MƏTBUATIN MONİTORİNQİ APARILIR
11.09.2018 14:38 Sosreaksiya 998
Mediada Azərbaycan dili ilə bağlı problemlər öyrəniləcək
"Dil sahəsində ən çox problemlər internet saytlarda üzə çıxır. Qəzetlər bu cəhətdən nisbətən yaxşıdır"
Ötən gün Mətbuat Şurasının təşəbbüsü ilə "Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib ki, kütləvi informasiya vasitələrində çalışanların ana dilimizdən düzgün yararlanmaları mütləqdir. MŞ sədri jurnalistikamızda dildən istifadə xüsusiyyətlərinin çoxsaylı müzakirələrin mövzusuna çevrildiyini deyib. O vurğulayıb ki, ötən illərlə müqayisədə bir sıra irəliləyişlərin əldə olunmasına baxmayaraq, jurnalistlərin ədəbi dilin işlədilməsi qaydaları ilə bağlı problemləri yaşanmaqdadır: "Layihəmizin məqsədi həmin tendensiyanın aradan qaldırılmasına dəstək göstərməkdən ibarətdir. Bu, 2018-ci ildəki ilk toplantımızdır.
Hələlik bəzi xarakterik məqamları diqqətə çatdırmağı düşünürük. Monitorinqimiz iyunun 15-dən noyabrın 15-dək olan dövrü əhatə edir. İlkin nəticələrimiz var. Tədbirimiz də bu nəticələri ümumi şəkildə vurğulamaq, diqqətə çatdırmaq məramından irəli gəlir. Layihə çərçivəsindəki ikinci tədbirimizdə isə konkret rəqəmləri açıqlamağı düşünürük".
Tədbirdə çıxış edən digər media nümayəndələri müzakirə olunan mövzunun əhəmiyyətinə toxunaraq bildiriblər ki, jurnalistikanın söz sənəti kimi ədəbi dilə riayət etməsi örnək mahiyyət daşıyır. KİV təmsilçiləri digər sahələrdə də ana dilindən istifadədə ciddi nöqsanların mövcudluğuna diqqət çəkiblər. Bununla əlaqədar olaraq maarifləndirmə işləri ilə yanaşı, hüquqi mexanizmlərin tətbiqinin əhəmiyyətini önə çəkiblər.
Monitorinqin ilkin nəticələri ilə bağlı "Şərq"ə danışan Mətbuat Şurasının ədəbi dilin qorunması ilə bağlı monitorinqinin qrup rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, "Xalq qəzeti"nin əməkdaşı İlham Abbasov deyib ki, təşkil edilən monitorinqin müddəti 6 aydır. Hələlik bu müddətin 3 ayı başa çatıb. İ.Abbasovun sözlərinə görə, konkret və yekun nəticələri monitorinq tamamilə başa çatdıqdan sonra bəyan etmək mümkündür:
"Mətbuat Şurası 2012-c ildən üzü bəri bu cür monitorinqlər aparır. Şahidi oluruq ki, dil sahəsində ümumi problemlər hələ də qalmaqdadır. Lakin tədbirdə də vurğuladığım kimi, müsbət tendensiyalar müşahidə olunmaqdadır. Başa vurduğumuz 5-6 il ərzində müəyyən düzəlişlər var, vəziyyət nisbətən dəyişməkdə, peşəkarlıq artmaqdadır. Əlbəttə, müxtəlif çatışmazlıqlar var. Konkret dilin sahələr üzrə bölünməsində, məsələn, qrammatikada, leksikada, üslub və ifadə tərzində bir sıra nöqsanlar mövcuddur. Ən çox çatışmazlıq üslub və ifadə tərzindədir.
Bunun əsas səbəbi isə odur ki, jurnalistlərimizin praktik dil bilgisi zəifdir. Dillə bağlı qaydaları bilmirlər. Bu sahədə səviyyə çox aşağıdır. Məsələ ondadır ki, əgər bir insan praktiki cəhətdən dili yaxşı bilsə, qaydaları bilməsi o qədər də vacib deyil. Ancaq praktik dil bilgiləri çox aşağıdır, o baxımdan yazılarda dil və ifadə səhvləri özünü daha aydın şəkildə büruzə verir".
