"Özünü kriminal aləmin üzvü kimi təqdim edərək..."- məktəbdəki qanlı davanın təfərrüatı

17.08.2018 15:10     Sosreaksiya     719

2001-ci il təvəllüdlü məktəbli hakim qarşısına çıxarılıb. O, bir neçə ağır cinayət əməli törətməkdə ittiham edilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda, hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən 2001-ci il təvəllüdlü Kərim Əzizovun (ad və soy ad şərtdir) cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, yetkinlik yaşına çatmayan Kərim Əzizov xuliqanlıq və hədə-qorxu ilə pul tələb etmə cinayətləri törədib.

Belə ki, Kərim eyni məktəbdə oxuyan Yaşar Qədimova (ad və soy ad şərtidir) özünü kriminal aləmin üzvü kimi təqdim edərək, onu döyəcəyini deyib və 60 manat alıb.

Bu səbəbdən aralarında yaranmış mübahisə zəminində o, Yaşara beysbol taxtası ilə zərbələr endirib. Bundan başqa, Yaşarın yanında olan dostu Rasim Əliyevə (ad və soy ad şərtidir) də bıçaqla xəsarət yetirib.

Elan olunmuş ittihamla Kərim özünü qismən təqsirli bilib. O deyib ki, Yaşarla pula görə mübahisələri olub.

"Yaşar ilə münasibətim çoxdan var. Ona 100 manat borca pul vermişdim. Özümə paltar alacaqdım, amma Yaşar dedi ki, evə pul lazımdır. Mən də ona borc verdim. Həmişə alıb, vaxtında qaytarıb. Həmin gün Yaşardan pul istəyəndə dedi ki, yoxudur, olanda verəcək. Buna görə mübahisə elədik, dalaşdıq. Bizi müəllimənin otağına apardılar. Oradan çıxanda Yaşar, Rasim, bir də Qasım qapının ağzında idi. Yaşar dedi ki, səni gözləyirəm. Mən də razılaşdım. Məktəbin pəncərəsindən düşüb evə getdim. Beysbol taxtası və bıçaq götürüb gəldim. Məktəbin yanında görüşəndə Yaşarı taxta ilə vurdum. O yerə yıxılanda Rasim ayağımdan tutmaq istədi. İstər-istəməz bıçaq onun boğazını kəsdi. Onu bıçaqla vurmaq istəmirdim. Bıçaq dəyəndə hamı qaçdı.

Rasimi özüm yaxınlıqdakı klinikaya apardım. Ona dedim ki, orda deyərsən, yıxılmışam. Elə də oldu. Ora çatanda Rasim dedi ki, yıxılmışam. Sonra klinikadan 102-yə zəng elədilər. Mən də ordan qaçdım".

Suallara cavab verən Kərim beysbol taxtasını həyətdən tapdığını deyib. Bıçağı isə "Laçın" ticarət mərkəzindən aldığını söyləyib.

Dövlət ittihamçısı Kərimdən bıçağı nə məqsədlə aldığını soruşub. Kərim deyib ki, bıçağı evdə meyvə doğramaq üçün istifadə ediblər.

Prokuror qeyd edib ki, ekspertiza rəyində bıçağın soyuq silah olduğu göstərilib.

Kərim suallara cavabında məktəbdə nizam-intizamlı şagird olduğunu deyib. O, heç bir kriminal aləmlə əlaqəsinin olmadığını, həmin hadisəyə qədər də heç kimlə dava etmədiyini deyib.

"Mən tutulanda müstəntiqdən bu haqda eşitdim. Dedi ki, Yaşar belə deyib"- deyə Orxan söyləyib.

Məhkəmədə zərərçəkmiş kimi tanınan Qasım Kərimov (ad və soy ad şərtidir) deyib ki, dərsdən çıxanda məktəbin yaxınlığında bir qrup şəxs arasında mübahisə olduğunu görüb. O deyib ki, dostları ilə ora yaxınlaşıblar:

"Çatanda gördüm ki, Yaşarla Kərim dava edir. Yaşarı aralaşdırmaq istəyəndə gördüm ki, boğazından qan axır. Sonra əlimin kəsildiyini gördüm. Amma Orxanda bıçaq olduğunu görmədim. Görsəydim, ora getməzdim. Əlinin boğazının qan olduğunu görəndə hamı qaçdı. Biz də həkimə gedəndə dedilər ki, bıçaq yarasıdır".

Digər zərərçəkmiş Rasim də məhkəmədə ifadə verib. O söyləyib ki, dostu Yaşar Kərimlə görüşə gedəndə onu tək qoymayıb.

"Ora çatanda Kərim birinci Yaşarı vurdu. Mən Yaşarı yerdən qaldırmaq istəyəndə Kərimin əlindəki bıçaq mənə dəydi. Sonra hamı qaçdı. Kərim mənimlə birlikdə xəstəxanaya getdi"- deyən şahid tərəflər arasında pul mübahisəsindən xəbərsiz olduğunu söyləyib.

Məhkəmədə ifadə verən zərərçəkmişlər Kərimdən şikayətçi olmadıqlarını, barışdıqlarını deyiblər.

Qeyd edək ki, Orxan Rəhimov Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə; eyni əməllər), 182.2.3-cü (zor tərbuq etməklə törədildikdə), 221 (xuliqanlıq) və 228-ci (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Reaksiya.az

Şərhlər