DYP-dən qaçırılmış maşınlarla bağlı açıqlama

10.08.2015 14:55     Sosreaksiya     1570

Daxili İşlər Nazirliyi 2000-ci ildən bəri Azərbaycanda itən maşınların siyahısını təqdim edib. Nazirliyin saytında yerləşdirilən siyahıda 1988-ci ildən bu yana axtarışda olan maşınlara belə rast gəlinir. Siyahıya əsasən hazırda ümumilikdə ölkə üzrə 2 521 maşın axtarılır. 

2000-ci ildən bu yana itmiş maşınların statistikasına əsasən ən çox axtarılan maşınlar sırasında “sovet” istehsalı olan vaz markalı avtomobillərdir. Belə ki, 138 ədəd VAZ 2106, 110 ədəd VAZ 2107, 50 ədəd digər VAZ 21-lər axtarılan maşınlar sırasında liderdilər. 

Bu il qaçırılmış maşınların aqibəti ilə bağlı Dövlət Yol Polisi mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov Reaksiya.az-a məlumat verib: “Bu ilin 6 ayında paytaxtda 12 rayon üzrə qaçırılmış maşınların 90 faizi tapılaraq sahiblərinə qaytarılıb. Bu, Azərbaycan polisinin vaxtı-vaxtında keçirdiyi əməliyyat-axtarış tədbirlərinin hesabına baş verib. Digər avtomobillərin də tapılıb sahiblərinə qaytarılması istiqamətində işlər davam etdirilir. İstənilən  rayon üzrə qaçırılmış avtomobillərin tapılması istiqamətində polisin bütün qüvvələri aidiyyati üzrə səfərbər edilib. Və zəruri axtarış tədbirləri hazırda da davam etdirilir”.

Qaçırılan avtomobillər arasında Rusiya istehsalı olan avtomobillər daha üstünlük təşkil edir. Vaqif Əsədov bu məsələyə də aydınlıq gətirib: “Rusiya istehsalı olan maşınların qaçırılması barədə dəfələrlə media qurumlarına təbliğat xaraketli məlumatlar vermişəm. Çox sağ olsunlar ki, media qurumları həmin məlumatları avtomobil sahiblərinə çatdırıb. Təəssüflər olsun ki, Rusiya istehsalı olan maşınlarının təhlükəsizlik sistemi yetərincə deyil. Bu səbəbdən də onların qaçırılması hallarına xarici markalı maşınlara nisbətən daha çox rast gəlinir”.

 

Şərhlər

Çox oxunanlar