Antibiotiklər həkimləri qarşı-qarşıya qoydu – “PROB” QALMAQALI
28.02.2019 13:04 Sosreaksiya 847
İki gün əvvəl Şabranda faciəvi şəkildə ölən 8 yaşlı Gülnurun həyatını itirməsinin səbəbləri hələ də müzakirə edilir.
Medicina.az xəbər verir ki, Gülnurun ölüm səbəbi kimi ilk olaraq ona antibiotikin "prob”suz vurulduğu və bu səbəbdən komaya düşdüyü göstərilirdi.
Ancaq antibiotiklərin istifadə qaydası ilə bağlı həkimlərin özü belə fərqli fikirlərə sahibdir. Bəzi həkimlərin antibiotiklərin "prob”suz istifadə edilə biləcəyini və dünyada ümumiyyətlə "prob”la bağlı tələbin olmadığını bildirsə də, bir qrup həkim isə "prob”suz antibiotik istifadəsinin xəstədə pis effekt verə biləcəyini onu komaya sala biləcəyini, hətta öldürə biləcəyini deyir.
Pediatr Nigar Sədiyeva Medicina.az-a bildirib ki, dünyada antibiotik istifadəsi zamanı xəstəyə hökmən "prob” qoyulmalı olduğu barədə bir qayda yoxdur: "Dünyada belə bir qəbul edilmiş üsul yoxdur. İstənilən antibiotik vurula bilər və o antibiotikə lokal və ümumi reaksiya ola bilər. Bu reaksiya isə anaflaktik şoka qədər gedə bilər. Heç kim onu öncədən bilə bilməz ki, antibiotikin reaksiya nə olacaq”.
Pediatr Ülvi Əliyev də məsələyə eyni prizmadan baxır. Həkim bədbəxt hadisə ilə əlaqədar Medicina.az-a deyib ki, dünyanın hər yerində antibiotiklər artıq "prob”suz vurulur: "Sadəcə, tibb məntəqəsində və yaxud tibbi təchizatı olan xəstəxanalarda iynə vurulmalıdır. İynə vurulmadan əvvəl 30 və ya 45 dəqiqə həkim nəzarətində olunmalıdır”.
Pediatr Günel Zeynalova isə tamamilə əks fikirdədir. Həkim medicina.az-a açıqlamasında antibiotiklərin "prob”suz istifadəsini riskli hesab etdiyini deyib: "Antibiotik inyeksiyasından ölüm halı ola bilər. Çünki antibiotik zülallı maddədir.Yad cisimdir, alergendir. Orqanizmə daxil olduqda alergik reaksiya törədir. Bəzən antibiotik özü canlı və sintetik olmaqla iki hissəyə bölünür və qeyri-sintetiklər daha tez allergik reaksiyalar törədə bilir. Orqanizmə daxil olanda yad cisim olduğu üçün immun sistemi allergik reaksiya göstərir.”
Həkimin sözlərinə görə, bu zaman xəstənin vəziyyət ağırlaşa bilər. Bu zaman anaflaktik şok - yəni həyat üçün təhlükə yaradan kəskin böhranlı vəziyyət yarana bilər. Bu durum sürətlə inkişaf edərək ağır hemodinamik pozğunluqlar törədir, orqanizmdə dərin hipoksiya yaradır, həyati vacib orqanların zədələnməsi ilə müşayiət edilir”.
Günel Zeynalova deyib ki, anaflaktik şokun əlamətləri boğulma, ürək tənəffüs sistemi çatışmazlığı, mərkəzi sinir sistemi tərəfindən baş ağrıları, baş gicəllənmələri, qarın nahiyəsində ağrı, mədə-bağırsaq sistemində ağrı, arterial təzyiqin enməsi, temperaturun enməsi və s. şəkildə özünü göstərə bilər. Pediatr onu da vurğulayıb ki, antibiotiklərin "prob”suz istifadəsi faciəvi nəticələnə bilər: "Vurulma nahiyəsindən asılı olaraq, əgər parenteral, yəni vena daxili vurulubsa, dərhal iynə vurduqda belə, ölüm verə bilər. Əgər "prob” qoyulmayıbsa, əzələ daxili vurulubsa, bir saat müddətində ölüm verə bilər, peros verilibsə, yəni ağızdan verilibsə, 1-3 saat müddətində ölüm verə bilər. Buna görə də biz hər dəfə tələb edirik ki, antibiotiki vurmamışdan əvvəl "prob” qoysunlar”.
Qeyd edək ki, Gülnur Dadaşovanın ölümü ilə bağlı cinayət Məcəlləsinin 124.1 maddəsi ilə, yəni ehtiyatsızlıqdan adam öldürmə ilə cinayət işi açılıb. Faktla bağlı istintaq araşdırmalarına başlanılıb. Ölümün dəqiq səbəbi isə istintaq başa çatdıqdan sonra məlum olacaq.
Şərhlər