Erməni “trol”u Akif Nağıdan əl çəkmir
13.11.2018 15:53 Sosreaksiya 760
Bu gün Binəqədi rayon məhkəməsində hakim Kamran Əsədovun sədrliyi ilə QAT sədri Akif Nağıya qarşı növbəti məhkəmə iclası keçirilib. Sosial şəbəkələrdə erməni təbliğatı aparan Röşən Əzizovun iddiası əsasında iyul ayında başlayan məhkəmə prosesi hələ də davam edir. A.Nağı bildirib ki, bu erməni “trol”u Qarabağ Azadlıq Təşkilatını onun işdən çıxarılmasına guya bais olmaqda ittiham edir. QAT sədri ittihamın heç bir əsasının olmadığını, Qarabağ Azadlıq Təşkilatına qarşı təzyiq kampaniyasının bir hissəsi kimi dəyərləndirdiyini vurğulayıb, bununla bağlı bu gün məhkəməyə izahat-müraciət təqdim etdiyini, məhkəmədən R.Əzizovun hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş etdiyini qeyd edib. Məhkəməyə təqdim olunan izahat-müraciətdə göstərilir: “Əzizov Röşən Rüstəm oğlunun Qarabağ Azadlıq Təşkilatına qarşı qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. Röşən Əzizov 2017-ci ilin sonlarından sosial şəbəkələrdə Azərbaycanla Ermənistan arasında dostluğu təbliğ edən statuslar, şəkillər, müxtəlif digər materiallar yerləşdirməyə başlayıb. Onun Facebook səhifəsində dostluğunda olan şəxslərin böyük əksəriyyəti ermənilərdir və onlar R.Əzizovun mövqeyini tam şəkildə dəstəkləyirlər, çünki R.Əzizovun apardığı təbliğat ermənilərin maraqlarına cavab verir.
R.Əzizov özü etiraf etdiyinə, sosial şəbəkələrdə yazdığına görə, mənşəcə ermənidir. Belə nəticə çıxır ki, o, erməni olduğunu indi bilib və ermənilərə xidmət etməyə başlayıb. O, digər yazısında erməni dostlarına sevinclə xəbər verir ki, Binəqədi rayon məhkəməsində Qarabağ Azadlıq Təşkilatına qarşı məhkəmə başlayır. Bununla o, ermənilərin düşməni olan Qarabağ Azadlıq Təşkilatından intiqam aldıqlarına işarə edir.
R.Əzizov indi Türkiyədə cinayət məsuliyyəti araşdırılan, məlum dələduz Adnan Oktara da xüsusi simpatiyasını bildirir: “Adnan Oktar həzrətləri demişkən, bizim ermənilərlə sorunumuz yox, azərbaycanlılar aramızı pozdu, ermənilər bizim qardaşımızdır”.
R.Əzizov sosial şəbəkələrdəki publik yazılarında bizi “faşist” adlandırır. Bununla bizim ictimai imicimizə zərbə vurur, təhqir edir. Bu təhqirə hüquqi qiymət verilməsini xahiş edirik.
R.Əzizov dərs dediyi sinifin kiçik yaşlı şagirdlərindən sui-istifadə edir. Onların iştirakı ilə səhnəciklər düzəldir, çəkiliş edib sosial şəbəkələrdə yayır. Qız şagirdlərindən birinə erməni milli paltarı geyindirib, şəhərdə gəzdirir. Xahiş edirik ki, araşdırasız, R.Əzizov uşaqları bu çəkiliş və erməni paltarı ilə gəzintiyə çıxarması üçün uşaqların valideyinlərindən yazılı icazə alıbmı? Almayıbsa, buna hüquqi qiymət verilməsini xahiş edirik.
Burada R.Əzizovun əməllərinin az bir hissəsini diqqətinizə çatdırdıq.
Bütün bu cinayət tərkibli qeyri-qanuni əməllərin fonunda Qarabağ Azadlıq Təşkilatı olaraq biganə qala bilməzdik. Biz R.Əzizovun hərəkətlərini ermənipərəst və təslimçi təbliğat kimi dəyərləndirdik. Təşkilatımızın Nizamnaməsinin 2-ci bölməsinin 2.2 bəndində göstərilir ki, “İşğalçı Ermənistana qarşı əkstəbliğat işinin qurulmasına yardım etmək” əsas vəzifələrimizdən biridir. Ona görə də biz erməni təbliğatının aparılmasına yol verə bilməzdik.
Bu mövqeyimizə uyğun olaraq, mətbuatda, sosial şəbəkələrdə münasibətimizi bildirdik. 2017-ci ilin dekabr ayında Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü digər təşkilat nümayəndələri ilə birlikdə R.Əzizovun işlədiyi məktəbdə olublar, məktəbin direktorunun kabineti yaxınlığında R.Əzizov onların qarşısına çıxıb, heyət üzvləri ona çox mədəni şəkildə bildiriblər ki, cavansan, başa düşmürsən, bu yoldan çəkil və sair. Heyət üzvləri sonra məktəbin direktorunun qəbulunda olub, narahatlıqlarını çatdırıblar. Heyət direktorun qarşısında R.Əzizovun işdən çıxarılması və ya hər hansı digər tələb qoymayıb. Bizim R.Əzizovun işdən çıxarılması ilə bağlı heç bir məsuliyyətimiz yoxdur. Onun işdən çıxarılmasını düzgün hərəkət hesab edirik, çünki uşaqların tərbiyəsini bu cür erməni təbliğatçısına etibar etmək olmaz.
Lakin onun işdən çıxarılması üçün bizim heç bir səlahiyyətimiz yoxdur, biz məktəb və ya Təhsil nazirliyi deyilik ki, onu işdən çıxaraq. Ona görə də bizə qarşı qaldırdığı iddianı tam əsassız hesab edirik.
Yuxarıda göstərilənləri nəzərə alaraq hörmətli hakimin Röşən Əzizovun cinayət tərkibli əməllərinə hüquqi qiymət verilməsini xahiş edirik”.
Növbəti məhkəmə iclası noyabrın 20-ə təyin olunub.
Şərhlər