Azərbaycan vətəndaşlarının layiqli vətənpərvər kimi yetişməsi dövlətimizin qüdrətini artırır
21.12.2018 15:14 Sosreaksiya 765
Azərbaycan dövləti bu gününü və gələcəyini gənclərdən ayrı təsəvvür etmir.
Bunu Azərbaycan tələbələrinin II qurultayında çıxış edən Baş nazirin müavini Əli Əhmədov deyib.
Baş nazirin müavini qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır: "Siyasətin mərkəzində insan amilinin dayanması bugünkü Azərbaycan reallığının ən mühüm faktorlardan biridir. Biz nə ediriksə, insanların həyatı, mənəviyyatı, inkişafı üçün edirik".
Ə.Əhmədov vurğulayıb ki, bu gün Azərbaycan cəmiyyətində 30 yaşa qədər insanlar 4,6 milyon nəfər təşkil edir. Bu isə Azərbaycan əhalisinin 46 faizi deməkdir: "Tələbə yaşında, yəni 24 yaşadək olan gənclər ölkə əhalisinin 3,6 milyon nəfərini, başqa sözlə, 1/3-ni təşkil edir. Deməli, bizim cəmiyyətimiz gəncdir. Bu mənada gənclərə yönələn siyasət Azərbaycan vətəndaşlarının həyatının yaxşılaşması üçün atılan addımların əsas qayəsini təşkil edir".
O bildirib ki, bu gün Azərbaycan cəmiyyətinin malik olduğu dəyərlər gənclər üçün istifadə edilir. Eyni zamanda, bu gün Azərbaycan dövləti və xalqı öz gələcəyini gənclərlə bağlayır: "Bizim üçün əsas prioritet odur ki, gənclər sağlam olsun. İkinci prioritet gənclərin daha yaxşı təhsil ala bilməsidir. Gənclərin daha yaxşı təhsil alması Azərbaycanın gələcəyinin daha etibarlı şəkildə qurulması üçün ən mühüm amillərdəndir. Azərbaycan hökuməti bütün potensialını ona yönəldib ki, siz daha yaxşı təhsil ala biləsiniz. Siz dünyəvi bilikləri mənimsəməklə həm öz arzularınızı reallaşdırır, həm də cəmiyyətin ən mühüm fundamental amilini formalaşdırmış olursunuz".
Ə.Əhmədov deyib ki, Azərbaycan vətəndaşlarının layiqli vətənpərvər kimi yetişməsi dövlətimizin qüdrətini artırır: "Bu gün gənclərimiz fəxr etməlidirlər ki, onlar azərbaycanlıdırlar. Bizim həyata keçirdiyimiz prioritetlərdən biri odur ki, müasir və fəal olasınız, Azərbaycanın dünyada təbliğ olunmasında iştirak edəsiniz, Azərbaycana yönələn çirkli təbliğata qarşı mübariz olasınız. Məmnunluqla deyim ki, bu gün Azərbaycanda layiqli gənclər yetişir. Azərbaycanın gələcəyi siz gənclərin əlində olacaq. Biz sizdən böyük ümidlər gözləyirik. Gələcək Azərbaycan sizin mübarizliyiniz sayəsində daha da güclü olacaq".
Şərhlər