“Los Angeles Times”: Bakı Xəzər Dənizinin zinət tacıdır
11.09.2018 14:40 Sosreaksiya 786
ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetinin ispandilli versiyasında (“Hoy Los Angeles”) “Bakı: Xəzər Dənizinin zinət tacı” başlıqlı geniş məqalə dərc edilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan Oxu.Az-a bildiriblər ki, qəzetin baş redaktoru Alexandro Masielin müəllifli olduğu məqalədə müəllif Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşür, ölkəmizin inkişafı, Bakının əsrarəngiz gözəlliyi, görməli yerləri və son illərdəki sürətli transformasiyası haqqında ətraflı məlumat verir.
A.Masiel səfərdən əvvəl Azərbaycan haqqında təsəvvürünün olmadığını, ölkəmizin yalnız adı və yerləşdiyi coğrafiya haqqında məlumatlı olduğunu bildirir, sözügedən səfərin onun bütün baxışlarını dəyişdiyini və Azərbaycanın inkişafını öz gözləri ilə görməkdən məmnun olduğunu vurğulayır.
A.Masiel ölkəmizdə müxtəlif dinlərə mənsub insanların, o cümlədən müsəlmanların, yəhudilərin, ortodoks xristianlarının və katoliklərin dinc və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edir. Bu səpkidə o, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin fikirlərindən sitat gətirir:
“Tolerantlıq və ya dözümlülük insanın onu narahat edən nəyəsə dözümlü yanaşması mənasını verir. Azərbaycanın nümunəsində isə bu tolerantlıqdan da yüksək yanaşmadır. Azərbaycanda bu, başqalarının inanclarına və adət-ənənələrinə hörməti özündə ehtiva edir. Bu isə ölkəmizdəki xalqların dinc birgə yaşayışını təmin edib”.
Sonda müəllif oxucularını Azərbaycana səfər edərək bu ölkəni özləri üçün “kəşf” etməyə dəvət edir.
Şərhlər