Şəhidlərin vərəsələri birdəfəlik ödəməni almaq üçün notariusa müraciət etməyə başlayıblar - VİDEO

09.10.2018 11:51     Sosreaksiya     784

Bu gündən etibarən şəhid hərbi qulluqçuların vərəsələri birdəfəlik ödəməni almaq üçün notariusa müraciət etməyə başlayıblar.

"Report" xəbər verir ki, 3 gün ərzində məlumat notarius orqanlarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndəriləcək. Nazirlik toplanmış məlumatları ayda bir dəfə  Maliyyə Nazirliyinə ödəmə üçün göndərəcək.

Şəhid vərəsələrinə birdəfəlik ödəniş olunması üçün bu il dövlət büdcəsindən 58 milyon manat vəsait ayrılıb.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ödəməni almaq üçün təqdim edilməli olan sənədlərin siyashısını açıqlayıb.

Xatırladaq ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.

 

Şərhlər