Hadı Rəcəbli: “Əmək haqları hiss olunacaq dərəcədə dəyişəcək”
12.02.2019 13:25 Sosreaksiya 877
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək, dövlət başçısının sərəncamlarından bəhs etdi.
“Azərbaycanda elə həftə yoxdur ki, cənab prezident tərəfindən sosial məqsədlərə xidmət edən sərəncam imzalanmasın. Belə addımlardan biri də minimum əmək haqqının artırılması ilə bağlı sərəncamdır. Bu sərəncamla əhalinin böyük hissəsi əmək haqlarında hiss olunacaq dərəcədə fərq görəcək”, - deyə H.Rəcəbli bildirdi.
Komitə sədrinin sözlərinə görə, prezidentin mimimum əmək haqqının ehtiyac meyarına çatdırılması ilə bağlı sərəncamı müstəqillik dövründə ilk belə addımdır: “Bu, gələcəkdə əmək haqlarının artırılmasına imkan yaradacaq, vahid tarif cədvəlinin 19 qrafasında əmək haqları hiss olunacaq dərəcədə dəyişəcək. 2007-ci ildə yaşayış minimumu 67 manat, minimum əmək haqqı isə 50 manat idi. Digər illərdə də belə fərqlər var idi. Lakin ölkə başçısının son sərəncamı ilə minimum əmək haqqı yaşayış minimumunu üstələdi. Azərbaycanda sosial müdafiə məqsədlərinə ayrılan vəsaitin həcminə diqqət etsək bu rəqəmlərin nə qədər böyük olduğunu görmək mümkündür”.
Komitə sədri əlavə etdi ki, son sərəncamla şəhid ailələrinə verilən müavinət 58 manat artaraq 300 manata çatdırıldı: “Bəzən biz birbaşa manatla olan müavinəti qavraya bilirik. Amma ölkədə məktəb, yol və digərlərinin tikintisini yetərincə qavramırıq. Bunların da hər biri vətəndaşlara yönəlib. Görülən işlərin, atılan addımların hər biri əhalinin rifah halına istiqamətlənib”.
Şərhlər