Hacıbala Abutalıbov: “Əgər sürüşmə zonasındakı torpaqları mən satmışamsa...”

16.10.2018 14:12     Sosreaksiya     1044

Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şosesindəki (Badamdarla 20-ci sahəni birləşdirən yol) sürüşmə ilə bağlı ilkin rəy açıqlanıb. Bu barədə modern.az-a baş nazirin müavini Hacıabala Abutalıbov məlumat verib.

“Sürüşmə səbəbi sudur”

O qeyd edib ki, ilkin rəydə sürüşməyə səbəb su amili göstərilib: “Su olmayan yerdə sürüşmə olmur. Torpağın altındakı gil su daxil olanda sabun halını alır və üzərindəki torpağı sürüşdürüb aparır. İndi bizim məqsədimiz suyun səviyyəsinin süni surətdə azaldılmasına nail olmaqdan ibarətdir. Quyular qazılaraq nasoslar vasitəsilə çəkiləcək və suyun səviyyəsi aşağı salınacaq”.

Baş nazirin müavini torpaq qatının altına su yığılmasının səbəblərinə də aydınlıq gətirib: “Birincisi, ümumiyyətlə, Badamdar-3 massivində kanalizasiya sistemi yoxdur. İkincisi, bu ərazi 1860-cı ildən bəri sürüşmə zonasıdır və həmişə sürüşüb. 2015-ci ildə bununla bağlı Nazirlər Kabientinin qərarı var. Xüsusi qərara görə, ərazi aktiv sürüşmə zonasına daxildir və orada heç bir tikinti həyata keçirilə bilməz”.

“O torpaqları mən satmışamsa...”

H.Abutalıbov həmin ərazidəki torpaqların onun mer olduğu dövrdə ayrı-ayrı imkanlı adamlara satıldığı iddialarını da cavablandırıb: “Sizin mülahizələriniz ki var bu yerlər mənim mer olduğum dövrdə satılıb, buna da cavab verirəm. 
Birincisi, o torpaqlar dövlət torpağıdır və satılmır. İkincisi, mən 3 gündür ərazidəyəm. 11 evin hamısının sakinlərilə də görüşərək, xəbərdarlıq etmişəm. Hər birinə demişəm ki, bu evlərin hamısı söküləcək. Və sökülməzdən əvvəl bu sürüşmə davam etdiyi üçün fəlakət tikililəri aparacaq. Əgər o torpaqları sakinlərə mən Hacıbala Abutalıbov tərəfindən - hansı ki bu, ömrümdə ola bilməz - yaxud bir başqası tərəfindən satılsaydı, sözsüz bu 11 nəfərdən biri etiraz edərdi. Çıxıb mənə deyərdi ki, “ay Hacıbala müəllim, siz satıbsız axı”. Bu sözü eşitməmişəm. Çünki belə bir şey olmayıb.

İkincisi, evlər sökülsə də, sahiblərinə kompensasiya verilməyəcək. Çünki əhali bilirdi ki, orada ev tikmək olmaz. Bu gün evlərdən birinin böyük divarı sürüşdü. Yəni proses gedir, onsuz da hamısı sürüşəcək. Ona görə də yenə də deyirəm, bu evlərin qalma ehtimalı sıfırdır. Təbii fəlakət baş verib və proses davam etdiyindən evlərin hamısı təbii olaraq sürüşəcək, dağılacaq”.

“Sizin işiniz sual vermək, mənim vəzifəm...”

H.Abutalıbov hər zaman ünsiyyətdə olduğu jurnalistlərə də çağırış edib: “Siz jurnalistlərin vəzifəsi iddia edilən, müzakirəyə çıxarılan məsələlərlə bağlı sualları mənə ünavanlamaqdır. Çünki bunlara aydınlıq gətirildikcə, oxunursunuz. Mənim də borcum ünvanlanan sualları cavablandırmaq, təbliğ etmək və məsələlərə hüquqi qiymət verilməsinə çalışmaqdır. Bunların hamısı normal proseslərdir. Amma yazanda vicdanınızın səsinə də qulaq asın. Elə edin ki, məni dahi Lev Tolstoyun ömrünün axırıncı illərindəki vəziyyətə salmayasınız. Düzdür, Tolstoy ömrünün sonunu tənhalıqla başa vurdu. Amma bir şeyi də yaddan çıxarmayın ki, mən hər şeyə dözənəm. Çünki tənhalıq özü də xoşbəxtlikdir”.

“Vicdanla yazın”

Baş nazir müavininin “Hacıbala müəllim, niyə özünüzü tənha hiss edirsiniz, axı siz tək deyilsiniz” sualına cavabı belə olub:

“Yox, mən ümumiyyətlə deyirəm. Bilin ki, tənhalıq da bir xoşbəxtlikdir. Tək olsan da sən özün, vicdanın, xeyirxahlığınla bir yerdə yaşayırsan. Ona görə deyirəm ki, bütün jurnalistlər vicdanla yazsınlar”.

Qeyd edək ki, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şosesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.

Hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Hazırda həmin villalar gözətçilər tərəfindən qorunur.

Reaksiya.az

Şərhlər