yenidən istintaqa qaytarılmasını istəyib.
Zərərçəkmiş tərəfin vəkili Bəylər Məmişov da prokurorun çıxışı ilə razı olduğunu deyərək əlavə edib ki, təqsirləndirilən şəxslər saxlanılarkən götürülən pulların taleyi məlum deyil. Vəkil həmin məbləğin müdafiə etdiyi şəxslərə qaytarılmadığını qeyd edib.
"Gülyaz Novruzovaya qarşı quldurluq edilsə də o zərərçəkmiş kimi tanınmayıb. Hətta ekspertiza rəyi də var ki, quldurluq edilən zaman Gülyaz Novruzova xəsarət alıb. Müdafiə etdiyim şəxslər dəfələrə rəsmi qurumlara müraciət edib ki, həbs edilən şəxslərdən götürülən pullar onalara geri qaytarılsən"- deyə vəkil bildirib.
Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara əsasən qeyd edilən pozuntuların aradan qaldırılması üçün iş istintaq orqanına geri qaytarılıb.
Qeyd edək ki, quldurluq hadisəsi bu il yanvarın 19-da Şamaxı rayonunun Məlhəm kəndində baş verib.
Gecə saat 3 radələrində həmin kənddə yaşayan Gülbar Novruzovun evinə girən üç maskalı şəxs onun və xanımı Gülyaz Novruzovanın əl və ayaqlarını yapışqanlı lentlə bağlayıblar.
Onlar hər iki şəxsi döyərək evdən 12.000 manat, 3000 ABŞ dolları və 100.000 rubl (2990 manat) aparıblar.
Əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən 6 nəfər müəyyən edilərək saxlanılıb.
Faktla əlaqədar Şamaxı rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Şərhlər