"Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün" - "Qoca"nın qaçışına görə tutulanların cinayət işi

15.08.2018 18:43     Sosreaksiya     1002

Müğənni Fədayə Laçın və həbs edilən digər şəxslərin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalov cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında həbs edilənlərdən Tural Poladxanov sualları cavablandırıb.

T.Poladxanov deyib ki, dustaqların qaçdığı gecədən əvvəl qatar Lənkərana gedəndə "Qoca"nın yanında bir qadın da olub.

O deyib ki, qayıdanda qatar yolda olarkən "Qoca"nın rəisləri Ceyhun Səmədovun otağında görüb.

"Rəisin otağına Etibarı mən aparmamışam. Mən paltarlarımı götürməyə gedəndə onu bələdçinin otağında görmüşəm. Sonra Əli Ağamini də orda gördüm. Səhər saat 5-də qatar Bakıya çatanda mən əsgərləri yemək yeməyə çağırdım. Bir az keçmiş "provadnik" dedi ki, pəncərə açıqdır. Biz Turalla bələdçi otağına baxdıq. Dəmir barmaqlıq açılıb çarpayının üstünə qoyulmuşdu. Pəncərə də yarıya qədər açıq idi. Bunu biləndən sonra rəisə məlumat verdim".

T.Poladxanov söyləyib ki, vəzifə borcunu tam olaraq yerinə yetirib: "Mənim vəzifəm dustaqları aparanda onların qarşısında getmək və onları müşahidə etməkdir. Xidmətdə səhvə yol verməmişəm. Mən qorovul rəisinə tabe olmuşam".

Təqsirləndirilən Poladxanov Günay Atakişiyevanı tanımadığını, lakin qatarda kənar şəxs olan bir qadını gördüyünü söyləyib: "Saçı qırmızı idi. Amma ona oxşatmıram. Dəqiq bilmirəm ki, odurmu".

Hakim Günay Atakişiyevaya sual verərək həmin gün saçının hansı rəngdə olduğunu soruşub. G.Atakişiyeva saçının qırmızı olduğunu deyib.

Prosesdə qarovul rəisinin digər müavini Fuad Hacıyev də dindirilib.

Hacıyev deyib ki, gecə qatarla Lənkərandan Bakıya gələndə məhbuslar Etibar Məmmədovla Əli Ağamini bələdçininin otağında oturduğunu görüb.

Bundan sonra yatmağa gedib: "Gecə yatmışdım. Şirvan stansiyasında yuxudan qalxanda Etibarla Əlini otaqda bir yerdə gördüm. Çünkü dustaqların arasında düşmənçilik var idi. Tahirlə Etibar yola getmirdi. Səhərə yaxın qaravul rəisi Ceyhun Səmədov yatmışdı. Qatar Bakıya çatanda Etibarla Əlinin bələdçi otağında görmədik, onlar qaçmışdı".

Suallara cavab verən F.Hacıyev söyləyib ki, G.Atakişiyeva qatara minən zaman istirahətdə olub: "Mən sonradan onu qatarda görəndə elə bildim məhbus qadınlardan biridir. Onu tanımırdım".

Məhkəmədə həbs edilən qarovul rəisi Ceyhun Səmədov ifadə verib.

Onun sözlərinə görə, hadisə günündən bir necə ay əvvəl E.Məmmədovla müğənni Fədayə Laçına qatarda görüş verib:"Fədayə xanım Bakıda vağzalda qatara yaxınlaşıb Etibarla görüşmək istədiyini söylədi. Ona "yox" cavabı verəndən sonra telefonda kimləsə danışdı. Bu zaman o, telefonu mənə uzadıb, həmin şəxsin mənə söz deyəcəyini söylədi. Telefonun birisi başındakı rəisimiz Bəhruz Abdullayev idi. Bəhruz Abdullayev görüş verməyimi istədi. Sonra içəri keçib, yenidən onunla telefonda danışdım. Rəis "şərait yarat, Fədayə Etibarla görüşsün" dedi. Sonra Fədayə xanımın çantasına baxış aparıb, onunla içəri keçdik. Otaqda Etibarla görüşdülər. Etibar Əli Ağamini də yanlarına gətirməsini xahiş etdi. Onu da həmin otağa apardıq".

Ceyhun Səmədov F.Laçını E.Məmmədovla görüşdürən zaman onlardan pul almadığını qeyd edib.

Bildirək ki, iş üzrə 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş var.

Həbs edilənlərdən Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı B.Abdullayev Cinayət Məcəlləsinin 308.2-ci (əzifə səlahiyyətlərindən sui-istifadə etmək) maddəsi ilə yanaşı 179.3.1 (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə də ittiham olunur.

Bildirək ki, B.Abdullayev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək) maddəsi də ittiham irəli sürülüb.

Səs-küylü hadisə ötən il oktyabrın 23-də baş verib. Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə "Qoca" ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. "Qoca" ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib. Əli Ağami və "Qoca" adam öldürməyə görə həbs edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Reaksiya.az

Şərhlər