Termometr qırılarsa, nə etməli? - MƏSLƏHƏT

11.08.2015 13:00     Sosreaksiya     51476

Hər evdə ən az ədəd  olan əşyalardan biri də termometrdir. Daha çox hərarəti ölçərək insanların sağlamlığında bir problem olduğunun işarəçisi olan termometrin nə qədər təhlükəli əşya olduğunu heç də hər kəs bilmir.

Termometrin daxilində 2 qram civə olur. Termometr qırıldıqda  bu civə kiçik parlaq kürəciklər şəklinə ətrafa dağılır. Cəmi 2 qram civə 6000 m3  havanı çirkləndirir. Və insan sağlamlığı üçün çox təhlükəlidir. Termometr qırılıbsa, ən qısa müddətdə Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng edilməlidir. Ətrafa dağılan civə çox ehtiyatla və mütəxəssislərin iştirakı ilə təmizlənməlidir.

Civə insanlarda hansı fəsadlara gətirib çıxara bilər?

Civə ilə təmas insan sağlamlığında çox ciddi problemlər yaradır. Aparılan tədqiqatlardan aydın olub ki, sinir sisteminin civə birləşmələrinə qarşı çox yüksək həssaslığı vardır. Bundan başqa bədənə daxil olan civənin beyin və böyrəklər üzərində də ağır yaralar yaratdığı aparılan tədqiqatlarla müəyyən edilib. Civənin qatılığının bədəndə yüksəlməsi təzyiq yüksəlməsinə, infarkta, dəridə qızartıların və yaraların yaranmasına, gözlərin zərər görməsinə səbəb ola bilər. İçməli su və ya qida yolu ilə insan bədəninə girən civə eşitmə pozğunluğuna, nevroloji pozğunluqlar, mərkəzi sinir sisteminin pozulması və xərçəngə, böyrək, qaraciyər, beyin toxumalarının pozulmasına,  xromosomları korlayıb şikəst doğumlara səbəb olur.

İnsan həyatı üçün bu qədər böyük təhlükələrə yol aça biləcək termometr evdə qırılarsa, nəyə diqqət etmək lazımdır? Əvvəla qeyd edək ki, belə bir hal baş verdikdə xüsusi təhlükəsizlik tədbirləri görməsi məqsədilə dərhal FHN-in 112 xidmətinə məlumat vermək lazımdır. Əgər belə imkanınız olmazsa ev şəraitində qabaqlayıcı tədbirlər almaq və təhlükəsizliyi təmin etmək üçün aşağıdakılara diqqət edin.

Evdə civə dağılarsa nə etmək olmaz:

- Süpürgə və lif süpürgədən istifadə etmək. Belə vəziyyətdə civə hissəcikləri parçalanaraq yayılacaq, bundan sonra isə onları bir yerə yığmaq mümkün olmayacaq;

- Tozsorandan istifadə etmək. Əgər tozsorandan istifadə olunubsa, civənin yayılmaması üçün onu dərhal atmaq lazımdır;

- Civəni kanalizasiyaya tökmək. Bu civənin borularda qalıb insan sağlamlığına böyük zərər vurmasına gətirib çıxarar.

Evdə termometr qırılarsa nə etməli:

- Civə dağılan yerdən uşaqları uzaqlaşdırmalı;

- Dərhal pəncərəni açmalı;

- Civəni ağac və hamar səthlərdən tez təmizləmək mümkündür;

- Xalçaya dağılıbsa, həmin hissəni kəsib atmaq lazımdır.

Civəni təmizləmək üçün ilk növbədə şüşə qırıntılarını yığıb plastik paketə qoymaq, ağzını bağlamaq, sonra isə civəni kartonun köməyilə (sudan qəti istifadə etməyin) səliqə ilə paketə yerləşdirib dərhal atmaq lazımdır. Ayrı-ayrı hissələri yığmaq üçün isə skoçdan istifadə etmək olar.

Gözlə görünən hissəcikləri təmizlədikdən sonra isə termometrin qırıldığı yerə və ətrafına krem çəkmək lazımdır. Krem çəkilən yerdə qabarcıqlar əmələ gələcək, onlar mütləq yığılmalıdır. Adi işıqla gözdən qaçan civə hissələrini isə fənərlə görmək olar. Istifadə olunan bütün əşyalar tullanmalıdır. Təmizlik işləri bitdikdən sonra pəncərələri açıb ventilyasiyanı qoşmaq və həmin otağa bir sutka girməmək lazımdır. Ertəsi gün döşəməni su ilə yumaq olar.

Əgər hansısa bir yerə daha çox civə dağılıbsa, dərhal pəncərəni açın, oranı soyuq saxlamaq üçün kondisioneri yandırın, heç kimə həmin yerə yaxınlaşmağa icazə verməyin, yaxınlıqda ventilyator, tozsoran və ya saç qurudandan istifadə etməyin və dərhal baş vermiş hadisə barədə cavabdeh xidmətlərə məlumat verin.

Hazırda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) civəni insan sağlamlığına ziyan vuran 10 ən təhlükəli kimyəvi maddələrdən biri hesab edir. Civə batareyaların istehsalında, bəzi lampa növlərində, termometrlərdə, diş plomblarında və vaksinlərdə istifadə edilir. Civənin istehsalına qadağanın tətbiq edilməsi məsələsi  müzakirə olunur.

 

Şərhlər