Azərbaycanda normal yaşamaq üçün maaş nə qədər olmalıdır? - EKPERT AÇIQLADI
15.04.2019 12:31 Sosreaksiya 1061
"Azərbaycanda bir insan normal həyat sürmək üçün ayda minimum 1000 manat qazanmalıdır”
Sfera.az-a açıqlamasında bunu ölkəmizdə "ləyaqətli həyat səviyyəsi” üçün nə qədər qazancın olmasının vacibliyi məsələsinə toxunarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib: "Bir çox ölkələrdə minimum orta səviyyədə yaşamaq üçün indiqatorlar müəyyənləşib. Ay ərzində hansı mal və xidmətlərin alınması, rahat dincəlmək, sağlamlıq məsələsinin həlli üçün müəyyən indiqatorlar qoyulur. Bu indiqatorlar vasitəsilə hesablamalar aparılır və müxtəlif ölkələrdə müxtəlif rəqəmlər alınır”.
Azərbaycanda minimum əmək haqqının 180, orta aylıq əmək haqqının isə 560-580 manat arasında dəyişdiyini xatırladan ekspert hesab edir ki, hesablamaların aparılması ciddi indiqatorlara ehtiyac var: "Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da hökumət və qeyri-hökumət təşkilatlarındakı mütəxəssislər tərəfindən belə bir indiqator hazırlanmalıdır. Bir insanın Azərbaycandakı indiki qiymətləri, səhiyyə xidmətlərini, bir çox hüquqlarını, dincəlmək, öz üzərində işləmək, təhsilini daha da artırmaq hüququnu, mədəni istirahətə vaxt və zaman ayırmağı da nəzərə alaraq, bu sahədə ciddi hesablamalar aparmağa ehtiyac vardır. Ümumilikdə ətraf ölkələrdəki, həm də Azərbaycandakı qiymətləri nəzərə almaqla ölkəmizdə bir insanın normal yaşaması üçün onun ayda azı 1000 manat qazanması, maaş alması lazımdır ki, orta səviyyəli ehtiyaclarını ödəmək, öz üzərində işləməklə əsas ehtiyaclarını ödəyə bilsin. Yəni düşünürəm ki, Azərbaycan insanının ləyaqətli yaşaması üçün minimum 1000 manat civarında aylıq qazancının olması vacibdir”.
Qeyd edək ki, Azərbaycanda minimum əmək haqqı artırılaraq 180 manata çatdırılıb. Bundan başqa, ölkəmizdə orta aylıq əmək haqqı 560 manat civarındadır.
Şərhlər