İbrahimbəyovun qayıdışı kino ittifaqlarında qarşıdurma yaratdı
21.02.2019 12:28 Sosreaksiya 791
Əli Vəliyev: “Onların oturmağa binası yoxdur, amma deyirlər ki, iclas keçirmişik”; Əli İsa Cabbarov: “”Birmənalı əminəm ki, ortada yeni konflikt ocağı yaratmaq niyyəti var"
“Rüstəm İbrahimbəyovun bura niyə gəldiyi bizə maraqlı deyil. Lakin fəaliyyəti olmayan bir qondarma qurumun sədrinin içki məclisində iclas keçirməsinin özü biabırçılıqdır. Onların oturmağa binası yoxdur, amma deyirlər ki, iclas keçirmişik”.
Bu sözləri “Yeni Müsavat”a Kinemotoqrafçılar İttifaqını(Kİ) mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib.
Kİ sözçüsü qeyd etdi ki, R.İbrahimbəyovun sədrlik etdiyi təşkilatın fəaliyyəti dayandırılıb: “İclas harada təşkil olunub? Mətbuatda yayılmış restorandan fotodan görünür ki, orada kinoya aid adamlar yoxdur. Onda iclası necə keçiriblər? Məclisdəki adamlar onunla dost olanlardır”.
Ə.Vəliyev bildirdi ki, İbrahimbəyovun təşkilatı tanınmır: “Bu gün 2012-ci ildən qanuni fəaliyyət göstərən Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqı var və onun da sədri kino tarixinə möhürünü vurmuş görkəmli aktrisa Şəfiqə Məmmədovadır. Qoy İbrahimbəyov çəkdiyi ”Qafqaz üçlüyü" filmi ilə məşğul olsun. İnsan nə qədər nüfuzlu olursa-olsun, bir ziyalının yazdıqları Azərbaycana, yurduna xələl gətirirsə, kimə lazımdır belə dramaturq, belə ziyalı? Sən öz vətəninə, xalqına, dövlətinə sədaqətli deyilsənsə, onda sənin nüfuzun kimə gərəkdir?"
Kİ rəsminin sözlərinə görə, R.İbrahimbəyov bu yaşdan sonra çətin düzələr: “Deyir ki, Ziyalılar Forumunda qaldırdığımız məsələləri hakimiyyət həll edir. Axı sən kimsən? İnsan vicdanla danışmalıdır. Gözləyirdik ki, 80 yaşında bəlkə vicdanı oyanar. Bundan sonra çətin düzələr. Deyir ki, 150 üzvümüz işsiz qalıb. Onlar ittifaqda işləmir, sadəcə, üzv olublar. Bizim 350-yə yaxın üzvümüz var. Hər bir şəxs müvafiq sənədlə üzvlüyə qəbul edilmir. İdarə Heyətinin iclası keçirilir və orada müraciətə baxılır.
Bu gün Cəmil Quliyev, Vaqif Mustafayev, Ramiz Fətəliyev, Müşviq Hətəmov, Ramiz Əzizbəyli, Ayaz Salayev kimi görkəmli sənətkarlar bizim ittifaqımızın üzvləridir. İl ərzində yubiley gecələri, beynəlxalq tədbirlər keçiririk, filmlər nümayiş olunur, kino dərsləri təşkil edilir.
Bundan əlavə, Rasim Ocaqov təqaüdü təsis eləmişik və ən yaxşı tələbələrimizə verilir. Eyni zamanda kino günü “Nizami” kino mərkəzində nə qədər mükafatlar veririk.
Amma onun hansı tədbirləri, fəaliyyəti olub? Ancaq röyalardan danışırlar. Ümumiyyətlə, kino dəyərli sənətdir. Kino haqda iclası içki məclisində keçirmək özü biabırçılıqdır".
Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinemotoqrafçılar İttifaqının (AKİ) katibi Əli İsa Cabbarov isə “Yeni Müsavat”a bildirdi ki, onlar tam qanuni fəaliyyət göstərən və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, heç bir hüquqi problemi olmayan təşkilat olaraq qalırlar.
AKİ katibinin sözlərinə görə, hazırda təşkilatın Şəkidə istirahət kompleksi fəaliyyət göstərir, yüzdən artıq üzvü var:“Dövlətin görkəmli xalq yazıçıları, xalq artistləri, titullu sənətkarları üzvümüzdür. Üzv olmayan yüzlərlə sənətkarın da dəstəyini görürük. Eyni zamanda illik mükafat təyin etmişik və bu mükafat təkcə şirnikləndirici mahiyyət daşımır. Biz kino ictimaiyyətində gedən prosesləri analiz edirik, peşəkarlığı dəstəkləyirik. Bir daha deyirəm, Azərbaycan Kinemotoqrafçılar İttifaqının heç bir qeydiyyat, sənədləşmə problemi yoxdur, möhürü, ştampı, hər bir sənədi qaydasındadır”.
Ə.İ.Cabbarov söylədi ki, sadəcə, ötən dövr ərzində AKİ sədri R.İbrahimbəyovun Azərbaycana gələ bilməməsi səbəbindən təşkilatın fəaliyyətində intensivlik olmayıb:
“Amma bundan sonra dövlət və kino naminə əlimizdən gələni edəcəyik. Hazırda ittifaqın adında olan ikinci daşınmaz əmlak-Mingəçevirdə Kürün sahilində ”Yaradıcılıq Mərkəzi" anlaşılmaz səbəbdən sökülüb və bu əmlaka görə kompensasiya almaq üçün iş görürük.
Əslində bu müddət ərzində yaradıcı təşkilat olaraq üzləşdiyimiz problemlərin bir xeyri oldu ki, hər şey süzgəcdən keçdi, bu təşkilatdakı insanların kinoya, sənətə və dövlətə sadiqliyi bir daha sübuta yetirildi".
Ə.Vəliyevin fikirlərinə münasibət bildirən AKİ katibi dedi ki, onun dedikləri ilə tanış olub və təəssüf edir: “Birmənalı əminəm ki, ortada yeni konflikt ocağı yaratmaq niyyəti var. Bizi yeni intriqaya cəlb etmək cəhdi müşahidə olunur. Biz bu səyləri dəstəkləmirik. Mən ARKİ-nin rəhbərliyi ilə danışdım, fikir mübadiləsi apardım, Rüstəm bəyin ünvanına səslənən təhqiramiz ifadələrin yersiz olduğunu bildirdim. Mənə bildirdilər ki, açıqlama, sədrimizə qarşı təhqiramiz ifadələr ARKİ-nin mövqeyini əks etdirmir. Məsuliyyət daşıyan adam tənbeh edilib. Ümidvaram ki, bundan sonra belə hallar təkrar olunmayacaq. Mənim Şəfiqə xanıma ustad sənətkar kimi hörmətim var və inanıram ki, qarşılıqlı hörmət şəraitində hər kəs öz fəaliyyətini davam etdirəcək. Ümidvaram ki, bu tipli bəyanatlar olmayacaq. Biz kino adamlarını təşkilati mənsubluğuna görə deyil, peşəkarlıq və istedadına görə fərqləndiririk”.
Şərhlər