Azərbaycanın bu şəhərində də kanat yolu çəkiləcək
11.08.2015 10:57 Sosreaksiya 1929

Naftalan kurort zonasının bərpası məqsədilə xüsusi plan hazırlanır.
Naftalan Şəhər İcra Hakimiyyətindən “Reaksiya.az"a bildirilib ki, plana əsasən turizm obyektləri sırasında Naftalanda həm ailəvi, həm fərdi, həm də uşaqların valideynsiz istirahət etməsi üçün imkanlar yaradılacaq. Burada xüsusi kotec və mehmanxanaların inşası planlaşdırılır.
TURİSTLƏR ÜÇÜN FƏRDİ EVLƏR TİKİLƏCƏK
Yeniliklərdən biri isə hazırda bütün dünyada turizmin ən geniş inkişaf etmiş növlərindən biri - fərdi həyətyanı evlərin sayının artırılması olacaq. Bu evlər sayəsində turistlər şəhər həyatı, mədəniyyəti, mətbəxi ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Bundan başqa, uzunluğu 1,7 km olacaq kanat yolunun çəkilməsi təklif olunur.
Planda Naftalanda dünya standartlarına uyğun qolf meydançası, tennis kortu, atçılıq meydanı, istixanalar, heyvanların saxlanılması, kəsimi, təzə məhsul istifadəsi üçün heyvan və quşçuluq fermasının tikintisi məsələləri də yer alıb.
Naftalanı dünyada məşhur edən müalicə əhəmiyyətli neftin emalı üçün 10 hektarlıq sahədə farmasevtik zavodun inşa edilməsi planlaşdırılır. Bu zavodda əvvəllər olduğu kimi müalicəvi neftdən dərmanların hazırlanması və dünya bazarında satışı nəzərdə tutulub.
HAVA LİMANI TİKİLƏCƏK
Digər bir yenilik isə Naftalanda hava limanının inşası ilə bağlıdır. Beynəlxalq səviyyəli hava limanının tikintisi üçün 89 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Turistlərin və sərnişinlərin gediş-gəlişi rahat olması üçün hava limanının yaxınlığında yeni avtovağzal-otel kompleksinin tikintisi işləri aparılır.
Şərhlər