Mətbuat Şurası mərhum jurnalistin ailəsinə baş çəkdi - FOTOLAR

10.08.2015 22:46     Sosreaksiya     2239

Bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşov, sədr müavini Umud Rəhimoğlu və  icraçı katibi Rəhim Hüseynzadə mərhum jurnalist Rasim Əliyevin ailəsinə baş çəkərək onun atası Məmmədəli Əliyevə və yaxınlarına başsağlığı verib, səbr diləyib.

Əflatun Amaşov jurnalistin ölümü ilə bağlı Reaksiya.az-a verdiyi açıqlamasında kədərləndiyini bildirərək deyib ki, hadisə baş verən kimi Mətbuat Şurası bəyanatla çıxış edib və bu olaya öz narahatlığını qeyd edib: “Çünki hər hansı bir qəzet materialına, televiziya reportajına, facebook statusuna görə kiminləsə belə ədavət saxlamaq, insana fiziki xəsarətlər yetirmək və onu öldürmək düzgün deyil. Biz birmənalı şəkildə dedik ki, bu məsələ ciddi şəkildə araşdırılmalı, günahkarlar öz cəzalarına çatmalıdırlar. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev hadisə ilə bağlı öz fikrini bildirdi və narahat olduğunu qeyd etdi. Məsələ ilə bağlı birbaşa müvafiq qurumlara, xüsusilə Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa göstəriş verdiyini açıqladı və bu hadisəni mütəmadi olaraq nəzarətdə saxlayacağını dedi. İnanırıq ki, cənab Prezidentin bu çıxışından sonra cinayət hadisəsi tez bir zamanda öz hüquqi həllini tapacaq”.

Umud Rəhimoğlu isə bunun ağrılı bir hadisə olduğunu vurğulayıb: “Təbii ki, qanunun bütün imkanlarından istifadə edilərək günahkarlar cəzalarını almalıdırlar. Hesab edirəm ki, bu cür məsələlərə cəmiyyətimizdə daha pis fəsadların və boşluqların qarşısının alınması üçün obyektiv yanaşılmalıdır. Bu məsələ cənab Prezidentin verdiyi tapşırıqlar əsasında öz həllini mütləq tapacaq”.

Mətbuat Şurasının sədr müavini əlavə edib ki, olayla bağlı fikrini hadisə baş verən kimi bildirib və həmkarının ölüm xəbərini böyük bir üzüntü ilə qarşılayıb.

“Qaziler.az” saytının baş redaktoru Rey Kərimoğlu və “Reaksiya.az” saytının direktoru Zaur Qəriboğlu da mərhumun ailəsinə bağsağlığı verərək hadisədən bərk kədərləndiklərini bildiriblər.

Qeyd edək ki, avqustun 8-də saat 18.00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.

 Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyinin xüsusi nəzarətindədir.

Ölən jurnalist Rasim Əliyev “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynovu tənqid edən status yazdığına görə, onun qohumları tərəfindən döyülmüşdü. Onu döyənlərdən biri Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılov bu gün könüllü olaraq polisə təslim olub.

Xatırladaq ki, mərhumun üç mərasimi sabah, avqustun 11-də Yeni Günəşli qəsəbəsinin “G” massivində yerləşən xeyir-şər evində keçiriləcək.

Şərhlər

Çox oxunanlar