Bakıya yeni avtobuslar gətiriləcək, 62 avtobus kart sisteminə keçiriləcək

11.10.2018 12:01     Sosreaksiya     717

Oktyabrın 9-da Nazirlər Kabinetinin iclasında dövlət başçısı cənab İlham Əliyev Bakı şəhərində ictimai nəqliyyat sahəsində mövcud olan problemlərə toxunaraq, son vaxtlar baş verən hadisələrlə bağlı sərt fikirlər bildirmiş, daşıyıcı şirkətlərlə bağlı çox ciddi tapşırıqlar vermişdir. Dövlət başçısı tərəfindən verilən göstəriş və tapşırıqların icrasına hər zaman məsuliyyətlə yanaşan “Xaliq Faiqoğlu” MMC-nin rəhbərliyi tərəfindən şirkətin inzibati binasında istismar, nəzarət, dispetçer heyəti, həmçinin hüquq, insan resursları, mərkəzi müşahidə şöbəsinin rəhbərləri və çox sayda sürücülərin iştirakı ilə geniş tərkibdə iclas keçirilmiş, şirkət tərəfindən göstərilən xidmətin keyfiyyətinin artırılması, mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi və təxirəsalınmaz tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verilmişdir.

“Xaliq Faiqoğlu” MMC-nin yaydığı məlumatda bildirilib ki, şirkət Bakı Nəqliyyat Agentiliyinin paytaxtın şəhər nəqliyyatının işinin daha da yaxşılaşdırılması, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkil edilməsi məqsədilə həyata keçirdiyi islahatlarda aktiv şəkildə iştirak edir. Belə ki, 15 ilə yaxındır Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” MMC 2015-ci ildən korporativ idarəetmə standartlarının tətbiqinə başlamışdır. Yerli və xarici maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər hesabına son üç ildə avtobus parkını beynəlxalq və ekoloji standartlara cavab verən avtobuslarla mütəmadi yeniləyən yeganə özəl daşıyıcı olan şirkət 1 sentyabr 2016-cı il tarixindən istismarında olan avtobuslarda elektron ödəniş sisteminin (Bakı Kart) tətiqinə başlamışdır və hal-hazırda 14 marşrut xəttindən 9-da “Bakı Kart” sistemi mövcuddur. Ümumilikdə isə şirkət 226 sərnişin avtobusu ilə əhaliyə xidmət göstərir və onlardan 164-də kartla ödəmə sistemi tətbiq edilir. Bu ilin sonunadək digər 62 avtobusun da yeniləri ilə əvəz edilməsi və “BakıKart” sisteminə qoşulması planlaşdırılır.

Şirkətin istismarında olan bütün avtobuslar video-müşahidə sistemləri ilə təchiz olunmuşdur, gün ərzində mərkəzi müşahidə şöbəsi tərəfindən sürücülərin fəaliyyəti kameralar vasitəsilə izlənilir. Şirkətin sürücüləri hər zaman nümunəvi fəaliyyəti ilə fərqlənir və ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə hər zaman yüksək peşəkarlıqları ilə seçilmişdir. Təhlükəsiz sərnişindaşıma xidmətinin təşkili şirkətin qarşısında duran ən önəmli vəzifələrdən biridir. Bu məqsədlə sürücü qismində işə qəbul olunan namizədlərə olan əsas tələblər ilk növbədə sağlamlıq göstəriciləri, narkoloji test və məhkumluğun olmamasıdır. Şirkətin təmir mərkəzində xüsusi tibb məntəqəsi mövcuddur ki, qanunvericiliyin tələbini əsas tutaraq reysqabağı bütün sürücülər alkotestdən keçirilir. Sərnişinlərin rahatlığı üçün şirkətin istismarında olan avtobuslarda Wi-Fi xidmətinin tətbiqinə başlanmış və yaxın vaxtlarda 164 ədəd avtobusda sərnişinlərə ödənişsiz internet xidməti təqdim olunacaqdır.

“Xaliq Faiqoğlu” MMC beynəlxalq mühasibatlıq sistemini tətbiq edən ilk özəl daşıyıcı şirkətdir və beynəlxalq audit şirkəti tərəfindən şirkətin fəaliyyəti hər il audit olunur. “Xaliq Faiqoğlu” MMC beynəlxalq maliyyə institutu olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” ilə əməkdaşlığa başlayan yeganə özəl daşıyıcı şirkətdir və iyul ayının 12-də imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Bakı şəhərinə 70 ədəd Avro 6 emissiyalı müasir avtobuslar gətiriləcəkdir.

Şirkətin təsisçisi Faiq Seyidov cənab Prezident tərəfindən verilən tapşırıqların bundan sonra da yüksək səviyyədə və layiqincə yerinə yetirilməsi üçün bütün qüvvələrin səfərbər olunacağını və göstərilən xidmət səviyyəsinin daha da təkmilləşdirilməsi üçün səylərin davam etdiriləcəyini bəyan etmişdir.(publika)

Reaksiya.az

Şərhlər