Nazirlik meşələrin çəpərlənməsinin səbəbini açıqladı

26.02.2019 15:21     Sosreaksiya     726

Meşə sahələrinin bəzi hissələrinin çəpərlənməsi meşələrin yanğından mühafizəsinə və nəzarətsiz mal-qara otarılmasının qarşısının alınmasına hesablanıb. Bununla, həm yeni əkilmiş tinglərin qorunmasına, həm  meşələrdə təbii meşəbərpa işlərinin getməsinə şərait yaranacaq, eyni zamanda, yanğından mühafizə üçün  qabaqlayıcı tədbir görüləcək. 

Bunu Oxu.Az-ın meşələrin bəzi hissələrində çəpərlənmə aparılacağı ilə bağlı sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Sadiq Salmanov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, dünyanın hər yerində meşə yanğınlarının əsas səbəbi insan faktoru ilə bağlıdır və ötən il Yunanıstanda, Kaliforniyada baş verən güclü yanğınlar və fəlakətlər buna bir sübutdur:

“Təəssüf ki, Azərbaycanda da ötən il insanların ehtiyatsızlığı nəticəsində meşə yanğınları baş verdi. Buna görə meşələrin giriş-çıxışı çox olan sahələrində çəpərlənmə işləri aparılır.

Bir daha bildirirəm ki, meşələrdə çəpərlənmə yalnız zəruri olan sahələrdə aparılacaq və söhbət, əsasən təbii çəpərlənmədən və yalnız az bir hissədə məftil sədlərdən istifadədən gedir. Bu da xüsusilə yeni əkilmiş ərazilərin qorunmasına, yanğından mühafizəyə, təbii bərpanın sürətləndirilməsinə xidmət edir”.

S.Salmanov bildirib ki, ümumiyyətlə, bu təcrübədən dünyanın hər yerində istifadə edilir və normal hal sayılır:

“Milli Meşə Proqramı hazırlanarkən BMT-nin Ərzaq Təhlükəsizliyi və Kənd təsərrüfatı Təşkilatının (FAO) verdiyi tövsiyələrdə də bunlar nəzərdə tutulub”.

Reaksiya.az

Şərhlər