Prezident Cəlilabad rayonunda bir sıra obyektlərin açılışında iştirak etdi - Yenilənib

11.08.2015 15:31     Sosreaksiya     2377

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində avqustun 11-də Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışında iştirak edib.

Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işi, yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələr uğurla davam etdirilir. Bu gün beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması ilə yanaşı, yerli əhəmiyyətli, rayon və kənddaxili yolların müasir səviyyəyə çatdırılmasına xüsusi diqqət verilir. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, ölkəmizin şəhər və rayonlarında mövcud avtomobil yollarının əsaslı təmiri və ya yenidən qurulması ümumilikdə regionların sosial-iqtisadi inkişafına mühüm töhfələr verir. Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı yolu da bu baxımdan vacib əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon sakinləri Baxış Mustafayev, Lyubov Danilova və Böyükxan Bağırlı respublikamızın bütün bölgələri kimi, Cəlilabadın da inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdilər.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Tikintisinə 2014-cü ilin mayında başlanılan bu yolun inşası yüksək səviyyədə və keyfiyyətlə aparılıb. Yolun istifadəyə verilməsi həmin kəndlərdə yaşayan sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, bu kəndlərin inkişafında da mühüm rol oynayacaq.

Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun inşası üçün dövlətimizin başçısının 2013-cü ildə imzaladığı Sərəncama əsasən Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Tikintinin davam etdirilməsi məqsədilə ötən il imzalanan Sərəncamla isə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılıb.

Avtomobil yolunun ümumi uzunluğu 21 kilometr, eni 8 metrdir. Yol dördüncü texniki dərəcəlidir. Bu yola 130 min kvadratmetrlik ikiqat asfalt döşənib. Altı yaşayış məntəqəsini, o cümlədən Alar, Təzəkənd, Üçtəpə, Əliqasımlı, Cəfərxanlı və Gülməmmədli kəndlərini əhatə edən yol ümumilikdə 23 mindən çox əhaliyə xidmət göstərəcək.

Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar, eləcə də qəsəbə və kəndlərdəki ara yolların müasir səviyyəyə çatdırılması bir daha sübut edir ki, respublikada gedən sürətli sosial-iqtisadi inkişaf hər bir ucqar kəndi də geniş əhatə edir və ölkəmizin bütün vətəndaşlarına bu tərəqqidən pay düşür.

 

15:51

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad rayonunun Göytəpə şəhərinin mərkəzində, Göytəpə çayının sahilində inşa edilmiş Heydər Əliyev adına park-bulvarın açılışında iştirak edib.

Park-bulvarın ərazisində ümummilli lider Heydər Əliyevin bürüncdən abidəsi ucaldılıb.

Bu istirahət məkanının ümumi ərazisi 30 min kvadratmetrdir. Burada iki artezian quyusu qazılıb. Park-bulvarda musiqili fəvvarə, müasir işıq dirəkləri, rahat oturacaqlar quraşdırılıb, 15 min kvadratmetr sahədə yaşıllıq zolağı salınıb. Ərazinin genişləndirilməsi və abadlaşdırılması məqsədilə burada qəza vəziyyətində olan beşmənzilli kommunal yaşayış binası, 69 saylı Cəlilabad-Biləsuvar-Masallı seçki dairəsinin inzibati binası və Göytəpə bələdiyyəsinin yerləşdiyi bina sökülərək başqa ərazidə əvəzi ödənilməklə yeni layihə əsasında tikilir. Bərbad vəziyyətdə olan Göytəpə şəhər xəstəxanası də başqa əraziyə köçürülür.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Parkla tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, tikinti işlərinə ötən ilin mayında başlanılıb. Burada sakinlərin istirahətini dolğun və mənalı təşkil etmək məqsədilə bütün zəruri işlər görülüb.

Son dövrlərdə Azərbaycan Prezidentinin tapşırığı ilə Bakıda və regionlarda parklar və xiyabanlar əsaslı şəkildə yenidən qurulur, yeni istirahət guşələri yaradılır. Bütün bunlar sakinlərin və ölkəmizə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin bir hissəsidir.

Parkın ətrafına 5 min kvadratmetrlik asfalt döşənib, yeni elektrik xətləri çəkilib. Ətrafda bütün evlər və ictimai obyektlər abadlaşdırılıb.

Bu cür layihələrin icrası bir daha sübut edir ki, şəhərlərimizin və rayonlarımızın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır və vaxtında, yüksək keyfiyyətlə yerinə yetirilir.

 

Şərhlər

Çox oxunanlar