Bunun üçün milyardlarla maliyyə ayrıldı - Siyavuş Novruzov

29.03.2019 13:07     Sosreaksiya     720

Qanun layihəsinə səs verəcəm. Prezident dünən müşavirə keçirdi və sığorta ilə bağlı müvafiq göstərişlər verdi. Hesab edirəm ki, bizim müvafiq komitədə də müəyyən qanunlar hazırlanmalıdır. Burada insanların əmlakını sığortalaması və digər hallar nəzərə alınmalıdır. İndi bir hadisə baş verəndə insanların dövlətdən gözləntiləri olur. Son hadisənin dövlətlə əlaqəsi olmasa da, cənab prezident göstəriş verdi ki, yanğınla bağlı ziyan çəkən insanların problemi həll olunsun.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisdə “Sığorta fəaliyyəti haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında danışarkən deputat Siyavuş Novruzov deyib.

“Naxçıvanda elə bir əmlak yoxdur ki, sığortalanmasın. Onun sözlərinə görə, bu səbəbdən də hər hansı bir hadisə baş verəndə insanlar sığorta şirkətlərinə müraciət edirlər və beləcə dövlət problemin yükünü üzərinə götürmədən məsələ həllini tapır”, - deputat bildirib.

Siyavuş Novruzov əlavə edib ki, baş verən hadisələrdən sui-istifadə edən qüvvələr var:

“Bu məsələnin adı altında mitinqlər çağırır, insanları çaşdırırlar. Hər kəsə aydındır ki, ötən ilin aprelindən başlayaraq iqtisadi, sosial, hüquq, məhkəmələrlə bağlı qaldırılan məsələlər prezidentin diqqət mərkəzində olub. Cənab prezident seçkilərdən sonra bildirdi ki, təbliğat dövründə debatlara baxıb və qaldırılan məsələlər öz həllini tapacaq. Məhz bu səbəbdən də qaldırılan problemlərin həlli üçün dövlət büdcəsindən milyardlarla maliyyə ayrıldı.

İndi mitinq keçirmək, 3-5 adamı yığıb nəsə deməklə islahatları öz adlarına çıxmaq istəyənlər var. Onların iki məqsədi var. Birincisi belə yanaşma ilə müvafiq strukturları islahatlardan çəkindirmək, digəri isə dəyişiklikləri öz adına çıxmaq istəkləridir. Bu qüvvələr hələ 90-cı illərdə hər şeydən, milli faciələrdən öz məqsədləri üçün istifadə edib. İmperiya qoşunlarının törətdiyi qırğınlara, habelə Xocalı faciəsinə görə erməniləri deyil, hakimiyyəti ittiham ediblər. İndi də adi yanğın hadisəsindən sonra insanların yanında olmaq, onların dərdinə şərik olmaq əvəzinə bəyan edirlər ki, ayın 6-da mitinqə gəlin, sizə dövlətin dəstək olmasına nail olacağıq. Deyirlər ki, mitinqə gəlin sizə uşaqpulu alıb verəcəyik. Biz ötən dəfə əmək və əhalinin sosial müdafiəsi naziri ilə görüşdük. Məlum oldu ki, uşaq pulu ilə bağlı iş aparılır və bu məsələ öz həllini tapa bilər. Görün, insanları necə çaşdırırlar. Əli Kərimli və Sevinc Osmanqızı islahatları tam başqa səmtə yozurlar”.

YAP İcra katibinin müavini xatırladıb ki, prezident Novruz Bayramı ərəfəsində sərəncamı verib:

“Əfv əsasən insanların və ya onların ailə üzvlərinin müraciəti əsasında verilir. Azərbaycan müstəqil dövlətdir və prezident xalqın maraqlarını həyata keçirir. Ancaq bu qüvvələr durub deyirlər ki, filan təşkilat bəyanat verdiyi üçün bu addım atılıb. Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır və heç bir dövlət də Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Bəzən araşdırılmadan, problemi öyrənilmədən bəyanatlar verilir. Biz ikili standartı uzun müddətdir ki, müşahidə edirik. Ermənistanda partiya sədri aclıq aksiyası keçirib vəfat etdi. Bu ölkədə 9 nəfər güllələndi. Ancaq biz bəyanat verilməsi halını müşahidə etmədik. Azərbaycan dövləti Azərbaycan xalqının yanındadır və bunu Cənab Prezident hər dəfə göstərir”

Reaksiya.az

Şərhlər