İ.Abbasovun fikrincə, dil sahəsində ən çox problemlər internet saytlarda üzə çıxır: "Qəzetlər bu cəhətdən nisbətən yaxşıdır. Yəni qəzetlər televiziyalardan yaxşıdır, televiziyalar isə saytlara nisbətən bir az abırlıdır. Çünki qəzet elədir ki, orada çalışanlar peşəkar jurnalistlər olmasa belə, sonda qəzetin səhifələri peşəkar və təcrübəli media adamlarının əlindən çıxır. Saytlar və sosial şəbəkələr barəsində ümümiyyətlə danışmağa dəyməz.
Sanki kimlərsə orada əyləşib bir-biri ilə lağ-lağı edirlər. Bunu dil baxımından dəyərləndirməyə belə adam utanır. Lakin hansı internet portalları həqiqətən də peşəkarların əlindədirsə, onlarda vəziyyət nisbətən normaldır. Tədbirdə bu məsələyə toxunulduqda bildirildi ki, saytlar xəbərləri və informasiyaları operativ vermək məcburiyyətində olduqları üçün dil xətalarına yol verirlər. Ancaq operativlik heç kimə imkan vermir ki, dilimizi eybəcər hala salsınlar. "Pulum yoxdur, vaxtım yoxdur, həvəsim yoxdur" və s. bu cür bəhanələrlə dili korlamaq olmaz".
Monitorinq qrupunun rəhbəri bildirib ki, Mətbuat Şurası sadəcə tövsiyə verə bilər. Qurumun əlində başqa səlahiyyət yoxdur: "Monitorinq qrupunun əlavə səlahiyyəti yoxdur ki, həmin saytlara qarşı nəsə iş görsün. Biz monitorinqin yekun hesabatını açıqlayırıq və nəticələr mətbuatda geniş müzakirə olunur. Ondan sonra reaksiyalar üzə çıxır. Məhz bunun nəticəsidir ki, bu gün dillə bağlı məsələdə müsbət tendensiyanı müşahidə edirik. Hesab edirəm ki, bu da 2012-ci ildən bu yana aparılan monitorinqlərin müsbət təzahürüdür. 6 il ərzində mətbuatın, ictimaiyyətin, hətta dövlətin diqqəti bu sahəyə yönəlib. Bilirsiz ki, mediada dilin tətbiqi ilə bağlı dövlət proqramları hazırlanıb və icra olunmağa başlanılıb. Bu məsələlər xeyli ümidverici ortam yaradır".
İ.Abbasov vurğulayıb ki, ötən gün bir media orqanında dillə bağlı müraciətə rast gəlib. Onun sözlərinə görə, həmin müraciət çox görkəmli ziyalılarımız və dilçi alimlərimiz tərəfindən imzalanıb: "Əslində mən "ay aman, qoymayın, dilimiz batır" yanaşması ilə razı deyiləm. Yazının korlanması dilimizin batması demək deyil. Əgər kimsə pis yazırsa, sadəcə öz dilini korlayır. Dil xətalarına yol verən mətbuat orqanları ilk olaraq özlərini gözdən salırlar, zəiflədirlər. Azərbaycan dilini kim korlaya bilər ki? Dilimiz nə "ölə", nə də "xəstələnə" bilər.
Çünki çox sağlam dildir. Xətalı yazan 50 jurnalistin içində sadəcə 2-3 nəfər düzgün yazarsa, dilimiz yaşayacaq. Dilimiz üçün qorxu görmürəm, çünki dil elə bir nəhəng potensiala malikdir ki, 5-10 nəfərin səhvi onu korlaya bilməz. Məsələn, götürək ədəbiyyatımızı, 10 nəfər şeir yazır, ancaq onların içində sadəcə ikisi yaxşıdır. Bu o deməkdir ki, poeziyamız məhv olur?! Əlbəttə, yox. Yüz illərdir dilimiz necə gəlibsə, elə də gedəcək. Bizim köklü mətbuatımız, təhsil sistemimiz və ədəbiyyatımız var".
