Əhalinin hələ də sığortaya inamı aşağı səviyyədədir - ekspert
10.01.2019 14:26 Sosreaksiya 717
"Azərbaycanda əhalinin sığorta sisteminə inamı hələ də zəif olaraq qalır. Digər tərəfdən, bu sahədə maarifləndirmə işləri də qənaətbəxş səviyyədə deyil”
Sfera.az-a açıqlamasında bu sözləri ölkəmizdə əhalinin könüllü şəkildə sığortaya meyl etməməsi səbəblərini araşdırarkən iqtisadçı ekspert Fuad İbrahimli deyib:
"Sığorta məsələsi çox ağrılı məsələdir. Bununla bağlı artıq müasir dövrün tələblərinə cavab verən qanunvericilik bazamız var. Ancaq bu sahədə dövlət nəzarətini həyata keçirən orqanlar dönüş yarada bilmirlər. Hazırda bazarda bu sahədə problemlər kifayət qədərdir. Hələ icbari sığortaya cəlb olunan vətəndaşlar sığorta hadisəsi baş verdikdə belə, sığorta vəsaitlərini əldə edə bilmirlər. Düzdür, bazarda kifayət qədər sağlam sığorta şirkətləri də var. Bu sahədə keyfiyyət baxımından "Paşasığorta” şirkəti öz liderliyini nümayiş etdirir. Amma bir çox sığorta şirkətləri, məsələn, "Kasko” şirkətində bir sıra hallarda vətəndaşlardan alınan sığorta haqqı sistemə vurulmayıb. Nəticədə sığorta hadisəsi baş verdikdə, vətəndaşın əlində sığorta polisi olsa da, adını sistemdə tapa bilmir. Belə halların hətta məhkəmə müstəvisində həll olunma faktları da var. Belə vəziyyətin özü də bir inamsızlıq yaradır. Eyni zamanda, maarifləndirmə prosesi də olduqca zəif təşkil olunub. Nəticədə ictimaiyyət arasında sığorta məsələsinə sağlam müstəvidə yanaşmırlar. Amma bazar iqtisadiyyatı dövründə makroiqtisadi tarazlığı yaratmaq üçün mütləq mənada sığorta sistemləri işləməlidir. Eyni zamanda, sosialyönümlü vətəndaşların sağlam həyatı üçün də sığorta sistemi vacibdir. Bu müasir dövrün ayrılmaz bir hissəsidir. Müvafiq dövlət qurumları bu istiqamətdə əllərində olan sərəncam və qərarları hərəkəgtə gətirməlidirlər”.
Qeyd edək ki, Azərbaycanda könüllü sığortaya maraq demək olar yox dərəcəsindədir. İnsanlar nədənsə könüllü sığortaya meyl etmir. Halbuki inkişaf etmiş ölkələrdə əhali sığorta məsələsinə daha ciddi yanaşır. Ölkəmizdə sığorta sistemi demək olar ki, ancaq məcburi sığorta fonunda baş verib. Halbuki, ölkədə əhalinin könüllü şəkildə sığortaya cəlb edilməsi üçün müəyyən işlər də görülüb. Ancaq görünür proses ciddi nəticə verməyib ki, əhali də könüllü şəkildə sığortaya getmir.
Şərhlər