Əflatun Amaşov: “Burada deyilənlər başqa ölkələrdə çoxdan, daha sərt şəkildə qəbul olunub”
15.11.2018 14:51 Sosreaksiya 823
“Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanunun 10-cu maddəsinə edilən dəyişikliklərə görə, deputat vəzifəsinin icrası ilə əlaqədar ümumi məbləği 55 manatdan yüksək olan hədiyyə qəbul edə bilməz. Mən belə qənaətdəyəm ki, bu məbləğ kifayət qədər azdır. Çünki, başqa ölkələrdə bu rəqəm daha böyükdür. Biz gərək “Korrupsiya haqqında” qanunda bu rəqəmi dəyişək, məhz orada həmin rəqəmin artırılması ilə bağlı təklif irəli sürək. Belə olsa, problem öz həllini tapacaq”.
Bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin iclasında dedi.
O, bildirdi ki, maraqların toqquşmasının qarşısının alınması məsələsi çox vacibdir: “Heç bir deputat səlahiyyətlərinin icrası çərçivəsində statusundan öz maraqları üçün istifadə etməməlidir. Xidməti vəzifəsinin icrası ilə maraqları arasında ziddiyyət yarandıqda maraqlarından imtina etməlidir. Burada deyilənlər başqa ölkələrdə çoxdan, daha sərt şəkildə qəbul olunub. Böyük Britaniyada elə ola bilər ki, deputat parlamentin yeməkxanasında xərclədiyi pulun hesabatını verməlidir. Almaniyada deputat cinayətdə ittiham edilirsə, o, iclas zalında həbs olunur. Elə ölkələr var ki, deputat seçiciləri ilə görüşməsə, onlarla kobud davransa, ictimai yerdə özünü qeyri-etik aparsa, hətta parlamentdə çıxış etsə, onu çox ağır cəza gözləyir”.
Əflatun Amaşov deputatların gəlir deklorasiyası haqqında qanunun qəbul edilməsini təklif etdi: “Hesab edirəm ki, qanun layihəsini hazırlayarkən Əli Hüseynlinin rəhbərlik etdiyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi beynəlxalq təcrübəni öyrənib. Beynəlxalq təcrübədə gəlir deklorasiyası əsas şərtlərdən biri kimi göstərilib. Gəlir deklorasiyasının tətbiqini bu dəfə də olmasa, gələn dəfə gündəmə gətirək və qəbul edək. Bunun üçün qanunvericilik bazamız da mövcuddur”.
Müzakirələrdən sonra deputatların etik davranış qaydaları haqqında qanun ikinci oxunuşda qəbul edildi.
Şərhlər