Nazirlik döyüldüyü deyilən şagirdin səhhəti ilə bağlı məlumat yaydı

12.04.2019 15:03     Sosreaksiya     779

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Bakının Qaradağ rayonunda yerləşən 321 nömrəli tam orta məktəbin şagirdi, bu gün müəllimi tərəfindən döyüldüyü deyilən Aqşin Hüseynzadəyə baş çəkib.

ONA-nın xəbərinə görə, bu barədə C. Valehov sosial şəbəkədəki səhifəsində məlumat verib.

O bildirib ki, hazırda A. Hüseynzadə evlərinə gedir: "Həkimlərin rəyinə görə, sağlamlığı ilə bağlı xüsusi problem yoxdur. Araşdırma aparıldıqdan sonra əlavə məlumat veriləcək".
Qeyd edək ki, bu gün Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə qeydə alınıb. Məktəbin müəllimi şagirdi döyüb. Döyülən şagird xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən ONA-ya bildirilib ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə beyin travması diaqnozu qoyulub.

 321 nömrəli tam orta məktəbdən ONA-nın sorğusuna verilən cavaba görə, aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb. Şagirdin halı pisləşdiyi üçün başı dəyib: "Sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib. Məktəbə təcili-tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib".

Məlumatda bildirilir ki, şagirdin güclü baş ağrıları olduğu üçün, valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.

Reaksiya.az

Şərhlər