DEPUTAT SƏRT DANIŞDI: “CƏMİYYƏTİMİZƏ VURULAN ZƏRBƏDƏ ƏLİ OLANLAR CƏZALARINI ALMALIDIRLAR”

12.04.2019 13:18     Sosreaksiya     898

“Çünki insanlara mənşəyi məlum olmayan ət yedirtmək genefondun sağlamlığına olduqca ziyandır”

"Bəzi xalqlar at ətini yeyirlər, amma Azərbaycan adət-ənənələrində belə hal yoxdur”.
 
Bu sözləri "Sherg.az”a millət vəkili Tahir Kərimli deyib.
 
Deputat bildirib ki, ölkəmizdə mənşəyi məlum olmayan ətlərin satışını həyata keçirənlər mütləq məsuliyyətə cəlb olunmalıdır:
 
"Başa düşmək lazımdır ki, Azərbaycanda kimsə xəbəri olmadan at əti yeyibsə, bunu biləndə həmin şəxs psixoloji olaraq zərbə alır. Bu amil insanların səhhətinə və psixologiyasına ciddi ziyandır. İlk öncə bu məqamlara diqqət yetirmək lazımdır.
 
Azərbaycanda hüquq sisteminin mənbəyi məhz bizim adətlərimizdir. Mal əti kimi qəbul edilsə də, mənşəyi məlum olmayan ətlərin satışı əhalinin mənəvi və fiziki sarsıntı keçirməsinə səbəb olur. Şübhəsiz ki, bu əməlləri törədənlər məsuliyyətə cəlb olunmalıdırlar. Hesab edirəm ki, müvafiq orqanlar bu məsələ ilə ciddi maraqlanmalıdır. Bu hələ yaxşı haldır. Bəzən ümumiyyətlə, mənşəyi bəlli olmayan ətlər də dövriyyəyə buraxılır. Adətən belə ətlər kolbasa və digər məhsulların hazırlanmasında istifadə olunur. Çox eşitmişik ki, Hindistandan, Avstraliyadan qocalmış, xəstə və dəyərini itirmiş heyvan ətləri emal olunur. Belə ətlər xeyirli komponentlərini itirəndən sonra emal sənayelərinə verilir. Daha sonra isə müəyyən ədviyyatlarla neytrallaşdırılır və əhaliyə satılır. Bütün bunlar hüquqi baxımdan cinayət məsuliyyəti hesab olunur. Çünki belə hallar genefondun sağlamlığına olduqca ziyandır. Cəmiyyətimizə vurulan zərbədə əli olan hər kəs layiq olduğu cəzanı almalıdır”.
 
Qeyd edək ki, Xaçmazda yararsız at əti aşkarlanıb. Əlahiddə Polis Taboru əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birlikdə reyd keçirib. Reyd zamanı B.Qanbayevin idarə etdiyi "Opel” markalı avtomobilə baxış zamanı çəkisi 330 kiloqram at əti aşkar edilərək götürülüb.
 

Şərhlər