Ötən il qanun pozuntularına yol verən bələdiyyələrin adları açıqlanıb - SİYAHI

06.02.2019 12:27     Sosreaksiya     757

 Ötən il 256 ha torpaq sahəsinin qanunsuz olaraq mülkiyyətə, 5657 ha torpaq sahəsinin icarəyə, 8 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında qərarlar Ədliyyə Nazirliyinin təklifləri və ya iddiaları əsasında bələdiyyələr və müvafiq məhkəmələr tərəfindən ləğv edilib.

Bu, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə əksini tapıb.

Sənəddə bildirilib ki, bütövlükdə 5921 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb. Bu da 2017-ci illə müqayisədə 2.2 dəfə çoxdur.

Quba rayonu, Quba bələdiyyəsinin keçmiş sədrinin səlahiyyəti olmadığı halda büdcə vəsaitlərindən qanunsuz istifadə etməsi, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrini dəyərindən ucuz satması nəticəsində bələdiyyə büdcəsinə 549.5 min manat ziyan vurulması faktı üzrə Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

İmişli rayonu Yalavac bələdiyyəsi sədrinin 3 ha torpaq sahəsini real qiymətindən ucuz sataraq pul vəsaitlərini bələdiyyə büdcəsinə mədaxil etməməsi, kənd təsərrüfatı təyinatlı 0.71 ha torpaq sahəsini qanunsuz sataraq dövriyyədən çıxarması, büdcə vəsaitlərinin qanunsuz xərclənməsi nəticəsində büdcəyə 154.6 min manat məbləğində ziyan vurulması faktı üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Balakən rayonunun Qabaqçöl bələdiyyəsində büdcə vəsaitlərinin qanunsuz xərclənməsi, əsassız əmək haqqı ödəmələrinin həyata keçirilməsi, icarə haqlarının və torpaq satışından əldə edilən vəsaitlərin yerli büdcəyə mədaxil edilməməsi nəticəsində bələdiyyə büdcəsinə 90.3 min manat ziyan vurulması faktı üzrə, Biləsuvar rayonu Xırmandalı bələdiyyəsinin sədri tərəfindən bələdiyyə iclasının səlahiyyətlərinə aid edilən məsələlərin təkbaşına həll edilməsi, büdcə vəsaitlərinin qanunsuz istifadəsi və saxta kassa mədaxil orderləri əsasında torpaq sahələrinin satınalınması nəticəsində bələdiyyə büdcəsinə 74.6 min manat məbləğində ziyan vurulması faktı üzrə, Hacıqabul rayonunun Hacıqabul bələdiyyəsində ikili protokollaşdırma aparılaraq fərdi yaşayış evinin tikintisi üçün ayrılan 1.50 ha torpaq sahəsinin dəyərindən ucuz satılmaqla dövriyyədən qanunsuz çıxarılması və təsdiqedici sənədlər olmadan pul vəsaitlərinin xərclənməsi nəticəsində bələdiyyə büdcəsinə 47 min manat məbləğində ziyan vurulması faktı üzrə Korrpusiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri, Bərdə rayonu Samuxlu bələdiyyəsinin sədri tərəfindən büdcədən 31 min manatın qanunsuz silinməsi və 97.3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz göllər yaradılması faktı üzrə Korrpusiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci cinayət işi başlanılıb.

Bundan başqa, Ağcabədi rayonunun Kürdlər bələdiyyəsinin sədri tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin qanunsuz satılması, 71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bələdiyyə qərarı olmadan, hərrac və ya müsabiqə keçirilmədən icarəyə verilməsi və yığılan icarə haqlarının bələdiyyə büdcəsinə ödənilməməsi, artıq əmək haqlarının verilməsi faktları üzrə Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə cinayət işi açılıb.

Qazax, Balakən, Xızı, Bakı şəhəri Sabunçu rayonunun Bilgəh, Quba rayonunun Timirzayev, Kürdəmir rayonunun Sığırlı, Balakən rayonunun Qasbinə və s. bələdiyyələrin vəzifəli şəxsləri barəsində də cinayət işi başlanılıb.

Sənəd Milli Məclisin fevralın 12-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Reaksiya.az

Şərhlər