AZƏRBAYCANDA YARIM GÜN İŞLƏMƏYƏ İCAZƏ VERMƏK MÜŞKÜL MƏSƏLƏDİR

04.12.2018 13:21     Sosreaksiya     747

"Yaxşı olar ki, uşaqlı anaların işini yüngülləşdirmək üçün uşaq bağçalarının inkişafına diqqət yönəldilsin"

"Ucuz qiymətə körpələr evi olmalıdır və orada elə bir şərait yaradılmalıdır ki, 126 təqvim günündən sonra işə qayıdan analar uşaqlarını rahatlıqla bu müəssisələrə versinlər"

 
Türkiyə Böyük Millət Məclisi tərəfindən yeni qanun layihəsi müzakirə edilib.
Türkiyə mediasına istinadən aldığımız xəbərə görə, növbəti ildən etibarən qüvvəyə minəcək qanun körpəli valideynlərə yarım gün işləmək icazəsini verəcək. Yeni qanunvericiliyə görə, valideynlər həftədə 3 gün 8 saatdan artıq işləyə bilməzlər. İşləyən valideynlər bir ay öncədən yarım gün iş rejiminə keçmək üçün müraciət edərək sənədlərini verəcəklər. Yarım gün işləmələrinə baxmayaraq bu şəxslər maaşı tam iş gününə uyğun olaraq alacaqlar. Bu baxımdan həm analara, həm də atalara bərabər şərait yaradılacaq.
 
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Azərbaycan qanunvericiliyində də körpə uşaqlı analar üçün kifayət qədər güzəştlər nəzərdə tutulduğunu deyib:
 
" Uşaq üç yaşına çatanadək anaya körpəsinə qulluq etmək üçün müəyyən imtiyazlar verilir. Eyni zamanda, Əmək Məcəlləsinə uyğun olaraq uşaq yaşyarıma çatanadək üç dəfə fasilə verilməlidir. Qadın həmin güzəştdən istifadə etməsə, həmin fasilələri birləşdirib işin sonunda tez çıxa bilər. Məcəllədə yazılıb ki, bu, uşağın yedizdirilməsi üçündür. Körpəli analar üçün qanunvericilikdə natamam iş vaxtı da müəyyən olunub. Qadın istəsə işəgötürənlə razılaşıb, yarım iş günü işləyə bilər. Amma işəgötürənlərin bu güzəştlərə birmənalı şəkildə əməl etdiklərini deyə bilmərik. Dövlət büdcə təşkilatlarında azyaşlı uşağı olan anaların hüquqları Əmək Məcəlləsinə uyğun şəkildə qorunur. Amma özəl sektorda işəgötürənlərlə işçilər arasında əmək müqaviləsi imzalanmadığı üçün çox az sayda müəssisə rəhbəri bu güzəştlərə əməl edir. Qeyri-rəsmi əmək münasibətlərinin üstünlük təşkil etdiyi bu cür iş yerlərində hamilə və azyaşlı uşaqlı qadınlara heç bir güzəştlər edilmir”.
 
Azərbaycanda azyaşlı uşaqlı qadınlara verilən imtiyazların genişlənməsinin tərəfdarı olmadığını vurğulayan S.Məmmədov bu fikrini bir sıra arqumentlərlə izah edib: 
 
"Adətən qadınlara geniş imtiyazlar doğuşu stimullaşdırmaq üçün demoqrafik problem yaşayan ölkələrdə verilir. Azərbaycanda isə hələ ki, doğuş səviyyəsi Avropa göstəricilərinə görə ön sıralardadır. Gələcək demoqrafik göstəricilərdə müəyyən azalmalar olsa da, indiki situasiyada belə bir problemimiz yoxdur. İkinci səbəb isə edilən güzəştlərə görə bütün xərclər işəgötürənlər üzərinə qoyulduğu üçün özəl sektorda qadınlara qarşı diskriminasiyalar olur”. 
 
S.Məmmədovun sözlərinə görə, işəgötürənlərin işçilərə məzuniyyət verməməkdən ötrü cürbəcür üsullara əl atır. 
 
Heç bir şirkət sahibi reproduktiv qadını işə götürməkdə maraqlı olmur. Çünki qadın işə gəlməyəndə yük işəgötürənin üzərinə düşür: "İşəgötürən qadın hamilə olduğu müddətdə onun qadın məsləhətxanasına getməsinin pulunu da özü ödəməlidir. Doğuşa görə məzuniyyətə gedəndə də ilk 14 günün pulunu o ödəməlidir. Qadın işə qayıtdıqdan sonra bütün imtiyazlardan istifadə edərsə, yenə də o hesabları müdriyyət ödəməlidir. Bütün bunları nəzərə alan işəgötürən də əvvəlcədən potensial ana olacaq qadınlara qarşı ayrı-seçkilik edib, müxtəlif bəhanələrlə onları işə götürmür. Və bunu müxtəlif bəhanələrlə etdiyi üçün ortada məhkəmə perspektivi də olmur. İcrası mümkün olmayan qanunverciliyin tərəfdarı olmadığım üçün də azyaşlı uşaqlı analara əlavə güzəştlərin verilməsinə də ehtiyac görmürəm. Bu, passiv dəstəkdir, mənsə aktiv dəstəyi daha vacib hesab edirəm. Sözün açığı, qadınların əmək bazarından uzaqlaşdırılmasının da tərəfdarı deyiləm. Uzun müddət evdə oturub uşağa qulluq edən qadınlar həm savad, həm də təcrübə baxımdan kişi həmkarlarından geri qalırlar. 
 
Bu isə onların inkişafına, karyerasının yüksəlməsinə mənfi təsir edir. Yaxşı olar ki, uşaqlı anaların işini yüngülləşdirmək üçün uşaq bağçalarının inkişafına diqqət yönəldilsin, onların sayını artırmaq lazımdı. Ucuz qiymətə körpələr evi olmalıdır və orada elə bir şərait yaradılmalıdır ki, 126 təqvim günündən sonra işə qayıdan analar uşaqlarını rahatlıqla bu müəssisələrə versinlər və əmək bazarını tərk etməsinlər. Azərbaycanda körpəli valideynlərə yarım gün işləmək icazəsi verilsə, iş yerlərində onlara qarşı münasibət dəyişəcək. Həmkarları narazılıq edəcək ki, yarım gün işləyib bizim qədər maaş alır”.
 

Şərhlər