BMT-dən Azərbaycanla bağlı şok: 10 körpədən yalnız ikisi...

31.07.2018 15:37     Sosreaksiya     853

Dünyada təxminən 78 milyon körpənin və ya hər beş körpədən üçünün doğuşdan sonra həyatının ilk saatında ana südü ilə qidalanmaması ölüm və xəstəlik riskini artırır.

Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, həyatının ilk saatından ana südü ilə qidalanan yeni doğulmuşlarla müqayisədə, doğuşdan 2-23 saat sonra ana südü ilə qidalanan körpələr arasında ölüm riski 33% daha yüksəkdir. Doğuşdan bir və ya bir neçə gün sonra ana südü ilə qidalanan körpələr arasında isə bu risk iki dəfə çoxdur.

“Məqamı yaxala (Capture the Moment)” adlı həmin hesabata əsasən, Azərbaycan körpələrin 20%-dən az hissəsinə həyatlarının ilk saatında ana südü verilməsinə başlanılması göstəricisi ilə azsaylı ölkələr qrupuna daxildir. Bu göstərici 20%-dən aşağıdır. Bu da onu göstərir ki, Azərbaycanda hər 10 yeni doğulan körpədən yalnız ikisinə həyatlarının ilk saatında ana südü verilir.

Hesabatda qeyd olunur ki, doğuşdan sonra həyatının ilk saatında ana südü ilə qidalanan körpələrin sağ qalmaq ehtimalı əhəmiyyətli dərəcədə daha yüksəkdir. Dünyaya göz açdıqdan sonra bu cür qidalanma ilə bağlı hətta bir neçə saatlıq ləngimə körpələrin həyatı üçün təhlükə törədən fəsadlara yol aça bilər. Doğuşdan dərhal sonra döşlə yedizdirilmə vasitəsilə ana ilə körpə arasında dəri təması qidalı maddələrlə və anticisimlərlə həddindən artıq zəngin olan və “körpənin ilk peyvəndi” adlandırılan ana südünün, o cümlədən ağız südünün əmələ gəlməsini stimullaşdırır.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Edvar Karvardin bildirib ki, analara onların ailə üzvləri, tibb işçiləri, işəgötürənlər və hökumət tərəfindən verilən dəstək artırılmalıdır. Səhiyyə Nazirliyi UNICEF-in dəstəyi ilə Körpə Dostu Xəstəxana Təşəbbüsünü gücləndirməyi planlaşdırır.(apa)

Reaksiya.az

Şərhlər