“Una üyüdülmüş sümük qatılırmış” - Ekspert təsdiqlədi, QTA “araşdırırıq” dedi…

12.04.2019 14:55     Sosreaksiya     1037

Xəbər verdiyimiz ki, Cəlilabad rayonunda un kisəsindən heyvan sümüyü çıxıb. Rayonun Şatırlı kənd sakinləri aldıqları 50 kq-lıq un kisəsindən iribuynuzlu heyvanın diz hissəsinə aid sümük aşkar ediblər.

Qeyd edək ki, sözügedən un kisəsinin istehsalçısı Xızı rayonu Giləzi qəsəbəsində yerləşən "Fatoğlu" şirkətidir.

Sfera.az bildirir ki, məsələ ictimailəşdikdən sonra mövzuyla bağlı həm sosial şəbəkələrdə, həm də mətbuatda müxtəlif rəy və mülahizələr səsləndirilib. İddialardan biri isə budur ki, istehsalçılar unun tərkibinə üyüdülmüş heyvan sümükləri qatırlar, görünür, bu dəfə sümüyü üyütməyi unudublar. Mövzunun aktuallığını nəzərə alaraq, bu kimi iddiaların nə dərəcədə doğru olub, olmadığını araşdırmaq qərarına gəldik.

 

Qida Təhlükəsizli Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva məsələ ilə bağlı Sfera.az-a verdiyi açıqlamasında bildirib ki, problemdən xəbərdardılar və hazırda agentliyin əməkdaşları məsələni araşdırırlar: "Tədqiqat başa çatdıqdan sonra ictimaiyyətə bu barədə geniş məlumat veriləcək".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Sfera.az-a verdiyi açıqlamada söyləyib ki, aşkarlanan fakt ciddi sanitar və istehsal pozuntusudur: "Ərzaq məhsulunun içərisindən kənar əşya çıxırsa bu, o deməkdir ki, həmin məhsulun istehsalında sanitar normalara əməl olunmayıb. Bu fakt onu göstərir ki, məhsulun istehsalı zamanı qaydalara əməl olunmayıb”.

Ekspert una sümük qatılması haqda iddiaların yeni olmadığını, hələ SSRİ zamanında da insanlar arasında yayıldığını bildirib. "O vaxtlar xüsusi insan qrupları vardı ki, onların işi sümük yığmaq idi. Həmin şəxslərə topladıqları sümüyün qarşılığında daraq, sancaq kimi xırda məişət əşyları verirdilər. Bu kimi hallar insanlarda haqlı şübhələr yaradırdı ki, sümüyü üyüdüb una qatırlar. Dediyiniz fakt da onu göstərir ki, deyilənlər heç də şayiə deyilmiş”

Reaksiya.az

Şərhlər