Uşaq bağçalarına qəbul qaydası dəyişdi

23.04.2019 12:35     Sosreaksiya     776

Bakıda uşaq bağçalarına qəbul elektron qaydada həyata keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, bununla bağlı icra hakimiyyətində keçirilən müşavirədə qərar qəbul olunub.

Bildirlir ki, paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi, uşaqların müəssislərə qəbulunda şəffaflıq və digər məsələlərə həsr olunub. Müşavirədə həmçinin paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin avadanlıq və inventarlarla təchizatı, təlim-tərbiyə prossesi zamanı mövcud təlimatlara, tədris proqramlarının tələblərinə əməl olunmasının vəziyyəti, uşaqların qidalanması, ən əsası isə pedaqoji işçilərin yerləşdirilməsi və bu gün bir çoxlarını narahat edən məsələ olan bağçalara uşaqların qəbulunun şəffaf, neqativ hallara yol verilmədən aparılması müzakirə olunub.

Rəhbər işçilərə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunda neqativ hallara yol verilməməsi ilə bağlı ciddi xəbərdarlıq edilib, bildirilib ki, qəbul məsələləri nəzarətə götürülüb və bağçalara qəbulun elektronlaşdırılması işləri artıq bu ilin sonuna kimi həyata keçiriləcək.

Bu il BŞİH tərəfindən paytaxtda təmirə ehtiyacı olan bağçalar müəyyənləşdirilib və artıq yay aylarında bir sıra bağçalarda təmir işlərinin görülməsi planlaşdırılıb.

Qeyd edək ki, hazırda paytaxtda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Reaksiya.az

Şərhlər