13 fevral Azərbaycan tarixində Qarabağ savaşının başlanğıc günüdür

13.02.2019 13:22     Sosreaksiya     1134

Dağlıq Qarabağda yaşayan ermənilər əsassız torpaq iddiaları ilə ilk dəfə açıq müstəvidə, Xankəndi şəhərində 13 fevral 1988-ci ildə nümayişə çıxıblar. 

Əslində cəsarət və cürət anlayışından bixəbər olan bu toplumun nümayiş, mitinq, tətil etmək planları o qədər də real görünmürdü. Çünki sovet rejiminin hələ mövcud olduğu bir dövrdə kütləvi toplantılar, xüsusilə də milli münasibətlər, ərazi iddiası ilə nəzərdə tutulan tədbirlırin keçirilməsi SSRI qanunlarına zidd idi. Və sovet insanı bu cür nümayişləri, tətilləri yalnız televiziyada, informasiya proqramlarının xarici ölkə xəbərləri blokunda seyr edə bilərdi. Hər halda biz belə düşünürdük… 
Amma heç ağlımıza da gəlmirdi ki, erməni millətçiləri Qorbaçovun aşkarlıq siyasətindən və şəxsən özündən qədərindən də artıq yararlanaraq Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı planlarının həyata keçirilməsi üçün bütün vasitələrə əl atacaqlar...

Əvvəlcədən nəzərdə tutulduğu kimi, nümayiş Xankəndinin mərkəzi meydanında keçirilməli idi. O vaxt bu meydan Leninin adını daşıyırdı. Meydana əsas giriş bir neçə istiqamətdən, Kirov prospektindən, vilayət partiya komitəsinin inzibati binasının arxa hissəsindən keçən Atarbekov küçəsindən, “Qarabağ” mehmanxanası tərəfdən isə Tumanyan küçəsindən idi. Səhər saat 9-10 radələrində sadaladığım küçələrdə qrup-qrup insanlar toplaşmışdılar. Hadisələrin canlı şahidi kimi ilk müşahidələrimdən ermənilərin həyəcan, təlaş və xislətlərinə uyğun qorxu içində olduqları açıq hiss olunurdu. Erməni dilini az-çox bildiyimdən aralarında etdikləri söhbətlərdə də bunu sezmək çətin deyildi. Hətta onlar qırmızı parça və adi ağ vatman kağızda hazırladıqları şüarları da bükülü vəziyyətdə saxlamışdılar. Toplaşan insanlar bir neçə müddət meydana daxil olmadılar. Nəhayət, Xankəndi tikinti materialları kombinatının baş direktoru, nümayişin əsas təşkilatçısı olan “Krunk” cəmiyyətinin sədri Manuçarov və ətrafındakı bir neçə erməni fəalı meydanda görünəndə nümayişə cəlb olunanlar da meydana daxil oldular.

Nümayişdə bütün çıxışlar və şüarlar Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi ilə bağlı idi. Əsas isə vilayətin “acınacaqlı” sosial-iqtisadi vaziyyəti göstərilirdi. Təbii ki, belə bir əsasın yersiz və mənasız olduğunu ermənilərin özləri də yaxşı bilirdi. Əgər təkcə son 15-20 ildə Ağdamdan dəmiryolu xətti Xankəndinə çəkilmişdisə, kondensator zavodu Xankəndində tikilib istifadəyə verilmişdisə, Xakəndi elektrotexnika zavodunun, ipək kombinatının yeni filialları açılmışdısa, Xankəndi ayaqqabı fabrikində yeni qurğu və avadanlıqların qurulması nəticəsində istehsal gücü 12 dəfə artmışdısa, tibb texnikumu Xankəndində faaliyyətə başlamışdısa, yeni məktəblər inşa edilmişdisə, "Stokvartirnı" adlanan yerdə böyük müasir yaşayış massivi tikilmişdisə, yol tikintisinə və abadlıq işlərinə ayrılan vəsaitin məbləği hər il artmışdısa, hansı sosial-iqtisadi gerilikdən söhbət gedə bilərdi? Bu təkcə vilayətin inkişafındakı görünən tərəflər idi. Əgər o illərin statistik göstəriçilərinə nəzər salsaq, şahidi olarıq ki, vilayətin inkişafı üçün Azərbaycanın büdcəsindən ayrılan vəsait digər regionlara ayrılan vəsaitlərdən nəzərəçarpacaq dərəcədə çox olub.

Artıq günorta saatlarında nümayiş iştirakçılarının sayı təxminən 500 nəfəri keçmişdi. Heç bir təhlükənin və cəzanın olmadığını görən, arxayınlaşan ermənilərin Dağlıq Qarabağın Ermənistana verilməsinin əsas səbəbini artıq başqa cür də əsaslandırırdılar. Belə ki Qarabağın əzəli erməni torpaqları olduğunu, ermənilərə məxsusluğunu həyasızcasına dilə gətirirdilər. Manuçarovun, Xankəndi ipək kombinatının partiya təşkilatının katibi, Ermənistanın sabiq prezidenti Koçaryanın, Xankəndi Aqrar-Sənaye Kombinatının direktoru Poqosyanın, uşaq şairi Qurgen Qabrelyanın, Ermənistanda fəaliyyət göstərən “Qarabağ” təşkilatının fəallarının qızışdırıcı çıxışları nümayiş iştirakçılarına xüsusi "ilham" verirdi.

