Milli Məclisdə şəhid ailələrinin problemi qaldırıldı
16.10.2018 13:52 Sosreaksiya 804
Deputat Fazil Mustafa Milli Məclisin (MM) oktyabrın 16-da keçirilən plenar iclasında bir qrup şəhid ailəsinin birdəfəlik ödəməni ala bilməməsi ilə bağlı problemi qaldırıb.
Millət vəkili qeyd edib ki, ölkə prezidenti mütərəqqi addım ataraq şəhid ailələrinə 11 min manat birdəfəlik müavinət verilməsi məsələsini təmin etdi:
“Bu, çox vacib addım idi. Ancaq çox sayda adam var ki, onlar bu hüquqdan yararlana bilmir. Onlara deyirlər ki, vaxtilə 50 min manat olan pulu alıblar. Onlar isə bunu almadığını deyir. Vətəndaşın öhdəsinə buraxırlar ki, alıb-almamaq məsələsini özləri sübut etsinlər. Başa düşmürəm ki, onlar niyə özləri sübut etməlidir?
Nazirlik deyir ki, “Azərsığorta”da sizin adınız siyahıya salınmayıb. Qurumlar öz işini görə bilmir və şəhid ailələri Milli Məclisin deputatlarının üzərinə gəlirlər. Mən onları bu gün qəbul etdim. Məmurlar öz işini yerinə yetirə bilmir. Deyirlər ki, beş ildən bir arxivi yandırırıq. Ona görə elektron formada sənədləşməni həyata keçirmək vacib addımdır”.
Millət vəkili Zahid Oruc da həmkarının fikirlərini dəstəkləyib.
“4800-dən artıq şəhid ailəsinə “yox” cavabı verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bundan narahatdır. Cənab prezident seçkilərdən sonra şəhid ailələri ilə bağlı ilahi, müqəddəs bir sərəncam verdi. Bununla göstərdi ki, şəhid və şəhid ailəsi onun üçün, dövlət üçün nə qədər müqəddəsdir. Yəni, onlar bu dövlətin məhək daşıdır. İndi onlara qarşı belə bir münasibət başadüşülən deyil.
Axı, məqamı gələndə şəhid ailəsi bir daha ayağa qalxıb dövlət, torpaq üçün vuruşacaq. Ona görə sığorta təşkilatı tərəfindən yaradılan bu problem aradan qaldırılmalıdır. Onların bunu etməyə haqları yoxdur. Hesab edirəm ki, millət vəkillərindən, sığorta qurumunun və adıçəkilən nazirliyin nümayəndələrindən ibarət bir komissiya formalaşdırılmalı və məsələ, problem aradan qaldırılmalıdır”, - deyə millət vəkili əlavə edib.
Şəhid ailələrinin hər birimiz üçün müqəddəs, baş tacı olduğunu deyən millət vəkili Qənirə Paşayeva bu problemin ciddi şəkildə ortaya çıxdığını bildirib:
“Bunun bir yolu tapılmalıdır. Çünki şəhid ailələri arasında ayrı-seçkilik yaradılmamalıdır. Biri yararlana bilir, biri yararlana bilmir, bu, düzgün deyil. Eyni zamanda, çox təəssüflər olsun ki, insanları nədənsə parlamentə tərəf döndərirlər. Axı, parlament bununla bağlı öz qərarını verib, mövqeyini bildirib. Bu məsələdə parlamenti günahkar kimi göstərmək düzgün deyil. Odur ki, aidiyyəti qurumlar bu məsələni tezliklə həll etməli, narazılıqlara son qoymalıdır”.
Millət vəkili Siyavuş Novruzov həmklarlarından fərqli olaraq, məsələnin maddi tərəfinin qabardılması və şişirdilməsinin əleyhinə olduğunu bildirib:
“Beş manat az oldu, beş manat çox oldu, bundan uzaq qaçmaq lazımdır. Şəhid dövlətin şəhididir. O, bu dövlət, bu xalq üçün şəhid olub. Ona görə məsələnin mənəvi tərəfini bir kənara qoyub, maddi tərəfini şişirtmək düzgün deyil”.
Millət vəkili Çingiz Qənizadə MM qarşısındakı mənzərənin xoş olmadığını bildirib:
“Axı, cənab prezident o cür addım atıb, niyə onu urvatsız edirlər? Bu insanları niyə küçələrə salırlar? Şəhid ailələri belə münasibətə layiq deyil. Niyə onları Milli Məclisə göndərirlər? Hesab edirəm ki, aidiyyəti qurumlar öz üzərinə düşən işin, məsuliyyətin öhdəsindən gəlməlidirlər. Şəhid ailələrini incitmək, küçələrə salmaq olmaz. Bu, başucalığı gətirən hal deyil”.
Müzakirələrə münasibət bildirən spiker Oqtay Əsədovkomissiya yaradılmasını təklif edib.
O, bu işi MM-in İnsan hüquqları komitəsinə həvalə edib:
“İnsan hüquqları komitəsi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini və “Azərsığorta”nın nümayəndələrini həmin komissiyaya cəlb etsin və məsələ araşdırılsın”.
Şərhlər