Şeyx Kremldə rəsmi qəbulda

01.02.2019 12:45     Sosreaksiya     770

QMİ sədri Moskvada azərbaycanlıların məscid problemini həll edir

Xəbər verdiyimiz kimi, yanvarın 29-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Moskvaya səfərə gedib. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, səfər Moskva və bütün Rusiya Patriarxı Kirilin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə Moskvada keçiriləcək iki günlük təntənəli mərasimlərdə iştirak məqsədilə baş tutur.

Patriarx Kiril şeyxülislamı da bu tədbirə dəvət edib. Səfərdə Şeyxi Milli Məclisin deputatları Hikmət Babaoğlu, Cavanşir Paşazadə, Hüseynbala Mirələmov müşayiət edir.

Yanvarın 30-da şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüb. Görüş zamanı şeyxülislam patriarx seçilməsinin 10 illiyi münasibətilə təbrik edib. Qarabağ münaqişəsinin dinc yolla həlli məsələsinə Patriarx Kirillin dəstəyini xüsusi vurğulayan A.Paşazadə hazırda dünyada mürəkkəb proseslərin getdiyini bildirərək deyib ki, bu baxımdan din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. “Din xadimləri dövlət rəhbərləri, siyasi və ictimai xadimlərlə birlikdə ekstremizm və terrorizm kimi bəlalara qarşı mübarizə aparmalıdırlar. Təəssüf ki, bəzi din xadimlərinin fəaliyyətində bunun əksini görürük”, - deyə o qeyd edib.

Şeyx Kirillə görüşdə Moskvada azərbaycanlıların ibadət yeri məsələsini qaldırıb. Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən şeyxülislam dövlət başçıları arasında səmimi dostluq əlaqələrinin olduğunu, bunun da din xadimlərinin daha yaxından qarşılıqlı əməkdaşlığına şərait yaratdığını vurğulayıb. O diqqətə çatdırıb ki, Azərbaycanda dövlətin dəstəyi ilə bütün dinlərin azad fəaliyyəti üçün hər bir şərait yaradılıb. Azərbaycanda dövlətin dəstəyi ilə kilsələrin təmir və bərpa olunduğunu, yeni ibadətgahların tikildiyini söyləyən şeyxülislam deyib: “Mən sizdən, bir qardaşım kimi, xahiş edirəm, Moskvada azərbaycanlıların ibadət etmələri üçün məscid tikintisinə yer ayrılsın. Bu, bizim əlaqələrimizin daha da möhkəmlənməsinə kömək edər”.

Eyni zamanda QMİ sədri Patriarx Kirilli Azərbaycana səfərə dəvət edib. Rusiya patriarxı bildirib ki, Şeyxülislam Allahşükür Paşazadə ilə hər görüşə böyük əhəmiyyət verir və onun İslam aləmində əlaqələndirici rolunu yüksək qiymətləndirir. O deyib ki, bu görüşlər və əldə edilən razılaşmalar icmalarımız üçün olduqca əhəmiyyətlidir. Patriarx Paşazadənin Rus Pravoslav Kilsəsi ilə münasibətlərin inkişafında və dünyada, eləcə də Azərbaycanda dinlərarası sülhün dəstəklənməsində rolunu qeyd edib. O, Azərbaycanda dinlərarası münasibətlərə və Rus Pravoslav Kilsəsinin nümayəndəliyinə xoş münasibəti xüsusi diqqətə çatdırıb.

Şeyxülislam Moskvada Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb ile ilgili görsel sonucu

Elə həmin gün Şeyxülislam Moskvada Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb. "AzərTAc"ın məlumatına görə, görüşə Moskvanın Otradnoye rayonunda yerləşən “İnam” məscidinin bağlanması ilə əlaqədar narazılıq edən dindarlar da qatılıblar.

Azərbaycanın Moskvadakı səfirliyində keçirilən görüşdə çıxış edən səfir Polad Bülbüloğlu bildirib ki, Rusiyada da, Azərbaycanda da din dövlətdən ayrıdır. Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti bu ölkənin vətəndaşlarıdır və Otradnoye rayonundakı “İnam” məscidinin bağlanması məsələsini, əslində Rusiya dövləti həll etməlidir. “Düşünürəm ki, Azərbaycan dövlətinin, Qafqaz Müsəlmanları İdarəsinin, səfirliyin bu problemə diqqəti məsələnin həllinə kömək edəcək”, - deyə diplomat bildirib.