Meydan gecələr də boş qalmırdı. Azərbaycanın hesabına zənginləşən ermənilər nümayiş iştirakçılarını isti geyimlərdən tutmuş, ərzaq məhsullarına, siqaretə, spirtli içkilərə qədər təmin edirdilər.

Nümayiş iştirakçıları arasında Xankəndi Pedaqoji İnstitutunun erməni tələbələri xüsusi fəallıq göstərirdilər. Ümumiyyətlə, bu təhsil ocağı yaranan gündən daşnak yuvasına çevrilmişdi. Erməni millətçilərinin azərbaycanlılara qarşı təbliğat maşını bu təhsil ocağında gecə-gündüz öz işini görürdü. Düzdür, bu institutda ermənilərlə müqayisədə sayca az olan azərbaycanlı müəllimlər və tələbələr zaman-zaman onların cavabını veriblər, Nəcəf Quliyev, Xasay Cabbarov, Kamil Quliyev, Zabil Bayramlı, Mirələm Vəliyev, Inqilab Quliyev, Abbas Abbasov, Nəsib Şəfiyev, Yusif Ağayev, Raquf Məmmədov, Eldar Quliyev və adlarını çəkmədiyim digər vətənpərvər ziyalılarımız dayaz düşüncəli, xain xislətli erməni həmkarlarını susdura biliblər, azərbaycanlı tələbələr heç nədən qorxmadan erməni millətçilərinə qarşı mübarizədən çəkinməyiblər. Amm çox təəssüflər olsun ki, Xankəndidə və ümumiyyətlə bütövlükdə vilayətdə muxtariyyat adı altında ermənilərə daha çox sərbəstlik verilib və onlar da bu güzəştlərindən sui - istifadə ediblər.

Bütövlükdə 1988-ci ilin fevral ayı ermənilərin xeyrinə işləyirdi. Azərbaycan rəhbərliyi öz mövqeyini nə Xankəndidə, nə də Moskvada, Kremldə sərgiləyə bilmirdilər. Bəlkə də buna çəhd olunurdu, amma nəticə vermirdi.

Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin məlumatına əsasən, nümayişin əsas təşkilatçıları, insanları milli münaqişəyə cəlb edənləri, başda Poqosyan olmaqla 11 nəfərin həbs olunması qərara alınanda və bu haqda Qorbaçova məlumat veriləndə Qorbaçov qəti etiraz edir və həbsin qarşısı da bununla alınır. Məsələnin bu cür ermənilərin xeyrinə həll olunmasında Kremldə baş katibin köməkçisi statusunda olan Şahnazarovun da böyük rolu olur.

1988–ci il fevralın 23–də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q.Razumovski başda olmaqla Moskvadan gələn nümayəndə heyəti Kamran Bağırov və Azərbaycan KP MK–nın bir neçə büro üzvünün iştirakı ilə DQMV Partiya Komitəsinin büro və plenum iclaslarını keçirdilər. Gevorkov birinci katib vəzifəsindən azad edilərək onun yerinə Dağlıq Qarabağda baş verən bütün hadisələrin əsas təşkilatçılarından biri olan Poqosyan seçildi. Beləliklə, həbsə alınmalı bir şəxs DQMV-nin baş kürsüsünə sahib oldu. Və elə fevralın 25-də partiya komitəsinin fəalları ilə keçirdiyi ilk içlasda o, vilayətin erməni sakinlərinin kütləvi şəkildə ayağa qalxmasını təmin etməyi tələb etdi.

Bununla da həm Xankəndi şəhərində, həm də vilayətin digər yaşayış mətəqələrində nümayişlərin, mitinqlərin, tətillərin yeni dalğası başlandı.

Fevralın 26–da Qorbaçov Azərbaycan və Ermənistan zəhmətkeşlərinə müraciət etdi. Onun müraciətindəki “DQMV–də yığılıb qalan nöqsanlar və çətinliklər az deyil” və “biz müxtəlif ideyaların və təkliflərin açıq müzakirəsindən boyun qaçırmağın tərəfdarı deyilik” ifadələri ermənilərə öz hərəkətlərini daha da fəallaşdırmağa ümid verdi.

Daha sonra isə hadisələr daha acınacaqlı məcraya yönəldi. Vilayətdə yaşayan azərbaycanlılar öz doğma yurdlarından məcburi şəkildə qovuldular. Ermənilər üçün Xankəndidə əsas maneə olan Pedaqoji İnstitutunin Azərbaycan sektorunun və şəhərdəki yeganə milli məktəbimiz olan Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbin fəaliyyəti məcburi şəkildə dayandırıldı.

Beləliklə, 1988-ci ilin 13 fevral tarixi Azərbaycanın tarixinə Qarabağ savaşının başlanğıc günü kimi yazılır.

Reaksiya.az

Şərhlər