İcra başçısı hesabat verdi - FOTOLAR

04.03.2019 18:03     Sosreaksiya     950

Hesabat yığıncağında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin Sektor müdiri Vəfadar Bağırov, millət vəkilləri, idarə, müəsisə və təşkilat rəhbərləri, şəhər ictimayyətininin nümayəndələri, ziyalılar iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkə həyatının bütün sahələrində böyük nailiyyətlər əldə olunur, vətənimizin iqtisadi qüdrəti daha da artır.  Ölkə başçısının məqsədyönlü və ardıcıl siyasəti nəticəsində Gəncənin də  sosial-iqtisadi həyatının bütün sahələrində inkişaf müşahidə olunur. Bu inkişaf dinamikası 2018-ci ildə də qorunub saxlanılıb, bir sıra yüksək göstəricilər əldə olunub.

Şəhər rəhbəri hesabat məruzsində bildirib ki, 2018-ci ildə şəhərdə istehsal edilmiş ümumi məhsul buraxılışı özündən əvvəlki illə müqayisədə 3,2 faiz artıb. Ümumi daxili məhsulun 71,5 faizi qeyri-dövlət bölməsində istehsal edilib.

 2018-ci ildə şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 376 manat təşkil edib ki, bu da 2017-ci illə müqaisədə  9,9 faiz çoxdur.

 Hesabat dövründə Gəncə şəhər Prokurorluğunun və Gəncə Hərbi Prokurorluğun müasir tələblərə cavab verən yeni inzibati binaları istifadəyə verilib. Gəncə Dövlət Dram Teatrının yeni 500 yerlik binasının və İdman Sarayının inşası aparılır. Bununla yanaşı Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində, 2,5 hektar ərazidə 2 mərtəbəli Baş Dövlət Yol Polis İdarəsinin Gəncə Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin inzibati binasının tikintisi davam etdirilir.

 Gəncənin ayrı-ayrı ünvanlarında yerləşən 182 çoxmənzilli binanın dam örtüyü təmir edilib, çoxmərtəbəli binalarda 168 lift əsaslı və cari təmir olunaraq işlək vəziyyətə gətirilib.  Hesabat dövründə Gəncənin müxtəlif küçə və prospektlərində, o cümlədən Hacıkənd qəsəbəsində 243 ədəd işıqlandırma dayağı yenisi ilə əvəz edilib, 52 ədəd elektrik şkafı, 19 min 165 ədəd işıqlandırıcı quraşdırılıb.

   Şəhərin Nizami Gəncəvi prospekti, F.Əmirov, Bağmanlar, Ş.Bahəddin, Əttarlar, Təbriz, Gəncəvi, Firdovsi, Q.Qarayev, Azərbaycan Bayrağı, İ.Cəfərov, S.Xasayev və digər küçələrində yollar təmir olunub, ümumilikdə 28 km uzunluğunda avtomobil yolu, 50 min kv.metrdən çox səki asfaltlanıb.

 Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, hesabat dövrü ərzində Rayon Məşğulluq Mərkəzlərinə işaxtaran qismində 3 min 944 nəfər vətəndaş müraciət edib. Ötən illər nəzərə alınmaqla işaxtaran vətəndaş kimi qeydiyyatda olanlardan 2 min 655 nəfəri işlə təmin olunub. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünəməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar rayon Məşğulluq Mərkəzləri tərəfindən müxtəlif peşələr üzrə 199 nəfər özünəməşğulluq təlimlərinə cəlb edilib.

 Niyazi Bayramov qeyd edib ki, əhalinin su, qaz və elektrik enerjisi ilə təminatı sahəsində mühüm işlər görülüb. Gəncədə icra olunan və şəhərin su-kanalizasiya xəttlərinin tam yenilənməsini hədəfləyən layihə davam etdirilir. Bunlarla yanaşı təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinə xüsusi diqqət yetirilir.

 1076 şagird yerlik 7 nömrəli tam orta məktəbin binasında əsaslı təmir işləri davam etdiril. Cari ildə 18, 28 və 34 nömrəli tam orta məktəblərin əsaslı təmiri, 7 və 32 nömrəli Körpələr evi-uşaq bağçalarının tikintisi nəzərdə tutulur.  

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Şah Abbas” və “Uğurlu xan” karvansarayının əsaslı təmir və bərpası istiqamətində işlər başa çatdırılıb.

Gənclərlə iş və idman sahəsində əldə olunan nailiyyətlərdən danışan şəhər rəhbəri, 2018-ci ildə Gəncədə müxtəlif mövzularda 165-ə yaxın tədbir və layihə həyata keçirilib ki, bu tədbirlərdə də 22 mindən artıq gənc və yeniyetmə iştirak edib. Gəncə idmançıları hesabat dövrü ərzində 20-si qızıl, 5-i gümüş, 22-si isə bürünc olmaqla ümumilikdə 47 medal qazanıblar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, 2018-ci il ərzində şəhərdə baş verən mühüm iqtisadi dəyişikliklər, dinamik sosial-iqtisadi inkişaf, əldə olunan uğurlar şəhər əhalisinin maddi-rifah halının yaxşılaşdırılmasına, problemlərin aradan qaldırılmasına öz müsbət təsirini göstərib. O qeyd edib ki, Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi  strateji vəzifələrin uğurla və vaxtında həyata keçirilməsi üçün bundan sonra da çalışılacaq, ölkədə, eyni zamanda Gəncədə davamlı iqtisadi inkişafa nail olmaq üçün əməli tədbirlər həyata keçiriləcək, qarşıya qoyulmuş vəzifələrin həlli üçün bütün imkanlar səfərbər ediləcək.

Hesabat yığıncağında Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və başqaları çıxış edərək, ötən il ərzində görülən işlərdən, reallaşdırılan layihələrdən və əldə olunan uğurlardan söz açıblar. 

Bütün məruzələri dinləyən Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin Sektor müdiri Vəfadar Bağırov yekun nitq ilə çıxış edib. O, Azərbaycanın sosial-iqtisadi inkişafından, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlardan, ölkə rəhbərinin imzaladığı sərəncam və fərmanlardan, qəbul olunan dövlət proqramlarından söz açıb. O bildirib ki, bu gün Azərbaycanın bir çox bölgəsində, o cümlədən Gəncədə, Sumqayıtda, Mingəçevirdə sənaye zonaları yaradılır. Sənaye zonaların yaradılması  həm ölkə iqtisadiyyatının inkişafına, həm də əhalinin məşğulluğunun təmin edilməsinə yönəlib. Vəfadar Bağırov bildirib ki, ölkənin 38 şəhər və rayonunda içməli su problemi həll edilib, əlavə 12 şəhər və rayonda bu istiqamətdə iş aparılır. Gəncədə aparılan genişmiqyaslı adablıq-quruculuq işlərini müsbət qiymətlərndirən Vəfadar Bağırov şəhər ictimaiyyətinə müraciət edərək, bu işlərin davamlı olması üçün hər bir şəhər sakinin dəstəyinə ehtiyac duyulduğunu bildirib.

Hesabat yığıncağının sonunda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Reaksiya.az

Şərhlər