Şeyxülislam Moskvada Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb ile ilgili görsel sonucu

Allahşükür Paşazadə görüşdə çıxış edərək bildirib ki, o, bir şeyxülislam kimi Moskvada azərbaycanlıların ibadətlərini yerinə yetirmələri üçün bir neçə məscidinin olmasını istəyir. Şeyx deyib ki, indi Azərbaycan dövlətinin, prezident İlham Əliyevin diqqəti və dəstəyi sayəsində bizim başqa ölkələrdə də Azərbaycan məscidləri açmaq, ibadətgahları bərpa etmək imkanımız var.

“İnam” məscidinin bağlanmasından xəbərdar olduğunu söyləyən şeyxülislam qeyd edib ki, Patriarx Kirillə görüşdə də bu məsələni qaldırıb: “Xahiş etdim ki, Azərbaycan məscidinin inşa edilməsi üçün bizə yer ayrılsın. Bundan əlavə, mən Moskvanın meri Sergey Sobyaninə də bu məsələ ilə bağlı məktub göndərmişəm”.

Şeyxülislam Moskvada Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb ile ilgili görsel sonucu

QMİ sədri ümidvar olduğunu bildirib ki, Moskvada Azərbaycan məscidinin açılması məsələsi Rusiya qanunları çərçivəsində həllini tapacaq.

Moskvada fəaliyyət göstərən “Əhli-beyt” İslam Cəmiyyətinin sədri Nizami Baloğlanov bu şəhərdə yaşayan azərbaycanlı dindarların dövlətimizin başçısına ünvanladıqları məktubu şeyxülislama təqdim edib.

Xatırladaq ki, Moskvadakı Azərbaycan məscidi ilə bağlı problemi yanvarın 17-də “Yeni Müsavat” qəzeti olaraq yazmışdıq. Ancaq dövlət qurumlarından xarici ölkə olması səbəbindən bu məsələyə müdaxilə olunmayacağı bildirilmişdi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə sorğumuza cavab olaraq verilən açıqlamada sözügedən məscidin Azərbaycanın müvafiq qurumları ilə əlaqəsinin olmadığı bildirilmişdi. Sitat: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə daxil olan məlumata görə, sözügedən ibadət yeri məscid deyil. Moskva şəhərində vaxtilə bir qrup azərbaycanlı ibadət üçün icarəyə götürdükləri və toplandıqları məntəqədən namazgah kimi istifadə ediblər. Həmin obyektin Azərbaycan dövlətinə və Qafqaz Müsəlmanları İdarəsinə heç bir tabeçiliyi olmayıb”.

İndi isə QMİ sədri şəxsi nüfuzundan istifadə edərək Rusiya dini lideri vasitəsilə problemi həll etməyə çalışır. Daha bir maraqlı detal isə Şeyxin Moskvada diaspor təmsilçiləri və eləcə də dindarların nümayəndələri ilə görüşməsi olub. Ehtimal ki, yaxın zamanlarda məscid məsələsi öz həllini tapacaq. 

Şeyxülislam Moskvada Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb ile ilgili görsel sonucu

Siyasi şərhçi Elxan Şahinoğlu şeyxülislamın Moskva səfərini uğurlu hesab edir. Onun sözlərinə görə, bu səfərin əsas uğuru Şeyxin Moskvada azərbaycanlılara məscid tikilməsi məsələsini qaldırması oldu. Sitat: “Rusiya Patriarxı ilə görüşdən belə anladım ki, Paşazadənin əsas məqsədi Moskvada azərbaycanlıların məscidinin tikintisinə icazə almaq idi. Və bu istəyini Kirilə çatdırdı və məncə, müsbət cavab alacaq. Ən böyük nəticə, məncə, bu idi”.

QMİ-dən bildirdilər ki, şeyxülsilamın Moskva səfəri yanvarın 31-də də davam edəcək və şeyxülislam və rəhbərlik etdiyi nümayəndə heyəti Kremldə Rusiya dövlət rəhbərlərinin də qatıldığı təntənəli qəbulda iştirak edəcək.(Musavat.com)

Reaksiya.az

Şərhlər