300 minlik villasına həbs qoyulan sabiq məmurun işçiləri ifadə verdi

10.10.2018 15:23     Sosreaksiya     757

Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisi Şahin Tağıyev növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Şahin Tağıyev mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Qəbələ Telekommunikasiya Qovşağının 3 əməkdaşı şahid qismində ifadə verib.

Qovşağın sahə rəisi Namiq Eyyubov dindirilən zaman istintaqa verdiyi ifadəsini təsdiq etdiyi bildirib.

O, bildirib ki, Qəbələ şəhərində kabel çəkilməsinə rəhbərlik edib: "Mal-materealı Qovşaqdan qaimə ilə götürürdük. Qovşağa pul daxil olmasından xəbərim olmayıb. Mən sadəcə sənədlərə imza atmışam".

Digər şahidlər də eyni məzmunlu ifadələr verib. Məhkəmənin növbəti iclası oktyabrın 17-nə təyin edilib.

Şahin Tağıyev sərbəst ifadəsində rəhbəri olduğu qovşaqda görülən işlərin şişirdilməsində və əldə edilən məbləğin mənimsənilməsini təsdiq edib. Lakin o deyib ki, bunu podratçı şirkət edib: "Mənim marağım sadəcə bu işin görülməsi olub. Podratçı şirkətlə razılığı mən imzalasam da pulu mən ödəməmişəm. Heç bir məbləğ də almamışam. Mən özümə haqq qazandırmıram. Amma heç kəsdən qalan puldan özüm üçün heç nə almamışam".

Məhkəmədə o da məlum olub ki, Ş.Tağıyevin 300 min manat məbləğində dəyərləndirilən Qəbələdəki ikimərtəbəli evinə məhkəmə qərarı ilə həbs qoyulub. İttiham aktında yazılır ki, Qəbələdə görüləcək rabitə işlərinə nazirlik tərəfindən ayrılan pulun 90 faiz Oqtay Rüstəmova verilib. Həmin məbləğin 1 faizi bank əməliyyatlarına ayrılıb. Ş.Tağıyevin dediyindən məlum olub ki, qalan 9 faiz məbləğlə isə Qəbələ rayonu ərazisində rabitə işləri görülüb.

Amma istintaq belə qənaətə gəlib ki, Ş.Tağıyev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əmlakını mənimsəyiblər.

Ş.Tağıyev ümumi mənimsənilən 1 milyondan artıq məbləğin 10 faizinin şəxsən özü tərəfindən mənimsəmədə günahlandırılır. İstintaqla müəyyən edilib ki, Ş.Tağıyev rəisi olduğu qovşaqda işlərin görülməsi üçün ayrılan vəsaitdən 168 min manatını mənimsəyib. Ş.Tağıyev verilən ittihamla özünü təqsirli bilməyib. Deyib ki, istintaqın müəyyən etdiyi 168 min manat məbləği özü götürməsə də ödəyib.

Qeyd edək ki, Ş.Tağıyev həbs edilməyib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Reaksiya.az

Şərhlər