AZƏRBAYCANA GƏLƏN TURİSTLƏRLƏ BAĞLI MARAQLI STATİSTİKA

24.08.2018 13:16     Sosreaksiya     766

Ölkəyə səfər edən əcnəbilərin sayında ötən ilin İyul ayına nisbətdə 5.2%, yanvar-iyul aralığına olan nisbətdə isə 9.3% artım müşahidə olunur.
Bu barədə Modern.az-a Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, 2018-ci ilin iyul ayında Azərbaycana səfər edən əcnəbilərin sayı ötən il ilin eyni ayı ilə müqayisədə 5,3% artaraq 330 minə çatıb.
 
Əcnəbilərin təqribən üçdə bir hissəsini (119 min nəfər) Rusiya vətəndaşları təşkil edir. Digər 20% və 15% əcnəbilər isə Yaxın Şərq və Gürcüstanın payına düşür. Ümumən götürdükdə, qeyd edilən ölkələrdən gələnlər Azərbaycana səfər etmiş xarici əcnəbilərin 70%-ni təşkil edir.
 
Yaxın Şərq bölgəsindən səfər edən əcnəbilərin sayında ötən ay ilə müqayisədə 30% artım müşahidə olunur. Bu artımın böyük hissəsini Səudiyyə Ərəbistanından gələn qonaqlar təşkil edir. Daha bir böyük artım, 63%, Cənubi və Şərqi Asiya bölgələrindən səyahət edənlər arasında müşahidə olunsa da, onların sayı, 24 min nəfər olmaqla, respublikamıza səfər edənlərin ümumi sayının 7%-ni təşkil edir. Qonşu ölkələrin bəzilərində isə cüzi artım və ya cüzi azalma müşahidə olunmaqdadır. Belə ki, Rusiya və Türkiyədən gələn qonaqların sayı müvafiq olaraq 2% və 1% azalmış, Gürcüstandan gələnlərin sayı isə 5% artmışdır. Digər tərəfdən, İrandan gələn əcnəbilərin sayında 35%-ə qədər ciddi azalma mövcuddur.
 
 
2018-ci ilin ilk yeddi ayında Azərbaycana səfər edən səyahətçilərin sayı 1,65 milyondan çox olaraq ötən ilin analoji dövrü ilə müqayisədə 9,3% artmışdır. Bu axının böyük hissəsi, 1.5 milyon və ya 31.5%, Rusiyadan olan səyahətçilərin payına düşür. Gürcüstan (20%), Yaxın Şərq bölgəsi (13%), Türkiyə (10%) və İran (10%), həmçinin, əcnəbi axının digər əhəmiyyətli mənbələri sayılırlar.
 
Statistikadan da göründüyü kimi, xarici ölkələrdən səfər edənlərin, xüsusilə, Gürcüstandan (9%) və Yaxın Şərq bölgəsindən (54%) gələnlərin sayında artım mövcuddur. Yaxın Şərq bölgəsindən səfər edənlərin (58 min nəfər) böyük bir hissəsini BƏƏ vətəndaşları təşkil edir. Lakin qeyd etmək lazımdır ki, keçən ilin iyul ayı ilə müqayisədə BƏƏ vətəndaşları arasında 3% azalma müşahidə olunmaqdadır. Səudiyyə Ərəbistanından Azərbaycana 42 minə yaxın səyahətçi gəlib və bu rəqəm 2017-ci ilin göstəricisi ilə müqayisədə iki dəfədən artıq göstəricidir. İraq (25%), Küveyt (227%), Oman (17%) və İsraildən (240%) gələn ziyarətçilərin sayında da əhəmiyyətli dərəcədə inkişaf nəzərə çarpmaqdadır. 2018-ci ilin Yanvar-İyul ayları aralığında Cənubi və Şərqi Asiya ölkələrindən 112 minə yaxın səyahətçi ölkəmizə səfər edib və bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 57% artım təşkil edib. Bu bölgələrdən olan axının əsas hissəsini Qazaxıstan (5%), Pakistan (209%), Hindistand (188%) və Türkmənistandan (80%) olan səyahətçilər təşkil ediblər. İrandan səfər edənlərin sayı isə 166 min nəfər olmaqla, ötən ilin analoji dövrü ilə müqayisədə 21% azalma təşkil edib.
 
 
Yanvar-iyul ayları aralığında Azərbaycana ən çox səfər etmiş 6 ölkə və bölgədən ibarət olan səyahətçi axının inkişaf dinamikasından göründüyü kimi, bir çox ölkələrdə müşahidə olunan yay mövsümündə ziyarətçi sayının artması Rusiya və Yaxın Şərq bölgəsindən səfər edənlər üçün də xarakterikdir. Asiya bölgəsi, nəzərəçarpacaq mövsümlük olmadan sabit artım nümayiş etdirir. Türkiyə və Gürcüstandan səfər edənlərin inkişaf dinamikasında, demək olar ki, hər-hansı bir nəzərəçarpacaq mövsümi xarakter olmadan stabil temp müşahidə olunmaqdadır. İran səyahətçiləri, digər aylara nisbətdə, Mart ayı ərzində 3-4 dəfə artıq göstərici nümayiş etdirmişlər. Eyni mənzərəni 2017-ci ilin analoji dövründə də müşahidə etmək mümkündür. Buna iran vətəndaşlarının hər il Mart ayında keçirilən Novruz bayramına olan maraqları səbəb ola bilər.
 
Metodiki qeyd: xarici əcnəbilərin sayı Dövlət Sərhəd Xidməti tərəfindən qeydə alınmış sərhəd keçmələrinin sayıdır. Bu say özündə, turistlər də daxil olmaqla, Turizm Statistikası üzrə Beynəlxalq Tövsiyyələr toplusuna (IRTS 2008) əsasən turist anlamına uyğun gəlməyən sərhəd işçilərini, uzun-müddətli işçiləri, tələbələri, pasient və digər qrup şəxsləri də ehtiva edir. Burdan da belə məna hasil olur ki, ölkəyə gələn turist axınının göstəricisi bu hesabatda göstərilən rəqəmlərdən bir qədər aşağıdır.
 
Cədvəl 1: 2018-ci ilin iyul ayı və yanvar-iyul ayları aralığında müxtəlif ölkə və bölgələrdən səfər edən xarici vətəndaşların sayı, eləcə də 2017-ci ilin eyni dövrlər üzrə göstəriciləri və onlar arasındakı dəyişkənlik.
 

Şərhlər