Qoşa ruhlar görüçümüzə gələcəklər.

03.09.2018 18:21     Sosreaksiya     778

Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi Qrant müsabiqələrində qaliblərdən biri də “İsmayıllı Yazarları” ədəbi ictimai birliyidir. “Qoşa ruhlar, şairlikdən şəhidlik zirvəsinə gedən yol” adı ilə çəkilən sənədli filmin çəkilişləri başa çatmışdır.

Qoşa ruhlar görüşümüzə gələcəklər


Layihədə iki vətənpərvər övladımızın canlarından artıq sevdikləri və şeirlərində vəsf etdikləri Vətən uğrunda şəhid olmalarından bəhs ediləcək. Vətən sevgisinin ən yüksən zirvəsində olan Qarabağ şəhidlərinin unudulmayacağından, gec də olsa, adlarının əbədiləşdiriləcəyindən bəhs edilən filmin təqdimatına hazırlıq işlərinə başlanmışdır.  Şəhid ruhuna qayğı insanlıq göstəricisidir. Şəhid adlarının əbədiləşdirilməsi, onların gəncliyə örnək kimi tanıdılması günümüzün vacib tələbidir. 

Filmin bir hissəsi 26 il bundan əvvəl, 1961-ci ildə Gəncə şəhərində dünyaya göz açmış, 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə “Tərlan” adlandırdığı tankın imkanlarından məharətlə istifadə etməklə 40 nəfəri xilas etmiş, özü isə tankın içində yanaraq kül olmuş şəhid-şair Salmanov Aydın Arif oğlu haqqındadır. 

2016-cı ilin unudulmaz Aprel döyüşləri də say-seçmə, qorxmaz, mübariz oğullarımızın hünəri hesabına tarixi qələbəmizin başlanğıcı adlandırıldı. Həmin döyüşlərdə Vətən torpağına can qurban edənlərdən bir də - şair-müəllim Mikayıl Yaqub oğlu Vahabzadə oldu.

Layihəmizin məqsədi bu adların tanıdılması, xatirələrinin əbədiləşdirilməsidir. Layihəmiz çərçivəsində övladlarımızın adlarının əbədiləşdirilməsindən bir rahatlıq duyuruq.

 Şair şəhidimiz Mikayıl Vahabzadə 1993-cü ildə İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub. Sumqayıt Dövlət Universitetini bitirib. 2015-ci ildə İsmayıllı Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Tərtər istiqamətində “N” saylı hərbi hissədə xidmət edib. M. Vahabzadə ölümündən sonra “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib. Haqqında jurnalist Lətifə Əliyevanın müəllifliyi ilə “Şəhidliyə aparan sevgi” adlı kitab yazılıb. Bu kitaba şəhid şairin şeirləri də daxil edilib.
Yaxın günlərdə filmin İsmayıllı və Gəncə şəhərlərində təqdimat mərasimləri keçiriləcək, “Qoşa ruhlar”  görüşümüzə gələcək. İnanırıq ki, ərsəyə gətirilən film şəhid şairlərimiz Salmanov Aydın Arif oğlunun və Vahabzadə Mikayıl Yaqub oğlunun hər birimiz üçün əziz olan ruhlarını şad edəcəkdir.
Aybəniz Qafarlı

Şərhlər