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi bəyan edib ki, ümumilikdə 20 KİV nəzərdən keçirilib: "Bir çox hallarda müəllifin yazdığı mövzu barədə məlumatsızlığı dil pozuntularını doğurur. Prinsipial məqam budur ki, pozuntu dilin qrammatik sisteminə daxil olursa, məsələ ciddidir. Daha bir xarakterik cəhət isə mürəkkəb sözlərin işlədilməsi ilə əlaqədardır. Təbii ki, orfoqrafik səhvlər də kifayət qədərdir. Mətbuat Şurasının monitorinqində iki başlıca məqama diqqət yetirilir. Birincisi, leksik pozuntulardır ki, bura alınma dialekt, şivə sözlərin, terminlərin və yeni sözlərin, yəni neologizmlərin işlədilməsi ilə bağlı pozuntular daxildir. Qrammatik pozuntulara isə morfoloji və sintaktik qaydalara əməl olunmaması ilə bağlı pozuntular, həmçinin üslub pozuntuları aiddir".
MŞ İdarə Heyətinin üzvü, "Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı da bildirib ki, rəhbərlik etdiyi media qurumuna işçi götürülməsində onların jurnalistika fakultələrini bitirmələri amili nəzərə alınır. Lakin məzunların heç də hamısı tələblər səviyyəsində olmur. A.Camalqızına görə, jurnalistika fakultələrinin tələbələrinin dərslərinin redaksiyalarda keçirilməsi daha faydalıdır. Belə yanaşma nəzəri biliklərin təcrübədə tətbiqi üçün real şərait yaradacaq: "Dilin qaydalarına riayət edən jurnalistlər həddindən artıq azdır. İxtisaslaşmış gənclər də mediada bir müddət çalışdıqdan sonra dövlət qurumlarına üz tuturlar.
Son vaxtlar biz jurnalistika fakültəsi ilə sıx əməkdaşlıq edirik. Görürük ki, tələbələr, məzunlar həqiqətən də çox qüsurlu yazırlar. Jurnalistika fakültəsinin rəhbərliyi tələbələrin dərsləri media qurumlarında keçməsini təşkil edə bilərlər. Hətta müəllimlər də gəlsin, biz o şəraiti yaratmağa hazırıq. Çünki zaman sürətlə dəyişir, jurnalistika yenilənir. Sovet dövrünün təsirində qala bilmərik. Yeni medianın tələbləri tamam başqadır. Xarici mətbuatda müqəddimə sıradan çıxıb. İnsanların vaxtı azdır, saatlarla oturub məqalə oxumaq istəmirlər. Məsələn, rus mediasında bir cümləlik xəbərlər var. İnternet mediası belə qısa və lakonik olmalıdır. Biz Axar.az saytında buna daim əməl etməyə çalışırıq".
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də vurğulayıb ki, media zamanla ayaqlaşaraq çevik fəaliyyət göstərməlidir:
"Çeviklik heç də o demək deyil ki, ədəbi dilin norma və qanunları ikinci plana atılmalıdır. Bunun baş verməməsi üçün maarifləndirici tədbirlərlə yanaşı, müasir informasiya texnologiyalarının tətbiqinin genişlənməsinə ehtiyac var". Baş redaktor dünyanın bir çox ölkələrinin media vasitələrində, eləcə də internet informasiya resurslarında dildən istifadədəki qüsurlara yol verilməsinin qarşısını alan xüsusi proqramların tətbiq edildiyini diqqətə çatdırıb: "Ölkəmizin əlaqədar qurumlarının məsələyə həssaslıqla yanaşmaları vacibdir". "525-ci qəzet"in redaktoru Seyfəddin Hüseynli isə qeyd edib ki, dil məsələlərinə yanaşmada ilk növbədə nəsillər arasındakı münasibətlər tənzimlənməlidir. Mövcud xüsusda medianın dili məsələsinə diqqət yetirilməlidir: "Bu, mediaya baxışı da aktuallaşdırır. Çevik medianın xəbər dili reallığı var. Reallıq ənənəvi medianın dilindəki ahəngdarlıqla uzlaşmır. Uzlaşmaların yaranmasına çalışmalıyıq. Buna görə də nöqsanların diqqətə çatdırılması mütləqdir".
Şərhlər